Başına ağac düşən turist əməliyyat olundu – Foto

Başına ağac düşən turist əməliyyat olundu –
İyul 15, 2019
Oxunma sayı: 132

Şəki Xan Sarayının qarşısında təxminən 500 yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan turistlərdən biri əməliyyat olunub. 

“Yeni Sabah” xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı turistlərin yerləşdirildiyi özəl xəstəxanada onların vəziyyəti ilə maraqlanıb.

Turistlərin yerləşdirildiyi “City Hospital”-ın direktoru Bayram Qorçiyev məlumat verərək bildirib ki, xəsarət alan turistlərdən ən kiçiyi – Suriya vətəndaşı olan 1998-ci il təvəllüdlü Sara Al Hasanın sağ bud sümüyünün cisminin ikili yerdəyişməli sınığı üzrə əməliyyat aparılıb. Onun sözlərinə görə, xəstədə sağ bud sümüyünün ostisentez əməliyyatı icra olunub.

B.Qorçiyev bildirib ki, xəstəxanaya daxil olan Sara Al Hasan, Farik Al Hasan və Samirə Al Hasan bir ailənin üzvləridir. Onlar 1 saylı Kliniki Tibbi Mərkəzdən “City Hospital”a təxliyə olunublar: “Xəstələrin müayinəsi və müalicəsi ölkə başçısının tapşırığı əsasında yüksək səviyyədə yerinə yetirilir. Sabah 1965-ci il təvəllüdlü Samirə Al Hasanın əməliyyatı icra olunacaq. Onun şəkəri və yüksək təzyiqi olduğundan hazırda müayinə və müalicəsi aparılır”.

Xəstələrin ailə üzvləri bildiriblər ki, onlar ilk dəfədir ki, Azərbaycana səfər ediblər. Qaliyə Al Hasan bildirib ki, hadisə onlar Xan Sarayına daxil olmaq üçün növbə gözləyərkən baş verib: “Biz 5 nəfərlik ailə üzvlərimizlə Azərbaycana gəlmişik. Şəki Xan Sarayını görmək istəyirdik. Hadisə baş verdikdə anam, atam və bacım ağacın altında olduğu üçün ciddi xəsarət aldılar. Şəkidə onlara tibbi yardım göstərildikdən sonra Bakıya gətirildilər. Hazırda bu xəstəxanada ailə üzvlərimizin müalicəsi aparılır. Azərbaycan dövləti ailə üzvlərimizin müalicəsinə xüsusi diqqət göstərir. Bizi helikopterlə Bakıya gətirdilər. İndi bacım əməliyyat olunub. Anamın vəziyyəti ağırdır. Sabah anamı əməliyyat edəcəklər. Bizə göstərilən diqqət və qayğıdan razıyıq. İnşallah ailə üzvlərimizin vəziyyəti yaxşı olduqdan sonra ölkəmizə qayıdacağıq”.