Azərbaycan kəndlisi: Tənbəllik, yoxsa imkansızlıq?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kəndlisi: Tənbəllik, yoxsa imkansızlıq?

Sosial

11 May 2022 12:01 1154


Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.

Hazırda dünyada cərəyan edən proseslər, Rusiya-Ukrayna müharibəsi fonundakı ərzaq qıtlığı təhlükəsi xoşbəxtlikdən ölkəmizdə özünü bəlli etmir. Buna səbəb isə dövlətin apardığı aqrar siyasətlə yanaşı qida təhlükəsizliyi siyasətini prioritet saymasıdır.

Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib. Sezar pizza

Yenisabah.az-a danışan Milli Məclisin Lənkərandan olan deputatı Rüfət Quliyev qeyd edib ki, bu gün hakimiyyət istehsalat üçün kifayət qədər şərait yaradır:

İnkişaf var, lakin sürətli deyil

“Dövlət addımlar atır ki, kənd təsərrüfatının inkişafının sürətini artırsın. İnkişaf var, lakin onun sürəti, yəni 4-5% civarında olması, şəxsən, məni bir millət vəkili kimi, qane etmir. Ona görə ki, dövlət tərəfindən yaradılan şəraitdə, eləcə də dövlətin atdığı addımların müqabilində kənd təsərrüfatında inkişaf olmalıdır və bu da ən azı illik 8-10-12% civarında müəyyənləşməlidir.

Bu gün söhbət qıtlıqdan getmir. Söhbət ondan gedir ki, biz gərək kənd təsərrüfatı məhsullarının bəlkə də 85%-ni Azərbaycanda yetişdirib bazara çıxara bilək. Yəni import əvəzləşdirmə modelini tam həyata keçirək”.

R. Quliyevin sözlərinə görə, burada növbəti problem inflyasiya ilə mübarizədir:

Sahibkara verilən 19-20% kredit heç də məntiqli deyil

“Biz hamımız bilirik ki, gələn inflyasiyanın kökü idxal inflyasiyasıdır. Yəni idxaldan gələn məhsulların qiyməti qalxır. Qabağını almaq üçün nə etmək lazımdır bəs? Təbii ki, bolluq yaratmaq. Azərbaycanda kənd təsərrüfatı və qida məhsullarının bolluğunu yaratmaq lazımdır. Bunun üçün də bir alət kimi, fermerlər üçün ayrılan kreditlər əlçatan olmalıdır. 19-20% kredit sahibkarlar üçün çox yüksəkdir. Bu formada verilən kreditlər heç də məntiqli deyil.

Düzdür, Azərbaycanda sahibkarlara kömək edən xüsusi qurum var, 5-6% ilə kreditlər verirlər. Amma vəsait nə qədərdir orada? Azərbaycanın iqtisadiyyatı şaxələnib, inkişafdadır, diversifikasiya olunub, dünya iqtisadiyyatına inteqrasiya edib.

Biz artıq Rusiya, Ukrayna, Qazaxıstan bazarlarına kənd təsərrüfatı mallarımızı satmırıq, biz artıq dünyaya çıxmışıq. Avropada bizim qida məhsullarımız satılır, cemlərimiz, içkilər, çaxırlar, konyaklar, bunlar hamısı özü-özlüyündə böyük göstəricilərdir. Burada söhbət ondan gedir ki, həmin qurumun dəstəyi artmalıdır. Dəstək deyəndə mən nəzərdə tuturam, onun maliyyə imkanlarını. Yəni bu, 3-4 dəfə artmalıdır ki, həmin o əlçatan faizlərlə (5-6%) iş görmək olsun. Bu faizlərlə artıq kənd təsərrüfatı ilə məşğul olan sahibkar sözsüz ki, faydalana biləcək.”

Millət vəkili əmindir ki, bolluq yaranmasa, importun əvəzlənməsi olmasa daimi bu inflyasiya problemi olacaq:

Bəhanələr çoxdur

“Bunun həlli isə yuxarıda sadaladıqlarımdır. Ona görə də, bizim sahibkarlar yaxşı mənada aqressiv olub maraqlanaraq inkişaf etsinlər.

Bu gün kənd təsərrüfatı və qida sahəsində istənilən sahə prioritetdir. Nəyi əkdin, becərdin, bazara çıxaranda satırsan onu. Bu gün hər şeyə ehtiyac var. Bir məqama da toxunum. Bunlar da həyətyanı sahələrdir. Həyətyanı sahələrdə hələ sovet dönəmində insanlar əkirdi və ilk növbədə, öz ehtiyaclarını ödəyirdi, qalanını da bazara çıxarıb satırdı.

İndi həyətyanı sahələrdə də insanlar bu əkinləri başlamalıdır. Min dənə bəhanə gətirirlər ki, su artıb, o artıb, bu artıb, sərf etmir və s. Düşünürəm ki, əgər insan öz ailəsini dolandırırsa, həyətyanı sahədə bunun pomidoru, xiyarı, soğanı, meyəvələri, o cümlədən Lənkəran zonasını götürəndə sitrus meyvələri və s. varsa, bunları əkmək və satmaq olar. Mən bunun canlı şahidi oluram, çünki rayonlara tez-tez səfər edirəm.

O insan ki, təsərrüfatını qurub – söhbət xırda təsərrüfatlardan gedir, 20, 30 sot torpaq – bunlar milyoner olmurlar. Başa düşürəm ki, oradan qazanc əldə edib maşın ala, yaxud da ev tikə bilməyəcəksən. Amma ən azından ailəni dolandırırsan, təmiz məhsul yeyirsən, artığını da gəlib qapıdan alırlar”.

Deputat kiçik sahibkarlığın bu məsələdə önəminə də toxunub:

Sən ağa, mən ağa, inəkləri kim sağa?!

“Lənkəranın dağlıq hissəsində bir ailə yaşayır. Deməli, ər-arvad və iki uşaqlarıdır. Bunların 2-3 inəkləri var. O inəklərdən xüsusi motal pendiri, yağ, qatıq əldə edirlər və kifayət qədər də baha satırlar. İnsanlar gəlib az qala qapısından alırlar, çünki keyfiyyətli məhsul ortaya çıxarırlar.

Bundan başqa, mənim Lənkəranda tanıdığım başqa bir kiçik sahibkar da var ki, o, kompotlar və şirniyyatlar bişirir. Elə öz evinin birinci mərtəbəsində bunları hazırlayır. Keyfiyyətli edir və bu da satılır. O indi ayda 3-4 min butulka kompot və mürəbbələr bağlayır və kifayət qədər də yaxşı dolanır. Mən özüm belə ondan istifadə edirəm. Fəxrlə də deyirəm ki, bu, kiçik sahibkardır və bunu edir.

Düşünürəm ki, belə sahibkarlar regionlarda onlarla, bəlkə də yüzlərlə olmalıdır. Belə olan halda onlar həm özlərini dolandıracaqlar, həm də məhsullarını bazarda çıxaracaqlar. Yəni bu tendensiyasnı addım-addım təkamül yolu ilə artırmaq olar. Onda inandırım sizi ki, qiymətlər də nisbətən ucuz olacaq, sahibkar da dolanacaq, ailəsi də dolanacaq, ekoloji təmiz məhsul olacaq. Bunların hamısı örnəkdir və insanlar bunu bilməlidir.

Mən gedirəm, görüşürəm, təsərrüfatlara baxıram. Adam var 200-300 toyuq-cücə saxlayır və o məhsullarla özünü dolandırır. Başa düşürəm, bu gün dünya dəyişir və çalışmaq lazımdır ki, 100 hektarlarla əkin-biçin edib böyük müəssisələr yaradasan. Amma yenə də kiçik sahibkarlıq üçün bu gün Azərbaycanda kifayət qədər şərait var. Heç kim dəyib-toxunmur, sual vermir, artıq-əskik söz demir. İnsanlar da bunu qiymətləndirməli və özləri üçün çalışmalıdırlar. Bu, mənim həyat kredomdur. O ataların bir sözü var, sən ağa, mən ağa, inəkləri kim sağa?!”.


Pomidorun kilosu 4.70 AZN

İqtisadçı ekspert Asif İbrahimov isə məsələyə bu cür şərh verib:

“Gəlin, bu məsələyə, ilk növbədə, istehlakçının gözündən baxaq. Bu günləri kənd təsərrüfatı məhsullarını biz marketlərdə görəndə onlardakı qiymət artımı özünü göstərir. Azərbaycanda yerli pomidorun kiloqramı 4.70-4.90 manat civarındadır. Təbii ki, bunun da faktorları var. Azərbaycanda olan bu tipli məhsulların qiymətlərinin formalaşmasını Rusiya bazarı müəyyənləşdirir.

Ancaq onunla bir yerdə də Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan işlər də var. Yəni bu məhsulların maya dəyəri də qiymətin formalaşmasına təsir göstərir. Həmin o istixanaların qızdırılması, işıqlandırılması, toxum, gübrə kimi məsələlərdə də bir sıra sadələşdirilmələrə gedilməlidir. İstehlakçı marketə daxil olub görür ki, pomidor may ayında 4.70-ədir. İstehlakçının gördüyü sadəcə budur”.

Mütəxxəsis bu barədə dövlətin apardığı strategiyanı da yüksək qiymətləndirib:

Yaxın 6 ayda...

“Eyni zamanda Azərbaycanın dövlət büdcəsindən bir çox kənd təsərrüfatı sahəsindəki layihələrin maliyyələşdirilməsinə külli miqdarda vəsait xərclənir, subsidiyaların təbiqi həyata keçirilir, ildən-ilə elektronlaşmağa gedirik, sistem daha da sadələşdirilir.

Düşünürəm ki, bu sahədə yaxın 3 il ərzində hər hansı nəticələr əldə etmək olar. Amma daxili faktorlarla bir yerdə xarici faktorlar da bu sahədə mövcuddur.

Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsindən öncə Azərbaycan dənli bitkilər, yağ və şəkər kimi məhsulları Rusiya və Ukraynadan tədarük edirdi. Bu sahədə ərzaq təhlükəsizliyimizə təhdid olacaq birinci xarici faktor da məhz bu elementdir. Bununla bağlı, Azərbaycan hökuməti tərəfindən müəyyən işlər görülür. Bu tip məsələlər ortaya çıxdıqda, bir müddət öncə taxıl anbarlarında ehtiyatlar toplanır.

Ancaq düşünürəm ki, yaxın 6 ayda ərzaq təhlükəsizliyimizə ciddi təhdid lər yarana bilər və bu istiqamətdə alternativ planlar hazırlanmalıdır. Xüsusilə də indiki məqamda ərzaq təhlükəsizliyimizə təhdid yarada bilən sahələrimiz var. Məsələn, dənli bitkilərin istehsalıdır, şəkər, yağ və bu tipli məhsulların yerli istehsalda genişləndirilməli və ön plana çıxarılmalıdır”.

Rafi MÜSLÜMOV


Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!