Sürücülər bu avtomobillərə yol verməlidir -   YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

Sürücülər bu avtomobillərə yol verməlidir - YENİLİK

Sosial

01 May 2026 12:42 120


Milli Məclis prokurorluq orqanlarına məxsus nəqliyyat vasitələrinin operativ kateqoriyaya daxil edilməsini son oxunuşda qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Dəyişikliyə əsasən, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək hadisə yerində təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri də operativ nəqliyyat vasitəsi hesab ediləcək.

Sənəddə vurğulanıb ki, dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.

Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.

Qeyd olunub ki, dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!