Dünya siyasətinin ən nüfuzlu simalarından biri, Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin həyat yolu ziddiyyətlər, kəskin eniş-yoxuşlar və amansız sınaqlarla zəngindir. Bu gün dünyanın ikinci ən böyük iqtisadiyyatına və nəhəng hərbi gücə rəhbərlik edən Cinpin karyerasının zirvəsinə qədər keçdiyi yolda həm elitar lüksü, həm də sürgün və həbsxana həyatının ən ağır məhrumiyyətlərini yaşamış bir dövlət xadimidir.
Onun şəxsiyyətinin və siyasi təfəkkürünün formalaşmasında gənclik illərində üzləşdiyi dramatik hadisələr və xüsusilə Çində baş vermiş “Mədəni İnqilab” dövrü həlledici rol oynayıb.
Lüks içində başlayan uşaqlıq və erkən zərbə pizza mizza
Si Cinpin 15 iyun 1953-cü ildə Pekində, Çin Kommunist Partiyasının (ÇKP) nüfuzlu banilərindən və inqilab veteranlarından biri olan Si Çonqsunun ailəsində dünyaya gəlib. Atası ölkənin təbliğat naziri və Baş nazirin müavini kimi yüksək dövlət postlarını tutduğu üçün Sinin uşaqlıq illəri Pekində, yalnız hakim elitanın yaşaya bildiyi xüsusi qorunan Zonqnanxay kompleksində, tam bir imtiyaz və lüks içində keçib.

O, gələcəyin rəhbərlərinin yetişdirildiyi eksklüziv "1 Avqust" məktəbində təhsil alırdı. Lakin bu elit həyat Çində baş qaldıran siyasi fırtınalar fonunda uzun sürmədi. 1962-ci ildə, Sinin cəmi 9 yaşı olarkən, atası Si Çonqsun Mao Zedonqun qəzəbinə tuş gələrək partiyadan uzaqlaşdırıldı, kütlələr qarşısında rüsvay edildi, həbs olundu və edam edildi.
Bu hadisə gənc Sinin həyatını bir andaca tərsinə çevirdi; ailə bütün imtiyazlarını itirdi, evləri darmadağın edildi və onlar paytaxtın soyuq küçələrində sığınacaq axtarmaq məcburiyyətində qaldılar.
1966-cı ildə başlayan “Mədəni İnqilab” dövrü isə gənc Si üçün əsl sağ qalma mübarizəsinə çevrildi. Atasının statusuna görə o, “mürtəce ünsür”, “ideoloji düşmən” elan edilərək kəskin təqiblərə məruz qaldı. Onun oxuduğu məktəb bağlandı, gənc Sinin özü isə Mao tərəfdarları olan radikal “qırmızı qvardiyaçılar” (xunveybinlər) tərəfindən dəfələrlə saxlanılaraq öz atasını açıq şəkildə pisləməyə məcbur edildi. Hətta bir dəfə anası Tsi Sin kütləvi cəza iclasında oğlunu xalq düşməni kimi qınamağa məcbur olunmuşdu.
Si Cinpin bu ağır illərdə dörd dəfə həbs olunduğunu, qışın oğlan çağında bircə nazik köynəklə buzlu döşəmə üzərində yatdığını və kərpicdən yastıq kimi istifadə etdiyini sonralar öz xatirələrində qeyd edirdi. Həmin xaotik günlərin ən böyük ailə faciəsi isə Sinin ögey bacısı Si Hepinqin hərbi akademiyada təzyiqlərə dözməyərək özünü asması oldu. Gənc Si bu xəbəri Sovet İttifaqının mümkün hücumuna qarşı sığınacaq qazarkən aldı və ağladığını heç kim görməsin deyə kənara çəkildi.

Sürgünə gedən yol
1969-cu ildə Maonun intellektual və istedadlı gəncləri kənd təsərrüfatında yenidən tərbiyə etmək kampaniyası çərçivəsində 15 yaşlı Si Şanxi əyalətinin ucqar Lyançzyaxe kəndinə sürgün edildi. Pekinin lüksündən sonra bu kənd gənc üçün dəhşət yaşatdı. O, yerli kəndlilərlə dil tapa bilmir, ağır fiziki əməkdən yayınır və durmadan siqaret çəkirdi.
Dözə bilməyərək bir neçə aydan sonra Pekinə qaçsa da, fərarilik edənlərə qarşı keçirilən reyd zamanı həbs olundu, bir neçə ay əmək düşərgəsində xəndək qazmağa məcbur edildi və yenidən Lyançzyaxeyə qaytarıldı.
Bu dönüş Sinin həyatında dönüş nöqtəsi oldu. Si strategiyasını dəyişərək şəraitə uyğunlaşmağa, kəndlilərin rəğbətini qazanmağa qərar verdi. O, ömrünün tam 7 ilini bu kənddə, torpaqdan qazılmış sadə qazmada (yaodonq) yaşayaraq, bit-birə içində keçirdi, qum arabaları daşıdı, bəndlər tikdi. Eyni zamanda, elmdən qopmadı; dağda qoyun otararkən yanında kitab aparır, tarlada iş fasilələrdə kəlmələrin mənasını öyrənmək üçün Çin lüğətini əzbərləyirdi.
Zamanla o, kəndin ən çalışqan fəhləsinə çevrildi və kəndlilərin hörmətini qazanaraq yerli partiya özəyinin katibi seçildi.

Dövlət zirvəsinə pillə-pillə yüksəliş
Sürgündən sonra Si Cinpin ona bu əzabları yaşadan sistemə nifrət etmək əvəzinə, ironik şəkildə həmin sistemin bir parçası olmağı və onu daxildən fəth etməyi seçdi. Atasının keçmişi ucbatından onun Kommunist Gənclər İttifaqına və Kommunist Partiyasına qəbul edilmə müraciətləri dəfələrlə rədd edildi. O, inadkarlıq nümayiş etdirərək düz 10 dəfə rəsmi ərizə yazdıqdan sonra, nəhayət, 1974-cü ildə ÇKP üzvlüyünə qəbul olundu.
Kəndlilərin zəmanəti və qazandığı nüfuz sayəsində 1975-ci ildə Pekinin nüfuzlu Tsinqhua Universitetinə kimya mühəndisliyi ixtisası üzrə qəbul edildi. Universiteti bitirdikdən sonra Si dövlət iyerarxiyasında pillə-pillə yüksəlməyə başladı.
Siyasi karyerası boyu xalqın içindən çıxmış bir lider imicini qoruyan Si, Hebey, Fucyan və Ceçyanq əyalətlərində, həmçinin Şanxay şəhərində rəhbər vəzifələrdə çalışaraq idarəçilik qabiliyyətini sübut etdi.
Nəhayət, 2012-ci ildə ÇKP-nin Baş katibi, 2013-cü ildə isə Çin Xalq Respublikasının Sədri seçilərək ölkənin ali liderinə çevrildi.
Hakimiyyətə gəldikdən sonra apardığı amansız anti-korrupsiya kampaniyası, konstitusiyaya etdiyi dəyişikliklərlə prezidentlik müddəti məhdudiyyətini ləğv etməsi və öz doktrinasını dövlətin əsas qanununa yazdırması ilə Si Cinpin Mao Zedonqdan sonra Çinin ən güclü və mütləq rəhbəri statusunu möhkəmləndirdi. Gəncliyində mağarada keçən sürgün illəri onu sındırmadı, əksinə, Çin cəmiyyətinin ən dərin qatlarını anlayan və hakimiyyət pillələrində nizamı hər şeydən üstün tutan barışmaz bir lider kimi formalaşdırdı.
“Bir Kəmər-Bir Yol” və yeni qlobal güc
Si Cinpinin müasir siyasi fəaliyyətinin əsasını onun "Böyük Çin Arzusu" adlandırdığı və ölkəni XXI əsrin ortalarına qədər həm iqtisadi, həm də strateji cəhətdən qlobal güc mərkəzinə çevirməyi hədəfləyən milli dirçəliş strategiyası təşkil edir. Bu böyük hədəfə çatmaq üçün o, planetin ən böyük infrastruktur layihəsi olan "Bir Kəmər-Bir Yol" təşəbbüsünü irəli sürərək, Asiya, Afrika və Avropanı əhatə edən ticarət dəhlizləri şəbəkəsi vasitəsilə Çinin qlobal geosiyasi təsirini misilsiz dərəcədə genişləndirib.
Eyni zamanda, daxildə "Çin istehsalı 2025" proqramı ilə ölkəni ucuz işçi qüvvəsi bazasından süni intellekt, mikroçiplər və yaşıl texnologiyalar istehsal edən yüksək texnologiyalar nəhənginə çevirmiş, hərbi sahədə isə Xalq Azadlıq Ordusunu qlobal əməliyyatlar apara biləcək müasir gücə qovuşdurub. Bu iqtisadi və hərbi ekspansiya Çinin beynəlxalq münasibətlər sistemində daha aqressiv və özünəəmin xarici siyasət yürütməsinə rəvac verir.
Bu qlobal iddialar, təbii olaraq, Çinin dünya nizamının digər böyük gücləri, xüsusilə ABŞ və Rusiya ilə münasibətlərini yenidən formalaşdırıb. ABŞ rəhbərliyi ilə münasibətlərdə Si Cinpin administrasiyası "yeni növ böyük dövlət münasibətləri" modelini diktə etməyə çalışsa da, bu əlaqələr son onillikdə dərin rəqabət və gərginlik dövrünə qədəm qoyub.
Donald Trampın dövründə başlayan və Co Bayden administrasiyası zamanı texnoloji və strateji mühasirə formasına keçən ticarət müharibələri, eləcə də Tayvan məsələsi iki ölkəni dəfələrlə birbaşa qarşıdurma həddinə gətirib. Si Cinpin ABŞ liderləri ilə görüşlərində, o cümlədən son illərdə keçirilən kritik sammitlərdə Çinin "qırmızı xətlərini", xüsusilə Tayvanın ayrılmaz Çin torpağı olduğunu və texnoloji sanksiyaların Pekini yolundan döndərə bilməyəcəyini barışmaz bir dillə vurğulayır. O, Vaşinqtonun birtərəfli hegemonluğuna qarşı çıxaraq qlobal idarəçilikdə Çinin söz sahibi olduğu çoxqütblü dünya modelini müdafiə edir.

Ağ Ev və Kremllə güc mübarizəsi
ABŞ ilə münasibətlərdəki bu kəskinləşmə Si Cinpini Rusiya Prezidenti Vladimir Putin ilə tarixin ən sıx strateji tərəfdaşlığını qurmağa sövq etməkdədir. İki lider arasında yaranan şəxsi və ideoloji yaxınlıq Pekin-Moskva xəttini Qərb blokuna qarşı güclü bir geosiyasi oxa çevirib.
Rusiya-Ukrayna müharibəsinin başlamasından dərhal əvvəl, 2022-ci ilin fevralında Pekində keçirilən görüşdə Si və Putin iki ölkə arasındakı dostluğun "hüdudsuz" olduğunu elan edən bəyannamə imzalamışlar. Qərbin Rusiyaya tətbiq etdiyi ağır iqtisadi sanksiyalara baxmayaraq, Si Cinpin Moskva ilə ticarət dövriyyəsini rekord həddə çatdıraraq Rusiyaya mühüm iqtisadi arxa cəbhə təmin edir, lakin eyni zamanda qlobal sanksiyalardan yayınmaq üçün diplomatik balansı qorumağa çalışır.
Çini qlobal sülh vasitəçisi kimi təqdim etmək məqsədilə Ukrayna münaqişəsinin həlli üçün 12 bəndlik sülh planı irəli sürən Si, bununla həm də Qərbin dünyadakı diplomatik inhisarını qırmağa və qlobal cənub ölkələrinin lideri statusunu möhkəmləndirməyə nail olub.
Vaşinqtonla idarə olunan bu kövrək sülh fonunda Si Cinpin özünün ən mühüm geosiyasi müttəfiqi olan Rusiya ilə "hüdudsuz" strateji tərəfdaşlığını nümayiş etdirməkdən çəkinmir. Trampın Pekindən ayrılmasından cəmi bir neçə gün sonra, mayın 20-də Si Cinpin Rusiya Prezidenti Vladimir Putini Pekində möhtəşəm hərbi mərasimlə qarşıladı. İki liderin bu sonuncu Pekin görüşü, Qərbin birtərəfli təzyiqlərinə qarşı vahid bir cəbhənin mövcudluğunu dünyaya nümayiş etdirmək baxımından mühüm rəmzi məna daşıyırdı.
Sammit zamanı Si Cinpin və Vladimir Putin kosmik araşdırmalar, yüksək texnologiyalar və ticarət sahələrində yeni genişmiqyaslı sazişlər imzaladılar. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə alovlanan münaqişələr fonunda enerjinin etibarlı tədarükü məsələlərini təsdiqləyən liderlər, beynəlxalq arenada "birtərəfli zorakılığa" qarşı birgə müqavimət göstərəcəklərini bəyan etdilər. Si Cinpin bu diplomatik gedişləri ilə Çini həm ABŞ, həm də Rusiya ilə birbaşa və bərabərhüquqlu danışıqlar apara bilən, qlobal cənubun maraqlarını müdafiə edən və dünya nizamını öz şərtlərinə uyğun olaraq yenidən formalaşdıran mütləq bir supergücə çevirmək yolundakı qətiyyətini bir daha sübut etdi.
Nazim Hacıyev
Telegram kanalımız