Qaradağ rayonunda yeni kağız və gigiyenik məhsullar zavodu istifadəyə verilib.
“Yeni Sabah” xəbər verir ki, sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə “Fabriora Group” MMC-nin yeni istehsalat kompleksinin rəsmi açılışı olub. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov və müəssisə təsisçisi İbrahim Uygur ölkə başçısına obyektdə yaradılan şərait və iş mexanizmi haqqında ətraflı məlumat təqdim ediblər.
İnvestisiya müsabiqəsi nəticəsində özəlləşdirilən və 27 milyon manat sərmayə yatırılan bu layihə 11 hektara yaxın ərazini əhatə edir. Müəssisədə Almaniya, İtaliya və Türkiyə istehsalı olan ən son texnologiyalardan istifadə etməklə uşaq bezləri, müxtəlif növ salfetlər və təmizləyici vasitələrin buraxılışı nəzərdə tutulur. İnvestisiya təşviqi sənədi sayəsində avadanlıqların idxalı zamanı 1 milyon manatlıq gömrük və ƏDV güzəşti əldə edən zavodda 240 nəfərin daimi işlə təmin olunması planlaşdırılır. pizza hut
Hazırlanan məhsullar təkcə daxili bazarın tələbatını ödəməyəcək, həm də Gürcüstan, Qazaxıstan, Rusiya və Yaxın Şərq ölkələrinə ixrac ediləcək. Bu kimi layihələr ölkədə həyata keçirilən sənayeləşmə kursunun, daxili istehsalın artırılmasının və xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinin bariz nümunəsidir.
Telegram kanalımız