Azərbaycanda mənzil sahibi olmaq bir çox insanın ən böyük arzularından biridir. Lakin xüsusilə Bakıda mənzil qiymətlərinin yüksək olması bu arzunu reallaşdırmağı çətinləşdirir. Gənc ailələr və orta gəlirli vətəndaşlar ev almaq üçün illərlə ilkin ödəniş toplamalı, daha sonra isə 20-25 il müddətinə kredit öhdəliyinin altına girməli olurlar. Bəzən aylıq gəlirin böyük hissəsi ipoteka ödənişinə yönəlir, insanlar digər ehtiyaclarından imtina etməli olurlar. Bəs insanları bu qədər uzun müddət kredit ödəməyə vadar edən nədir?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı Elşən Bağırzadə bildirib ki, Azərbaycanda, xüsusilə də Bakıda mənzil qiymətləri ilə əhalinin gəlirləri arasında ciddi uyğunsuzluq var:
“Orta əməkhaqqı alan bir vətəndaşın yalnız öz gəlirləri hesabına mənzil alması olduqca çətindir. Hətta ailədə iki nəfər işləsə belə, gündəlik yaşayış xərclərini nəzərə aldıqda mənzil almaq üçün kifayət qədər vəsait toplamaq uzun illər tələb edir. Üstəlik, iqtisadi fəaliyyətin və iş yerlərinin böyük ölçüdə Bakıda cəmləşməsi paytaxtda mənzilə tələbi və qiymətləri artırır. İnternetdən sifariş
20-25 illik ipoteka krediti götürmək insanların çoxu üçün sərbəst seçimdən daha çox iqtisadi zərurətdir. Kredit müddəti uzandıqca aylıq ödəniş azalır, lakin ödənilən ümumi faiz məbləği artır. Məsələn, illik 8 faizlə 25 il müddətinə 100 min manat ipoteka krediti götürən şəxs bank qarşısında ümumilikdə təxminən 232 min manat ödəniş etmiş olur. Bununla belə, mənzil qiymətlərinin və kirayə haqlarının artması, inflyasiya və gələcəkdə nominal gəlirlərin yüksəlməsi ehtimalı uzunmüddətli ipotekanı müəyyən hallarda iqtisadi baxımdan məqbul edə bilər”.
E.Bağırov qeyd edib ki, burada əsas məsələlərdən biri də aylıq ipoteka ödənişinin ailə büdcəsində hansı paya malik olmasıdır:
“Arzuolunandır ki, bu ödəniş ailənin xalis aylıq gəlirinin 30-35 faizini aşmasın. Əks halda, ailənin təhsil, səhiyyə, istirahət, mədəniyyət, yığım və investisiya imkanları ciddi şəkildə məhdudlaşa bilər. İş yerinin itirilməsi və ya gözlənilməz xərclərin yaranması isə ailəni ciddi maliyyə çətinliyi ilə üz-üzə qoya bilər.
Azərbaycanda mənzil probleminin həllini yalnız ipoteka kreditlərinin genişləndirilməsində görmək doğru deyil. Əhalinin real gəlirlərinin artırılması, əlçatan mənzil təklifinin genişləndirilməsi, kirayə mənzil bazarının inkişaf etdirilməsi və iqtisadi fəaliyyətin regionlar üzrə daha tarazlı yerləşdirilməsi də vacibdir. İnsanların mənzil sahibi olmaq arzusu onların digər həyati ehtiyaclarından uzun illər ərzində imtina etməsi hesabına reallaşmamalıdır”.
Aydan Hacı
Telegram kanalımız