Vilayət Eyvazov bütün polislərin qarşısında tələb qoydu
21 İyl 2020 19:06
43481

Vilayət Eyvazov bütün polislərin qarşısında tələb qoydu

Bu gün Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub. 

“Yeni Sabah” xəbər verir ki, müşavirədə çıxış edən nazir, general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarının və Daxili Qoşunların ötən 6 ayda böyük bir iş həcmini yerinə yetirdiyini və bir çox istiqamətlərdə müsbət nəticələr əldə etdiyini vurğulayıb. Xidməti fəaliyyətdə innovasiyaların tətbiqi üzrə həyata keçirilən tədbirlərlə “Karantin dövründə buraxılışların qeydiyyatı”, “Mobil Axtarış Portalı”, “Yoxlamaların vahid məlumat reyestri”, “Ezamiyyətlərin qeydiyyatı”, Polis Akademiyasında “Elektron imtahan” informasiya sistemlərinin yaradılaraq istimara verildiyini, eləcə də bir sıra infrastruktur yeniliklərinin həyata keçirildiyini nəzərə çatdırıb.  

Daxili İşlər naziri ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət olunmasına nəzarət tədbirləri çərçivəsində yoluxanların karantinə yerləşdirildiyi  35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsinin davam etdirildiyini bildirib. Həmçinin, xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görüldüyünü, onlardan 788 nəfərin həbs edildiyini, 193 min 560 nəfərin, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfərin cərimələndiyini qeyd edib.  

V.Eyvazov bildirib ki, Dövlət Başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva tərəfindən daxili işlər orqanlarının və daxili Qoşunların fəaliyyəti həmişə yüksək qiymətləndirilib. O, polisin peşə bayramı ərəfəsində 26 əməkdaşın dövlət mükafatına layiq görüldüyünü, rəhbər vəzifəli 3 şəxsə ali xüsusi rütbələr verildiyini məmnunluqla xatırladıb.

Sonra hesabat məruzəsi ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov çıxış edib.

Məruzə ətrafında çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Teymur Hacıyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Sərdar Səfərov və digərləri hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda, fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı planlaşdırılan konkret tədbirlər barədə məruzə ediblər.

İclasa yekun vuran Daxili İşlər naziri Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcudluğunu nəzərə çatdıraraq müşavirə iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına və qarşıda duran vəzifələrə yönəldərək konkret tapşırıq və tövsiyələrini verib.

Nazir cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər