Azərbaycanda aliment müsibəti: Atalıq etməyən atalar – Araşdırma

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda aliment müsibəti: Atalıq etməyən atalar – Araşdırma

Sosial

05 İyun 2022 22:35 1844


Lənkəran rayon sakini Aynur Sadayeva 2005-ci ildə Fərid Sadayevlə (ad-soyadlar şərtidir) dini kəbinlə ailə həyatı qurub. Bu izdivacdan Zülfüqar və Nərgiz adlı iki övladı dünyaya gəlib. Övladları azyaşlı olanda əri tərəfindən davamlı şiddətə məruz qalıb, döyülərək küçəyə atılıb. 

Ailəsinə, qadınına, uşaqlarına sahib çıxmayan Fərid onların necə yaşaması ilə heç vaxt maraqlanmayıb. Məhkəməyə müraciət edən Aynur uşaqlara görə aliment təyin edilməsinə nail olub. Lakin narkotik asılılığı olan, məsuliyyətsiz həyat tərzi sürən bivec ata uşaqların alimentini ödəməyib. Azyaşlı uşaqlarla birlikdə başsız və köməksiz qalan qadın keçmiş ərinə alimenti ödətdirmək üçün müvafiq qaydada şikayət edib. 

Bu şikayət əsasında Fərid həbs olunub, hazırda cəzasını çəkir. Cəzaçəkmə müəssisəsində olduğu üçün alimentin ödənməsi baş tutmayıb. Nəticə etibarilə Aynur yenə də uşaqlara görə aliment ala bilməyib, Məhkəmənin qəbul etdiyi qərar icrasız qalıb. İndi o, bacısı ilə Bakıda kirayədə yaşayır, çalışaraq 9-cu sinif şagirdi olan oğlunu və 8-ci sinifdə oxuyan qızını kimsənin köməyi və dəstəyi olmadan, təkbaşına böyüdür. Marqarita pizza

Oxşar taleyi yaşayan yüzlərlə, minlərlə qadın

Azərbaycanda Aynurun taleyini yaşayan yüzlərlə, minlərlə qadın var. Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova “Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda 16 dekabr 2021-ci il tarixdə “Facebook” üzərindən keçirilən canlı yayımda deyib ki, icra xidmətinin icraatında 700 mindən çox icra sənədləri varsa, onlardan 100 mindən çoxu aliment tələbi ilə bağlıdır. 

O bildirib ki, bunların sayı ilbəil artmaqdadır: “Aliment işlərində uşaqların sayı, yəni xeyrinə aliment ödənilən uşaqların sayı 160 mindən çoxdur. 2009-cu ildə alimentlə bağlı icra sənədlərinin sayı 25 mindən çox idisə, son iki ildə 4 dəfəyə qədər artım olub. Bununla da 99 mindən çox icraatda icra tələbi olub. Son il yarım ərizində 130 milyon manatdan çox aliment tələbkarlara ödənilib. İcra xidmətində kifayət qədər çox olan icra sənədlərinin əksəriyyətini aliment tələbinə dair icra sənədləri təşkil edir”.

Aliment ödəməyən 3 mindən çox şəxs axtarışa verilib

K.Əhmədova deyib ki, icra xidmətində aliment tələbinə dair sənədlərin sayı ilbəil artmaqdadır: “Aliment tələblərinə dair icra sənədlərində çətinliklər çoxdur. Əsas çətinliklər borcluların iş yerlərinin, gəlirlərinin olmaması, maddi vəziyyətlərinin aşağı olması, pandemiya ilə bağlı yaranmış şərait, borcluların ağır xəstə, əlilliyinin olması, yaşayış yerlərinin olmaması və sairdir. 

Borclu və tələbkarlar arasında icra sənədlərinin icrasına məsuliyyətsiz yanaşılması halları da olur. Bir icra məmurunun icraatında alimentlə bağlı 200-500 icra işi varsa, tələbkarlar bunu nəzərə almalıdırlar. Hər ay alimentin ödənilməsini istəyirlərsə, məbləğ ödənilmədiyi halda tədbirlər görülməsi üçün icra məmurunu rəsmi şəkildə məlumatlandırmalıdırlar. Aliment ödəmədiyi üçün 2021-ci ilin ilk 6 ayında təxminən 3 mindən çox şəxs axtarışa verilib”.

Məsuliyyətdən yayınma halı

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, aliment məsələsi çox ciddi problemə çevrilib. Onun fikrincə, problemin kökündə alimentin ödənməməsindən daha çox qərəz dayanır: 

“Mən bu qərəzi iqtisadi zorakılıq qismində qəbul edirəm. Bu zorakılıq birbaşa uşağa qarşı yönəlir. O ki, qaldı aliment vermək istəməyən şəxsə, bu kimi məsələlərin həllində Məhkəmənin qərarı mühüm rol oynaya bilər. 

Qərarda müəyyən məqamlar öz əksini tapa bilər. Bəzi hallarda alimentlərin ödənməsi yubanır. Çox vaxt qadınlar qorxurlar ki, yubanma ilə əlaqədar şikayət etsələr aliment ödəyəcək şəxs həbs oluna bilər və ümumiyyətlə ödəniş olmaz. Bununla da məsuliyyətdən ciddi yayınma halı baş verir. O demək deyil ki, şəxsin aliment ödəmək imkanı yoxdur. Böyük əksəriyyət vaxtlarda şəxs alimenti ödəmək istəmir, bununla da zorakılığın digər formasını tətbiq edir”.

Onların ölkəni tərk etməsinə məhdudiyyət qoyulmalıdır

QHT sədrinin qənaətinə görə, alimentin ödənməsində gecikmə olan kimi qadınlar mütləq müvafiq qaydada icra məmuruna müraciət etməlidirlər: 

“Məhz bu müraciət nəzərə alınaraq şəxsin ölkəni tərk etməsinə qadağa qoyula bilər. Zamanla bu kimi digər qaydaların tətbiqi aktuallaşır. Amma bunun özü də problem yaradır. Təkliflər səsləndirilir ki, aliment fondu yaradılsın, alimentlər buradan ödənsin. Sonra aliment ödəyən şəxs işləyərək həmin məbləği fonda qaytarsın. 

Bu, qəribə ikibaşlı bir situasiyadır. Çünki şəxsi məcburi əmək fəaliyyətinə cəlb etmək istismar kimi qiymətləndirilə bilər. Hüquqi baxımdan bu, yolverilməzdir. Yenə də çarə qalır şəxslərin məsuliyyəti məsələsinə. Necə ki, banka borcu olan ölkəni tərk edə bilmir, eləcə də alimenti ödəməyən, gecikdirən şəxslərin məlumatları elektron sistemə daxil edilməli, onların ölkəni tərk etməsinə məhdudiyyət qoyulmalıdır. Aliment məsələsində Türkiyə modelinin öyrənilməsi, Azərbaycanda tətbiq edilməsi, düşünürəm ki, müsbət nəticə verər”.

Uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən mövzuya dair sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan qanunvericiliyinə əsasən alimentin tutulması və ödənilməsində valideynlərin hüquq və vəzifələri göstərilir.

Lakin bu vəzifələrin yerinə yetirilməməsinə görə sanksiyaların sərtləşdirilməsinə baxmayaraq, əldə olunan nəticə yeni mexanizmin hazırlanması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir. Statistik məlumatlardan da göründüyü kimi alimentin ödənilməməsi ilə bağlı icra sənədləri müvafiq olaraq ildən ilə artması gələcəkdə qadın və uşaqların sosial rifahının yaxşılaşdırılmasında çətinlik yaradır. Qeyd olunub ki, beynəlxalq təcrübə daha dərindən öyrənilərək, gələcəkdə ölkəmizdə alimentin ödənilməsi ilə bağlı mexanizmin işlənilib hazırlanması nəzərdə tutulur.

Beynəlxalq təcrübə

Dövlət Komitəsindən xarici təcrübəyə istinad edilərək göstərilib ki, Avropanın iqtisadi cəhətdən inkişaf etmiş bir sıra ölkələrində borclu tərəfindən aliment ödənilmədiyi təqdirdə uşağın saxlanılması yükünü dövlət öz üzərinə götürür. 

Məsələn, Norveçdə Milli Sığorta Agentliyi, Niderlandda Alimentlər üzrə Federal Büro, Polşada Aliment Fondu, Fransada Dövlət Aliment Fondu kimi dövlət təşkilatları fəaliyyət göstərir. Borclu alimenti ödəməkdən yayındığı təqdirdə dövlət müvafiq ödənişləri onun əvəzinə edir. Lakin bu, borclunu aliment üzrə öhdəlikdən azad etmir. Tələbkar şəxs digəri ilə əvəz olunur və ödəniş aparıldıqdan sonra dövlət orqanı aliment məbləğini borcludan məcburi qaydada tutur. Bununla da dövlət öz üzərinə müvafiq vəsaitləri tələb etmək funksiyasını götürür.

Səmərəli icra mexanizmləri

Dövlət Komitəsinin açıqlamasında Rusiya Federasiyasında uşaqların hüquqlarının qorunması, o cümlədən aliment öhdəliklərinin effektiv icrasının təmin etmək məqsədi ilə zəruri hüquqi baza yaradılmaqla yanaşı, mövcud qanunvericiliyə irimiqyaslı dəyişikliklər edilməsinə də diqqət çəkilib. 

Bildirilib ki, Rusiya Federasiyası Prezidentinin 1 iyun 2012-ci il tarixli fərmanı ilə “2012-2017-ci illər üzrə uşaqların maraqları naminə fəaliyyətin milli strategiyası təsdiq edilib. Qeyd olunan Milli Strategiyada uşaqların saxlanılması üçün kifayət edən alimentlərin mütəmadi ödənilməsi üzrə tədbirlərin işlənib hazırlanması, o cümlədən dövlət aliment fondunun yaradılması vasitəsi ilə aliment öhdəliklərinin icrası nəzərdə tutulub. Rusiya Federasiyası Prezidenti yanında Milli Strategiyanın icrası üzrə Kordinasiya Şurası yaradılıb. 

Latviya Respublikasında isə alimentlərin ödənilməsi işini tənzimləyən qanunvericilikdə köklü islahatlar həyata keçirilib, o cümlədən aliment fondu təsis edilərək bu sahədə səmərəli icra mexanizmləri tətbiq olunmağa başlanılıb. Latviyanın Uşaqlar və Ailə İşləri üzrə Nazirliyinin təşəbbüsü ilə “Saxlanılma xərclərinin təminatları fondu haqqında” Qanun qəbul edilib. Həmin nazirliyin bilavasitə tabeliyində olan Uşaqların Saxlanılması Xərclərinin Təminatları Fondu yaradılaraq fəaliyyətə başlayıb. Fondun məqsədi məhkəmə qərarları əsasında alimenti ödəməyə borclu olan valideyndən yardım almayan və bu səbəbə görə digər valideyni tərəfindən saxlanılan uşaqlara minimal saxlanılma xərclərinin ödənilməsi ilə onların sosial təminat almaq hüququnun təmin olunmasıdır.

Qanunlar nə deyir?

Sonda xatırladaq ki, “Uşaq hüquqları haqqında” Qanununun 13-cü maddəsinə əsaəsən uşağın Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 

Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 

Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Bununla əlaqədar olaraq, 18 iyun 2010-cu il tarixli “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında”, “Məhkəmə qərarlarının icrası haqqında” Qanunlara, Cinayət, İnzibati Xətalar, Cəzaların İcrası Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul edilib. 

İcra haqqında Qanuna “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması”na dair 84-1-ci maddə əlavə olunub. Həmçinin Cinayət Məcəlləsinə (maddə 196.1 Kreditor borclarını ödəməkdən qəsdən yayınma), (306.1 Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), İnzibati Xətalar Məcəlləsinə (313.1 Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) və Cəzaların İcrası Məcəlləsinə (178.1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə nəzarət) dəyişikliklər edilərək cəzalar sərtləşdirilib.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!