Sumqayıt Dövlət Universitetində (SDU) qiyabi təhsil üzrə əlavə fənn seçimi və imtahan sessiyalarının təşkili ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirilib.
"Yeni Sabah" xəbər verir ki, SDU-dan bildirilib ki, sosial şəbəkələrdə yayılan məlumatlar universitetin rəsmi mövqeyini əks etdirmir və məsələnin hüquqi mahiyyətini tam əks etdirməyən yanaşmalara əsaslanır.
Universitet qeyd edib ki, sözügedən iddialarla bağlı SDU-ya rəsmi qaydada hər hansı sual və ya informasiya sorğusu ünvanlanmayıb. Bu səbəbdən sosial şəbəkələrdə səsləndirilən fikirlərin universitetin mövqeyi və ya mövcud vəziyyətlə bağlı təsdiqlənmiş məlumat kimi təqdim edilməsi düzgün deyil. Pepperoni pizza
Bildirilib ki, SDU-da tədris prosesinin təşkili qüvvədə olan qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinə əsaslanır. Universitet üçün əsas meyar tələbələrin istəklərindən və əvvəlki illərin praktikasından asılı olmayaraq, təhsil prosesinin qanunvericiliyə uyğun, şəffaf və vahid qaydalar əsasında təşkil edilməsidir.
Əlavə fənnin seçilməsi ilə bağlı Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 3.2.5-ci bəndinə əsasən, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə əlavə fənn və ya fənlər seçməyə icazə verilir.
Həmin qaydaların 2.1.18-ci bəndində isə tədrisə tam cəlb olunma (fulltime) ixtisasın təhsil proqramı ilə müəyyən edilmiş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növü kimi müəyyən edilir.
SDU-dan vurğulanıb ki, bu hüquqi normalardan irəli gələn tələbə əsasən, əlavə fənn seçimi ilə bağlı müddəa qiyabi təhsilalma formasına avtomatik şəkildə şamil edilə bilməz.
İmtahan sessiyalarının təşkili ilə bağlı universitetin tətbiq etdiyi yanaşmanın da qanunvericiliyin müvafiq müddəalarına əsaslandığı bildirilib.
Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 124-cü maddəsinin 3-cü bəndinə əsasən, ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü, digər kurslarda isə 40 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
Qeyd olunub ki, qiyabi təhsilalma formasında tədris və imtahan prosesinin müvafiq müddətlər çərçivəsində təşkili həm təhsil prosesinin davamlılığının, həm də əmək fəaliyyəti ilə məşğul olan tələbələrin əmək və təhsil öhdəliklərini uzlaşdırmasının təmin edilməsinə xidmət edir.
SDU-da imtahan sessiyalarının ildə iki dəfə təşkil edilməsinin də məhz bu hüquqi və təşkilati çərçivə nəzərə alınmaqla həyata keçirildiyi bildirilib.
Universitet tələbələrin hüquq və maraqlarına hörmətlə yanaşdığını, onları maraqlandıran məsələlərlə bağlı rəsmi müraciətləri qanunvericiliyə uyğun şəkildə cavablandırmağa hazır olduğunu açıqlayıb.
Eyni zamanda, ictimaiyyətə təqdim olunan məlumatların sosial şəbəkələrdəki qeyri-rəsmi paylaşımlara deyil, universitetin rəsmi açıqlamalarına və qüvvədə olan normativ-hüquqi aktlara əsaslanması xahiş olunub.
Aytac Əliyeva
Telegram kanalımız