YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? -   SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

YAP-ın MSK-ya göndərdiyi yeni şəxslər kimlərdir? - SİYAHI

Siyasət

22 Aprel 2026 12:31 639


Hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlərini müəyyənləşdirib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, siyahıda 3 yeni şəxsin adı yer alıb.

Bunlar Məmmədov Elmar Eldar oğlu, Mustafayeva Elnarə Eyyub qızı və Abdullayeva Sevinc Qurban qızıdır.

Elmar Məmmədov hazırda YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin əməkdaşıdır. 

Elnarə Mustafayeva hakim partiyanın Yasamal Rayon Təşkilatının sədr müavini vəzifəsində çalışır.

Sevinc Abdullayeva isə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri müavini postunu tutur.

Qeyd edək ki, aprelin 22-də YAP İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda MSK üzvü seçilmək üçün hakim partiyanın namizədlərinin Milli Məclisə təqdim edilməsi məsələsinə baxılıb.

YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul edilib. 

Xatırladaq ki, MSK-nın hazırkı tərkibi 2021-ci ilin aprel ayının 27-də seçilib. Mövcud qanunvericiliyə görə, komissiyanın səlahiyyət müddəti 5 ildir. Odur ki, aprelin 27-də komissiyanın yeni tərkibi seçilməlidir. Seçki Məcəlləsinə görə, MSK-nın 18 yerlik tərkibinin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olan partiyaların təqdim etdiyi siyahı əsasında formalaşdırılır. Hazırda Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. Ona görə də MSK-da 6 yer YAP-ın təmsilçilərindən ibarət olacaq, 6 yer azlıqda olan digər 10 partiyaya məxsusdur. Həmin partiyalar 6 namizədi öz aralarında müəyyənləşdirməlidirlər. MSK üzvlüyünə 6 namizədi isə parlamentdəki bitərəf deputatlar təqdim edəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!