Yanvar-sentyabr aylarında işçilərə ödənilməsi gecikdirilən 548 min 443 manat vəsaitin geri qaytarılması təmin edilib. Qanunsuz olaraq işdən çıxarılan 69 nəfər isə əvvəlki iş yerlərinə bərpa olunub.
Bu barədə "Yeni Sabah"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar zamanı işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərin gecikdirilməsi halları aşkarlanıb. Görülən tədbirlər nəticəsində 548 min 443 manat vəsaitin işçilərə ödənilməsi təmin edilib. pizza
Həmin məbləğin 90 faizi əməkhaqqından, 10 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Bundan başqa, müraciətlərin araşdırılması zamanı 69 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin müdaxiləsindən sonra həmin şəxslərin əvvəlki iş yerlərinə bərpası təmin olunub.
Aytac Əliyeva
Telegram kanalımız