Evdə istifadə olunmayan əşyaların sayı zaman keçdikcə artır. Bir vaxtlar lazım olan, sonra isə kənara qoyulan paltarlar, qablar, köhnə telefonlar, texnika, mebellər, hətta illərdir açılmayan qutular belə evdə qalmağa davam edir.
“Yeni Sabah” xəbər verir ki, insan həmin əşyalardan istifadə etməsə də, onları atmağa çox vaxt tərəddüd edir. Ən çox deyilən səbəb isə eynidir: “Bəlkə bir gün lazım oldu.”
Bəs niyə insanlar ehtiyac duymadıqları əşyalarla illərlə vidalaşa bilmirlər? Dördpendirli pizza
İnsan bəzən bir əşyanı ona real ehtiyac olduğu üçün deyil, gələcəkdə lazım ola biləcəyi ehtimalına görə saxlayır. Məsələn, illərdir geyinilməyən paltar üçün “arıqlasam geyinərəm”, köhnə cihaz üçün “təmir etdirərəm”, artıq qab-qacaq üçün isə “qonaq gələndə lazım olar” düşüncəsi yaranır. Burada əsas məsələ əşyanın özündən çox, gələcəklə bağlı ehtimaldır. İnsan həmin əşyanı atmaqla mümkün bir ehtiyacı əvvəlcədən itirdiyini düşünür.
“Pul vermişəm, necə atım?”
İstifadə olunmayan əşyaları saxlamağın başqa səbəbi onların vaxtilə pula alınmasıdır. İnsan istifadə etmədiyi bir məhsulu atanda sanki ödədiyi pulun boşa getdiyini hiss edə bilər.
Məsələn, bir neçə il əvvəl baha qiymətə alınmış, amma artıq istifadə olunmayan məişət texnikası uzun müddət evdə qala bilər. Sahibinin fikri isə belə olur: “Bu qədər pul vermişəm, atmaq olmaz.”
Əslində isə həmin əşyanın evdə qalması ödənilən pulu geri qaytarmır. Sadəcə istifadə olunmayan əşya üçün əlavə yer tutulur.
Xatirələr də əşyaları “toxunulmaz” edir
Bəzi əşyalar artıq praktik əhəmiyyətini itirsə də, emosional dəyər daşıyır. Köhnə məktublar, uşaqlıq oyuncaqları, ilk iş yerindən qalan əşyalar, yaxın insandan hədiyyə edilən paltar və ya qablar buna nümunədir.
Belə əşyaları atmaq insana sadəcə bir predmetdən imtina etmək kimi gəlmir. İnsan həmin əşyanı müəyyən bir dövr, insan və ya xatirə ilə əlaqələndirir.
Bu səbəbdən “artıq istifadə etmirəm” demək həmişə “atmağa hazıram” demək deyil.
Evdəki əşyalar niyə getdikcə çoxalır?
Problem ondadır ki, yeni əşyalar evə daxil olur, köhnələr isə çıxmır. Yeni paltar alınır, köhnəsi “evdə geyinərəm” deyə saxlanılır. Yeni telefon alınır, əvvəlki “ehtiyatda qalsın” deyə bir kənara qoyulur. Yeni qab-qacaq alınır, köhnə dəst isə “lazım olar” düşüncəsi ilə dolabda qalır. Beləliklə, illər ərzində evdə istifadə olunan əşyalarla istifadə olunmayanlar bir-birinə qarışır.
İstifadə olunmayan əşyanı atmaq üçün insan bir qərar verməlidir: “Buna artıq ehtiyacım yoxdur.”
Bu isə bəzən düşündüyümüzdən çətin olur. Çünki qərar verdikdən sonra geri qayıtmaq mümkün olmaya bilər. Ona görə də insan ən asan yolu seçir: əşyanı bir küncə qoyur və qərarı təxirə salır.
“Sonra baxaram” deyə saxlanılan əşyaların bir çoxu isə aylarla, hətta illərlə həmin yerdə qalır.
“Bəlkə lazım oldu” düşüncəsindən necə çıxmaq olar?
Evdə artıq əşya yığıldığını hiss edən insan özünə sadə suallar verə bilər:
Bu əşyanı son bir ildə istifadə etmişəmmi?
İndi bu əşyanı itirsəm, yenisini almağa həqiqətən ehtiyac yaranacaqmı?
Bunu saxlayıram, çünki ehtiyacım var, yoxsa sadəcə atmağa heyfim gəlir?
Bu suallar əşyanın real dəyəri ilə ona bağlanan emosional dəyəri ayırmağa kömək edə bilər.
Bəzən istifadə olunmayan əşyanı atmaq israf deyil. Əksinə, evdə yer açmaq, lazımsız yığcamlığı azaltmaq və gündəlik həyatı sadələşdirmək üsuludur.
Aydan Hacı
Telegram kanalımız