Videoda ağlayan təxribatçının kimliyi dəqiqləşdi - Şok faktlar
17 İyl 2020 09:05
7521

Videoda ağlayan təxribatçının kimliyi dəqiqləşdi - Şok faktlar

Bakıda ordumuza dəstək üçün yürüş keçirilən zaman təxribat xarakterli məlumatlar yayan və bu səbəbdən “Azərbaycan dilini bilən erməni” kimi qələmə verilən Rəşad Məmmədov barəsində hər keçən gün yeni-yeni məlumatlar üzə çıxır.

Adının hallanmasını istəməyən Almaniyadakı mühacirlərimizdən biri “Yeni Müsavat”a bunları deyib: “Bu şəxs müsavatçı Mehdi Xəlilbəylinin sürücüsü olub. Xatırlayırsınızsa, bir müddət öncə Mehdi Xəlilbəyli mühacir alverində adı hallandığı üçün həbs olunmuşdu. O, Rəşad Məmmədovdan insanlardan pul yığmaq, saxta vəsiqə düzəltmək işlərində istifadə edirdi. Bir növ bu şəxs Mehdi Xəlilbəylinin ”qara kassası" idi. Biləndə ki, mühacir alverinə görə Almaniya prokurorluğu araşdırma aparır, polislə əməkdaşlığa getdi ki, guya bu işlə əlaqəsi yoxdur. Amma Rəşad Məmmədovun mühacir alverində iştirakçı olduğunu burada hər kəs bilir. Onun oturum izni yoxdur. Onun belə video çağırışlar etməkdə məqsədi məhz buradan qaynaqlanır. Belə müraciət etdi ki, media orqanlarında hamı bundan yazsın, telekanallar məlumatlar yaysınlar, hədələnsin.

O da həmin məlumatları yığıb Almaniyanın Miqrasiya İdarəsinə göndərsin ki, baxın məni deportasiya etmək istəyirsiniz, getsəm təzyiqlərlə üzləşəcəm. Bu adamın əslində məqsədi budur. Oturum almaq üçün hoqqalar çıxarır. Gərək onunla bağlı məlumatlar tirajlanmayaydı. İndi deyəcək ki, Azərbaycanda ölümlə hədələnirəm, məni göndərsəniz, həbs olunacam".

Qeyd edək ki, R.Məmmədovun adı Müsavat Partiyası ilə hallanır. Hətta onun Azərbaycandan bu partiyanın vasitəsilə Almaniyaya getdiyi və orada Müsavat Avropa Koordinasiya Mərkəzinə (AKM) üzv yazıldığı iddia olunur.

Müsavat AKM-in rəhbəri İlham Həsən: “Almaniyada Müsavatla bağlı bir iş başlanmayıb. Bu Rəşad bəzi müsavatçılardan və digər müxalifət üzvlərindən şikayət edib. Onu Almaniyaya göndərən, maliyyələşdirən və müxalifəti şantaj etdirən bir klandir. O tək deyil, bir qrupun üzvüdür. Onun adamları şərləməkdən başqa fəaliyyəti yoxdur. Əlaqədə olduqları da Surətin, Ələkrəmın adamlarıdır. Onun heç bir zaman Müsavatla əlaqəsi olmayıb. Amma Mehdi Xəlilbəylinin kəndçisi olduğunu deyirlər və Mehdinin yanında şoferlik edib. Sonra dalaşıb ayrılıblar. Deyilənə görə, bura gəlməmişdən AXCP-də olub, amma dəqiq bilmirəm. Qaldı o şikayətinə, özü o vaxt belə söz işlətmişdi ki, məni deport edirdilər, şikayət etdim ki, bir az şahid kimi vaxt qazanım. Amma onun özünə alman prokurorluğu cinayət işi açıb. Əslində onu hərəkətə keçirən Bakıdakı klan oldu”.

Vaxtilə Müsavatda başqan müşaviri olan siyasi şərhçi Yeganə Hacıyevanın da fikirlərini aldıq: “2014-cü ildən sonra partiya daxilində həmişə ancaq məhdud fərdi maraqlara xidmət edən, intellektual səviyyəsi çox zəif olan, partiya fəaliyyəti və siyasi prosesləri ancaq öz qrup maraqları çərçivəsində dəyərləndirən, partiyada ən zəifi amma ən qaragüruh bir zümrə rəhbərliyə gəldi. Belə bir qaraguruh qrupun partiyanı daxili qruplaşma üçün bir alət edəcəyi aydın idi və bu belə də oldu. Məhz həmin qruplaşmanın Müsavat Partiyası üçün verdiyi ən böyük töhfə Şərqdə ilk müsəlman demokratik partiyanın adının Avropada qara mühacir biznesində hallanması, partiyanın siyasi təşkilat deyil, qara miqrasiya ilə məşğul olan mütəşəkkil bir qrup olmasına gətirib çıxardı. Bu şəxsin Almaniyada Müsavata açılan bilet qalmaqalı ilə bağlı cinayətdə şahidlik etdiyi deyilir. Görünən odur ki, Müsavata bağlılığı var. Bunun özü biabırçılıq deyilmi?”.

Siyasi şərhçi fikirlərini bu cür davam etdirdi: “Bakıda baş verən orduya dəstək yürüşü fonunda təxribat xarakterli video yayan, ilk olaraq erməni olduğu deyilən, sonra Müsavat Partiyasının üzvü kimi Avropada mühacirət alan Rəşad Məmmədovun açıqlamasına görə məlumatları guya Müsavat Partiyasından alıb. İnternet resurslarında ingilisdilli məqalələrdə onun Müsavata bağlılığı və Almaniyada Müsavata açılan mühacir cinayət işi ilə bağlı əsas şahid və zərərçəkən olması haqqında məqalələr var. Bunun fonunda isə Müsavatın reaksiyası qənaətbəxş sayılmaz. Burada bir haşiyə açım ki, mən şəxsən bu təxribatçının istər Almaniyadakı cinayət işində, istərsə də bugünlərdəki təxribatında erməni izinin olması qənaətindəyəm. Məsələ ondadır ki, 2013-cü ilə qədər Almaniya Müsavat Partiyasının xarici əlaqələrinin ən dərin olduğu ölkələrdən biri idi və bu ölkədə çoxlu sayda siyasilərın Dağlıq Qarbağ konflikti ilə bağlı ermənilərin əleyhinə çıxışları olmuşdu. Bu cinayət işi Azərbaycandan olan bir siyasi partiyanın xaricdə Azərbaycanın maraqlarına xidmət edən bir xəttini birdəfəlik bağladı deyə bilərik. Burada əlbəttə əsas olaraq yenə də belə bir faktların mövcud olması idi, yəni bilet satışı olmasa idi, bu cinayət də olmayacaqdı. Nə onda, nə də indi partiya rəhbərliyi buna anlayışlı və arqumentli bir açıqlama verə bilmədi. Bugünlərdəki təxribat isə birbaşa Azərbaycanda panika yaranması və əhalinin təşvişə düşməsinə xidmət edirdi. Bu isə ermənilərin 90-larda apardığı təxribatlar silsiləsindən idi. Fikrimcə Müsavat partiyası rəhbərliyi bu məsələyə aydınlıq gətirmək üçün geniş açıqlama verməlidir, aidiyyəti qurumlar isə bu şəxsin təxribatçı fəaliyyətinə görə məsuliyyət daşımasını təmin etməlidirlər”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər