Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 828,4 min ton avtomobil benzini istehsal olunub.
“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. Hesabat dövründə neft məhsullarının istehsalının ümumi dəyəri 3 milyard 463,2 milyon manat təşkil edib. Bu, 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 4,9 faiz azalma deməkdir. Hesabat dövründə ölkədə 74,2 min ton mazut istehsal edilib. Mazut istehsalı illik müqayisədə 31,1 faiz artıb.
Dizel yanacağının istehsalı isə 1 milyon 360,2 min ton olub. Bu məhsul üzrə istehsal ötən ilin eyni dövrünə nisbətən 1,9 faiz azalıb. pizza
Yanvar-iyul aylarında 26,3 min ton sürtkü yağı və 81,7 min ton neft bitumu istehsal edilib. Sürtkü yağlarının istehsalında 20,1 faizlik artım qeydə alınsa da, neft bitumu istehsalı 42,2 faiz geriləyib.
Bundan başqa, hesabat dövründə 107,2 min ton maye qaz, 322,6 min ton ağ neft və 140,3 min ton neft koksu istehsal olunub. İllik müqayisədə neft koksunun istehsalı 10 faiz artıb. Ağ neft istehsalı 20,3 faiz, maye qazların istehsalı isə 19,8 faiz azalıb.
Qeyd edək ki, Azərbaycanda əsas yanacaq məhsullarının istehsalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir. Müəssisə ölkənin benzin, dizel və aviasiya yanacağına olan tələbatının qarşılanmasında mühüm rol oynayır. Zavodda istehsal olunan məhsulların bir hissəsi xarici bazarlara da çıxarılır.
Müəssisənin modernləşdirilməsi və yenidən qurulması layihəsi çərçivəsində istehsal gücünün artırılması, “Avro-5” standartlarına uyğun yanacağın istehsalı, “Azərikimya” İB-nin xammalla təminatının yaxşılaşdırılması və neft məhsullarının ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Telegram kanalımız