“Azərbaycan universitetləri 2005-ci ildən Bolonya Bəyannaməsinə qoşulub və onun bir neçə şərti var. Kredit sisteminə keçid, təhsilin keyfiyyətinin qiymətləndirilməsi, tələbə-müəllim mobilliyi və s. Lakin biz Bolonya Bəyannaməsinin bir neçə əsaslı şərtini yerinə yetirə bilməmişik. Məsələn, biz hələ də təhsilin keyfiyyətinin müstəqil akkreditasiya büroları vasitəsilə qiymətləndirilməsinə tam nail olmamışıq. Bu amil fakt kimi qalır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.
O, bəzi ekspertlərin Azərbaycanda 4 illik bakalavr təhsilinin uzun olması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Marqarita pizza
Xatırladaq ki, mütəxəssislərin çoxu bir sıra ixtisasların (jurnalistika, muzeyşünaslıq, kitabxanaçılıq, sosial iş və s.) təhsil müddətinin 4 il olmasını vaxt itkisi hesab etdiklərini bildirmişdilər. Onların fikrincə, sözügedən ixtisasları bakalavr pilləsində 2 il ərzində də keçmək mümkündür.
E.Əliyev isə bu fikirləri qəbul etmədiyini bildirib:
“Mənim bir çox təhsil ekspertlərinə böyük hörmətim var, amma yaxşı olardı ki, onlar Bolonya Bəyannaməsinin şərtlərini yaxşı oxusunlar. Orada yazılır ki, bakalavr təhsili 3-4, magistratura təhsili isə 1-2 il olmalıdır. Hər bir tələbə üçün isə Avropa kreditlərinə transfer sistemi ilə bir təhsil ilində 240 kreditin toplanması nəzərdə tutulur və bu, norma kimi sayılır. Tələbələr onu toplaya bilmirsə, yenidən imtahan verir”.
Mütəxəssisin qənaətinə görə, əslində, bir sıra texniki ixtisaslar üzrə 4 illik təhsil müddəti çox deyil:
“Görürsünüz ki, tibb üzrə təhsil 8 ilə qədər gəlib çıxır. Bu, əlbəttə ki, mütəxəssis hazırlığı üçün bir praktikadır və dünyanın əksər ölkələrində də belədir. Hətta tibb təhsili bəzən 12 ili ötür. Lakin humanitar ixtisaslar üzrə təhsili tələbələrimiz 3 il müddətinə bitirə bilərlər. Çünki burada bəzi fənlər var ki, onların çoxu bir-birinə yaxındır. Amma texnika, İKT, fizika, tətbiqi riyaziyyat və nanotexnologiyalar üzrə 2 ilə mütəxəssis hazırlamaq mümkün deyil. Hətta bir çox ölkələrdə İKT mütəxəssisinin hazırlanması üçün 5 il müddət təyin edirlər. Bunlar sadə ixtisaslar deyil və humanitar ixtisaslarla aralarında xeyli fərq var”.
Millət vəkili düşünür ki, təhsilin müddətinin qısaldılmasını humanitar ixtisaslarda etmək olar:
“Amma 2 il də yox, çünki 2 il müddəti kolleclər üçün nəzərdə tutulur. Belə olan halda onda subbakalavrla bakalavr pilləsi arasında hansı fərq yaranacaq? Məsələn, sovet vaxtında təhsil 5 il idi və bu 5 il Qərb modelində magistr təhsilinə uyğunlaşdırılırdı. Yəni biz 5 il təmiz təhsil alırdıqsa, 2 il də ixtisaslaşma gedirdi. III kursdan sonra bütün sahələr üzrə ixtisaslaşma gedirdi.
Biz bu gün Bolonya prosesində qalırıq və oradan çıxmamışıq. Əgər çıxmamışıqsa, onun şərtlərinə də əməl etmək lazımdır. Bolonya təhsil sistemində tələbəyə müəyyən akademik azadlıqlar verilir. Məsələn, bizdə tələbənin kəsiri çox olanda onu yay məktəbinə saxlayırlar. Əgər yay məktəbinin sayı formalaşmırsa, tələbə kursda qalır və 5-6 il oxuyur. Əslində isə tələbəyə akademik azadlıq verilməlidir. Mən həmin dərsə gəlməsəm belə, keçirilən imtahana qatılıb imtahanımı verə bilərəm. Bu cür hallar heç cürə Bolonya sistemi ilə uyğun gəlmir”.
Deputat aydınlaşdırıb ki, burada söhbət təhsilin keyfiyyətindən getməlidir:
“Əgər 4 illik təhsilə şübhələr varsa, biz bu müddəti azaltmaqla hansı keyfiyyətə nail ola biləcəyik, hansı üstünlük qazana biləcəyik? Lap yaxşı, qoy, 3 il olsun, çünki xüsusi istedadlı tələbələr var ki, proqramı tez başa vurmaq istəyirlər. Hansı ki, Bolonya təhsil sistemi bunu qadağa etmir.
Bu gün ölkədəki ali təhsilin keyfiyyətində və universitetlərdəki professor-müəllim heyətinin tərkibində də problemlər var. Demək olar ki, texniki ixtisaslar, eyni zamanda təbiət elmləri üzrə laboratoriyalar yenilənmir. Biz müəllim heyətində çatışmazlıq ola-ola təhsil müddətinin azalmasından danışırıq. Biz istəyirik ki, diplomu çox tez əldə edək. Amma bu, çıxış yolu deyil axı?”
Ekspertin sözlərinə görə, ali təhsilin 3 əsas xarakteristikası var:
“Birincisi odur ki, müəyyən biliklər alıb elmi tədqiqatlarla məşğul olsursan; ikincisi, sən hara gedirsənsə, səndən soruşurlar ki, haranı bitirmisən və nəyi bilirsən? Üçüncüsü isə sən ixtisasını səhv seçmisənsə, gələcəkdə özün üçün düzgün karyera qura biləyəcəksən. Yəni tələbənin akademik çevrəsi yaranmalıdır. Sual edirəm ki, zəif təhsil alan tələbənin hansı akademik çevrəsi yarana bilər? Bu gün ali təhsilin qarşısında duran əsas məsələlər bunlardır”.
Həmsöhbətimiz iddia edib ki, bir nömrəli problemimiz mütəxəssis hazırlığıdır:
“Bu işdə o qədər axsayırıq ki... Mən hadisələri şişirtmirəm, amma bunları etiraf etmək lazımdır. Elə universitetlər var ki, bir kafedralıq yaxşı müəllim heyəti yoxdur. Bunun üzərində çalışıb işləmək lazımdır. Bəziləri deyir ki, universitetin inkişafı üçün uzun müddət vaxt lazımdır. Biz 32 ildən çoxdur ki, müstəqil bir dövlətik. Məgər bu vaxt deyil?! Bizim təhsil ekspertləri açıb Bolonya təhsil sistemini oxumurlar. Burada konkret 3-4 illik təhsil müddəti göstərilib. Amma ali məktəb imkan verir ki, tələbə 4 ilə bitirsin?! Xüsusilə də tələbə ödənişli təhsil alırsa, universitet, əlbəttə ki, istəməz tələbə oranı 4 ilə bitirsin. Çünki maliyyə vəsaiti itirir. Qısacası, problemlərimiz çoxdur və belə olan halda tədris ilinin müddətini aşağı salmağı doğru hesab etmirəm”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız