16 nəfərin yaşadığı kənddən – Reportaj

16 nəfərin yaşadığı kənddən –
İyun 12, 2019
Oxunma sayı: 191

Qusardan bu kəndə yalnız sovet UAZ-ı, ya da Qaz-66 ilə getmək olar: keçilməz dağ yollarına ancaq bu maşınlar tab gətirirmiş. Hələ o da mövsümündən asılıdır; yağış-qar yağanda yalnız Qaz-66 yolun öhdəsindən gələ bilir.

Yerği-kek kəndi dəniz səviyyəsindən 2370 metr yüksəklikdə yerləşir, bu da onu Azərbaycanın ən ucqar kəndlərindən biri edir.

Hündürlüyə doğru qalxdıqca maşında tarazlığı qorumaq qeyri-mümkündür. Gərək oturacaqdan və ya tutacaqlardan ikiəlli yapışasan. Və bu hal saatlarla davam edir.

Daşlı-kəsəkli palçıqlı yol bitmək bilmir, üstəlik, getdikcə yolda təhlükənin artdığını hiss edirsən. Artıq maşının içində hardansa ikiəlli yapışmaq da dada çatmır.

Sürücümüz deyir ki, onlar bu yolların çətinliyinə alışıb. Amma BBC News Azərbaycancanın müxbirləri Yerği-kek kəndinə səfərlərini yağışsız-palçıqsız bir vaxta saxlamağı qərar verirlər.

16 nəfərlik kənd

Qusarın təxminən 60 kilometrliyində Yerği-kek kəndində qış aylarında təxminən 16 nəfər yaşayır, yay aylarında sakinlərin sayı bir az artıb 30-40-a çatır.

Məsafədən çox keçilməz yollar kənd sakinlərinə rayon mərkəzlərinə, ətraf kəndlərə gedib-gəlmək çətinliyi yaradır, üstəlik, məktəb, xəstəxana, zəruri ərzaqla təminat kimi məsələlərin də öhdəsindən gəlmək lazımdır.

Kənddə məktəb yoxdur, təhsil almaq istəyən uşaqlar isə Qusarın mərkəzinə və ya başqa kəndlərdə yaşayan yaxın qohumların yanına göndərilir.

"Bu kənddə qalanlar ya məktəb yaşını keçmişlər, ya da məktəb yaşına çatmamışlardır. Kimin rayonda qohumu var, uşaqları ora göndərir, kimin imkanı yoxdur getmir. Məcburiyyətdən".

Yerği-kek sakini Elşad Şaverdiyev belə deyir. O, özü də 5-ci sinifə qədər Qusarın mərkəzində təhsil aldığını, daha sonradan imkansızlıq səbəbindən təhsilini yarımçıq qoyduğunu deyir.

O, illər sonra imtahan verərək attestat ala bilib.

Palçıqlı yol da çətindir, palçıqsız da...

Hazırda kənddə bələdçi kimi çalışan Elşad Şaverdiyev deyir ki, kənddə əsas məşğuliyyət qoyunçuluq və əkinçilikdir. Buraya heç vaxt asfalt yol çəkilməyib.

"25 yaşım var, bu vaxta kimi o yolun təmir olunduğunu görməmişəm. Qışda maşın sürmək olmur. İyun ayında düzəlir. Qış aylarında şəhərə getmək istəyən olsa, bir gün əvvəldən kənd sakinləri toplaşıb yolu açmalıdır, əgər yola düşənə qədər külək əsib yolu bağlamasa, aşağı düşmək olur", o danışır.

Onun sözlərinə görə, yollarda hərəkət palçıq olanda da çətindir, olmayanda da.

Tibb məntəqəsi olmayan kənddə hamilə qadınlar bir neçə ay əvvəldən başqa kənddə və ya şəhərdə yaşayan qohumlarının yanına getməlidir. Yolların bərbadlığı qəfil xəstələnən adamların səhhətinə də təhlükə törədir.

Üstəlik, yollar keçilməz olduğundan Qusarın mərkəzinə gedib-gələn maşına 100-120 manat xərc çəkməlisən.

"Şagird sayı azdır, məktəb açmağa ehtiyac yoxdur"

Qusar Rayon İcra Hakimiyyətinin sözçüsü Elman Mustafayev deyir ki, Yerği-kek kəndi kiçikdir, şagird sayı azdır, ona görə də orada xüsusi məktəb açmağa ehtiyac yoxdur.

"Qusarda 90 yaşayış məntəqəsi var, onlardan 79-da məktəb, 39-da tibb məntəqəsi var".

İcra hakimiyyətinin sözçüsü hesab edir ki, "hər 12 nəfərlik kənddə kitabxana, tibb məntəqəsi və ya məktəb açmaq olmaz".

Yol üçün pul ayrılıb, amma...

Bu ilin aprelində prezident İlham Əliyev Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə bağlı ilkin olaraq 3 milyon manat pul ayırıb.

Avtomobil Yolları Dövlət Agentliyindən deyirlər ki, 44 km-lik yolun tikintisi artıq başlayıb.

"Yolun tikintisinin tamamlanması hava şəraitindən asılı olaraq 2019-cu ilin sonlarına planlaşdırılır", qurumdan bildirilib.

Ancaq deyəsən, Yerği-kek kəndinin yolu bu layihədən kənarda qalacaq. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, hər kəndə asfalt yol çəkmək mümkün deyil.

"Turizm üçün cəlbedici"

Yerği-kek sakini Elşad Şaverdiyev deyir, indi belə ucqar dağ kəndləri turizm üçün cəlbedicidir, turistlərin gəlməsi isə kəndin dolanışığını yaxşılaşdırar, həyat səviyyəsini yüksəldər.

Amma bunun üçün ilk növbədə yollar düzəlməlidir ki, gəlib-getmək əziyyət olmasın, müsahibimiz əlavə edir.

Kiçik Yerği-kek sakinləri isə ən çox yolun düzəlməsini arzu edirlər... Bu arzu təkcə onlara deyil, həm də kəndə gedib çıxa bilməyənlərə də məxsusdur.

Elşad Şaverdiyev "bu kənddə turizmin inkişafına sərhəd qoşunları narahatlıq yaradır" deyir.

"Yollar düzəlsə, infrastruktur yaransa kənd dolana bilər. Yolun düzəlməsi vacibdir. Turizm də inkişaf etsə, kənd camaatının gəliri birə-bir artar. Kənd camaatı bacarandır, amma yol və sərhəd qoşunları maneçilik törədir", o deyir.

Elşad izah edir ki, Yerği-kek kəndinə Qusarın Laza və Kuzun kəndlərindən 2 yol var. Bələdçilər Laza kəndindən keçməklə Yerği-kekə turist gətirmək istəsə, xüsusi sənəd almalıdır.

Bu sənədi bələdçilər alır və Yerği-kek kəndi sərhəddə olduğu üçün tələb olunur, Elşad deyir.

Elşad bələdçi işlədiyindən kəndə turist gətirmək istəyən zaman tələb olunan bu sənədlərin alınmasına çox vaxt getdiyini deyir. Rayona 2-3 günlük getmək lazım olur, bu da əlavə xərcdir, o deyir.

Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin şərhini almaq mümkün olmayıb.

Daha qısa yol varkən...

Ucqar kəndlərə turlar təşkil edən Camping Azerbaijan ekoturizm şirkətinin direktoru Tural Ömərov da bu prosesi doğru saymır.

Kuzan kəndindən Yerği-kekəyə qalxmağın daha uzun zaman apardığını qeyd edən Öməröv deyir ki, Laza kəndindən kəndə getməyə ancaq yerli əhaliyə icazə var. Digərlərindən isə tələblər var.

"Deyirlər ki, sərhəd zonasıdır. Kimlər keçəcəksə kəndə siyahını 2 həftə əvvəldən göndərin. Onu da təşkil etmək çətin olur, çünki bizim turlar 1 həftə əvvəl elan edilir və bir neçə gün qeydiyyat davam edir. 2 həftə əvvəlcədən siyahı göndərmək mümkün deyil", o deyir.

O, bu halın turizmin inkişafı üçün xeyli çətinlik yaratdığını deyir.

"Yol açılsa, kənd daha əlçatan olardı, daha çox insan gedərdi, daha çox turlar təşkil etmək olardı," cənab Ömərov deyir.