“Rusiya Federasiyası DİN-in Moskva Universitetində təhsil almışam. Düşünürəm ki, yaxşı ki, “İncəsənət”ə (Azərbaycan Dövlət İncəsənət Unversiteti – red.) daxil olmadım. Heç kimin xətrinə dəyməsin, “İncəsənət”i bitirən adamın təfəkkürü bir az başqa olur. Elə bil əsgərliyə gedib-gəlməyən adam kimidir. Əsgərliyə gedib-gələn adam artıq bir başqa insandır. Bizim işdə ən vacib şey məsuliyyətdir. Kino sahəsində olan insanların əksəriyyəti o məsuliyyəti dərk etmir”.
“Yeni Sabah” xəbər verir ki, bu sözləri kinorejissor Emil Quliyev “YouTube”da yayımlanan “Çənə” verilişində deyib.
“Əqrəb Mövsümü”, “Körpü”, “Tilov” və “Bölmə” kimi serialların müəllifi təhsil aldığı zaman başına gələn maraqlı əhavalat barədə danışıb: Dördpendirli pizza
“Mənim təhsil aldığım universitet elə-belə yer deyildi. Əslində, adı “universitet” idi, özü akademiya. Orada kazarma, sıra meydanı vardı. Müəllimlər bizə güzəşt etmirdi. Demirdilər ki, bu yaxşı oğlandı, buna “3” yazım.
Mən qəbul oldum, semestrdə imtahanları verdim keçdim. İdmanda vəziyyət elə idi ki, turnikdən çəkinə bilmirdim. İmtahan vaxtı müəllim dedi, turnikə qalx. Dedim, qalxmışam. Dedi, qalxmırsan lap yaxşı, “2”.
Atama dedim ki, yığ müəllimə de, yəni “tapşır”. Atam zəng etdi kurs rəisindən xahiş etdi. O isə həmin müəllimdən xahiş etdi ki, Quliyevə heç olmasa “3” yaz. Yenidən imtahana gəldim. Dedi, qalx turnikə. Dedim, sizə deməyiblər? Dedi, deyiblər, nə olsun? Qalx turnikə! Başa düşdüm ki, variant yoxdur. Müəllim tutdu boğazımdan, dedi ki, Quliyev, sənə görə bir də kimsə məndən nəsə xahiş etsə, sənə “2” də yazmayacam.
Canıma qorxu düşdü ki, atam deyəcək getdin təhsil almağa, yarıtmadın. Özüm də düşündüm ki, mən bura gəlmişəm, buradan belə bir biabırçılıqla gedə bilmərəm. Bir həftə ərzində nə qədər cəhd etdim, xeyri olmadı. Səhəri gün imtahan idi. Bilirdim ki, sabah turnikdə çəkinə bilməsəm, universitetdən qovacaqlar. Yuxuda gördüm ki, turnikdə çəkinirəm. Səhər gəldim, necə oldusa güc-bəla ilə 4 dəfə çəkindim. Müəllim mənə “2+” yazdı. Növbəti semestrdə artıq 7-8 dəfə çəkinə bilirdim.
Qəlbimdəki qorxu, məsuliyyət növbəti illərdə mənə diktə etdi ki, necə olur olsun, təhsilimi sona çatdırmalıyam. Təhsil aldığım universitet, məndə işimi qurmağa intizam yaratdı”.
Xatırladaq ki, Emil Quliyev Rusiya Federasiyası DİN-in Moskva Universitetinin hüquq fakültəsini bitirib. O, polis kapitanıdır.
Nazim Hacıyev
Telegram kanalımız