Azərbaycanda bir çox sahələrdə monopoliya və süni qiymət artımı özünü göstərsə də, taksi xidməti sahəsində uzun illərdir biz azad rəqabət mühitinin şahidi olmaqdayıq.
Tələb-təklif prinsipinə uyğun olaraq qiymətlərdəki endirimlər istehlakçılar tərəfindən də rəğbətlə qarşılanır. Lakin “Bolt”, “Uber” “Yango”, “Maxim” və s. taksi şirkətlərin fəaliyyətində bir sıra nasazlıqlar da gözdən qaçmır. Hətta bir sıra ekspertlər belə təkliflər də irəli sürürlər ki, bu sahəyə mütləq dövlət nəzarəti lazımdır ki, şirkətlər arasındakı rəqabət mühiti xaosla nəticələnməsin.
Həqiqətən hazırda ən azad rəqabət mühiti olan taksi xidmətinə dövlətin “əli” dəyməlidirmi? Burada dövlət nəzarəti nə dərəcədə mümkündür?
Suallarımızı cavablayan iqtisadçı ekspert Elçin Süleymanov deyir ki, taksi fəaliyyəti ticari bir fəaliyyətdir və burada dövlət daha çox tənzimləyici vəzifədə olmalıdır:
“Taksi xidməti göstərən şirkətlərin sayının çox olması həm də qiymətə öz təsirini göstərir. Amma burada qiymətlə yanaşı keyfiyyət də əhəmiyyətlidir. Çünki bu sahə müəyyən qədər strateji bir sahədir və insanların sağlamlığı və təhlükəsizliyi önəmlidir”.
İqtisadi analitik əlavə edib ki, burada bir sıra nizamlamalar olmalıdır:
“Məsələn, dünya təcrübəsində daha çox taksi şirkətləri var ki, onların müəyyən dayanacaqlar olur və dolayısı ilə onlar lokal xidmət göstərmiş olurlar. Düzdür, “Bolt”, “Uber” kimi beynəlxalq sistemlə də həm taksi sürücülərinin xidmət keyfiyyəti, həm onların müxtəlif qəza və s. kimi tarixçələri müəyyən qədər qeydiyyata alınır.
Burada tənzimləmə isə dediyim kimi, başda qeydiyyatla əlaqəli bir tənzimləmədir. Onun vergi ödəyicisi kimi olması, habelə qeydiyyatsız fəaliyyət göstərməsinin qarşısının alınması əhəmiyyətlidir.
İkinci istiqamət isə sürücülərin sürücülük vəsiqəsinin olması və qayda-qanuna riayət etməsidir. Çünki tez-tez qəzalar baş verir və məlum olur ki, sürücülərin bəzilərinin sürücülük vəsiqələri yoxdur. Bu cür bir nəzarət sistemi olmalıdır. Yəni müəyyən bir baza olmalıdır ki, bu cür intizamsız sürücülər bazadan çıxarılmalıdır. Amma ümumi olaraq fəaliyyətin bu şəkildə olması həm qiymətə təsir göstərir, həm də böyük bir rəqabətin yaranmasına rəvac verir”.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə izah edib ki, taksi xidmətlərinin qiymətləri bu gün ümumi şəkildə götürsək, həqiqətən də sırf bazar iqtisadiyyatı şərtləri əsasında qurulub:
“Bu da normal bir haldır. Qiymət məsələsinə gəldikdə isə bilirsiniz ki, taksidə bu gün 3 istiqamətdə fəaliyyət var: bir, özünün taksi parkı olan taksi şirkətləri; iki, müxtəlif fərqi şəxslərlə çalışan taksi operatoru şirkətləri – hansı ki, bunlar da komissiya haqları müqabilində taksi üçün müştəri tapırlar; son olaraq isə fərdi avtomobilindən istifadə edərək taksi xidməti ilə məşğul olan şəxslər. Yəni bu üç istiqamət bir kontektsdə olduğuna görə, biz deyə bilmərik ki, qiymətlər ucuzdur. Hərənin öz qiyməti var, hərə öz müştərisinə uyğun olaraq, tələb-təklifə görə bu qiymətləri tənzimləyir”.
Mütəxəssisin sözlərinə görə, taksi xidmətində onsuz da fiks qiymət olmur:
“Məsələn, taksilərdə avtobusların qiyməti kimi konkret bir tarif olmur ki, biz deyək, bu, 30-40 qəpikdir. Taksidə qiymətlər dəyişəndir. Çünki bunun gecəsi-gündüzü, yayı-qışı, yağışlı-qarlı havası var ki, bunlara görə də taksidə qiymətlər dəyişir. Lakin bununla yanaşı, dövlət taksidə tövsiyə olunan qiymətləri təklif edib.
Bildiyiniz kimi, 2019-cu ildə Nazirlər Kabineti taksi xidmətindəki tələblərlə bağlı reqlament açıqlayıb və orada taksi xidmətinin sifarişinə görə, 1.50 AZN-dən başladığını, daha sonra isə hər kilometrə görə orta qiyməti 50-70 qəpik civarında təyin edilib. Bu, o demək deyil ki, qiymətlər belədir. Sadəcə tövsiyə olunan qiymət belədir”.
Müsahibimiz bəyan edib ki, biz qiymətlərin ucuz olduğunu deyə bilmirik:
“Buna görə də burada orta qiymət olsa da, bu, hər hansı bir xaosa gətirib çıxarmır. Sadəcə problem ondadır ki, taksi xidmətində az da olsa bu gün özbaşınalıq və qayda-qanun pozuntuları var. Bunlar ondan irəli gəlir ki, taksi xidmətində çalışan vətəndaşlarımız, hətta taksi xidmətləri və operatorları bəzən qaydalara əməl etmirlər”.
“Məsələn, qaydalara uyğun olaraq, taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin damında mütləq qaydada sarı taksi fənəri olmalıdır və bu, mütləqdir. Sürücünün yaşı 21-dən, onun təcrübəsi isə 3 ildən az olmamalıdır. Bax, bu 3 əsas şərtə əməl edilməlidir, çünki vacibdir. Əməl edilsə, düşünürəm ki, taksi sahəsində işlər nizamlanar. Bu şərtlərə əməl edilmədiyinə görə isə bir qədər öz başınalığın olduğunu demək mümkündür. Amma qiymətlərin dəyişdirilməsinin mən heç də tərəfdarı deyiləm”, – o, yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.
Telegram kanalımız