“Nikol Paşinyan doğrudan da xeyli dəyişib. Fikrimcə, onun dəyişməsi politexnoloji baxımdan daha müsbət xarakter daşıyır. O, əvvəllər daha çox düşünülməmiş, şüuraltı hərəkətlər edirdisə, indi özünü hazırcavab kimi göstərir”.
Bunu “Yeni Sabah”a açıqlamasında psixoterapevt Azad İsazadə deyib.
O bildirib ki, Ermənistan Baş nazirinin seçki prosesindəki davranışları onun real xarakteristik xüsusiyyətlərini əks etdirmir: pizza hut
“Paşinyan olduqca çevik siyasətçidir. Onun davranışları tez-tez dəyişir, əvvəl verdiyi vədlərdən imtina edir. Ermənistan Baş nazirinin populist xarakterli hərəkətləri daha çoxdur. Fikir verirsinizsə, o, sosial şəbəkələrdə olduqca aktivdir. Bir tərəfdən guya əhalinin mənfi reaksiyasını nümayiş etdirir və deməyə çalışır ki, istənilən dialoqa girməyə hazıram. Amma indiki davranışları real psixoloji vəziyyətini əks etdirmir. Çox güman ki, onun psixoloji məsləhətçiləri var və həmin məsləhətlərə uyğun olaraq hərəkət edir. Bizim seçki kampaniyasında gördüyümüz Paşinyan, real Paşinyan deyil. Biz onu rol oynayan Paşinyan kimi qiymətləndirməliyik. Yəni indiki davranışları emosional hal deyil, oynadığı roldur”.
A.İsazadənin fikrincə, hazırda Paşinyanın şəxsi reputasiyası xeyli aşağı düşüb:
“Sosioloji sorğular da göstərir ki, seçkilərdə Paşinyana səs verən az olacaq. Ermənistan cəmiyyəti daha çox sülhə səs verəcək. Paşinyan bunu başa düşür və populist siyasətçi kimi öz reytinqini yox, sülh tərəfdarlarını öz tərəfinə çəkmək siyasətini yürüdür. Yəni seçicilər Paşinyana səs vermək istəməsələr də, məcbur olub sülhə səs versinlər. O, vətəndaşları konkret 2 seçim qarşısında qoyur: ya müharibə, ya sülh. Hazırda seçkidə iştirak edən erməni liderlərdən yalnız Paşinyan sülh tərəfdarı kimi çıxış edir. Sülh istəyən seçicilər məcburdur ki, məhz Paşinyanı dıəstəkləsin. Ermənilərin bir çoxu Paşinyanı istəməsə də, sülh xatirinə ona səs verməyə məcburdur. Ona görə də, Paşinyan rahatlıqla istənilən vətəndaşla mübahisə edə bilir və istədiyi fikri diktə edir”.
A.İsazadə vurğulayıb ki, N.Paşinyanın nümayiş etdirdiyi fərqli lider obrazı, həm də risklidir:
“O, klassik lider obrazına xas xüsusiyyətlərdən uzaq durur. Bir çoxlarına görə, rəhbər sanballı olmalı, özünü ağır aparmalıdır. Paşinyan isə həmin paradiqmanı sındırır və özünü çox sadə göstərir. O, sadə, insanlara yaxın imic formalaşdırır. Lakin məlum deyil ki, bu gedişlər Paşinyan üçün faydalı yaxud zərərli olacaq. Populizm insanlar tərəfindən pis bir termin kimi qəbul edilir. Halbuki siyasətdə populizm heç də pis yanaşma deyil. Paşinyan da populizmdən geniş formada istifadə edir”.
Qeyd edək ki, Ermənistanda keçirilən seçki kampaniyası dövründə Baş nazir Nikol Paşinyanın vətəndaşlarla birbaşa təmasları bir neçə dəfə gərgin insidentlər və açıq münaqişələrlə keçib. Müharibədən sonrakı kəskin qütbləşmə mühitində baş tutan regional səfərlər zamanı yerli sakinlər, xüsusilə İkinci Qarabağ müharibəsində ölən hərbçilərin yaxınları və müxalifət tərəfdarları Paşinyanı etiraz fitləri, təhqiramiz şüarlar və “satqın” ittihamları ilə qarşılayırlar. Bunlara cavab olaraq N.Paşinyan tez-tez emosional bəyanatlarla çıxış edir, etirazçıların üstünə qışqırıb və onları ictimai asayişi pozmaqda ittiham edərək hədələyir. Onun bu reaksiyaları erməni cəmiyyətində birmənalı qarşılanmır.
Nazim Hacıyev
Telegram kanalımız