2026-cı ilin fevral-mart aylarında Azərbaycan televiziya kanallarında bayağı məzmunlu verilişlərin bağlanması və bir sıra müğənnilərin efirə çıxışının məhdudlaşdırılması ilə bağlı qərarlar qəbul edildi. Bu addımlar uzun müddət cəmiyyətdə müzakirə olunan efir mədəniyyəti, bayağılıq və etik normalar məsələlərinə münasibətin dəyişdirilməsi məqsədi daşıyırdı.
Bəs bu gün efirlərdə keyfiyyət dəyişikliyi hiss olunurmu?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan tanınmış telejurnalist, professor Qulu Məhərrəmli bildirib ki, ilin əvvəlindən görülən tədbirlər nəticəsində efirlərdə bayağılıq və etik qaydaları pozan davranışlar xeyli azalıb: Online shopping Azərbaycan
“Mənə elə gəlir ki, bu ilin əvvəlindən etibarən efirdə bayağı verilişlərin, məişət söhbətlərinin, etik qaydaların pozulmasının və tamaşaçı maraqlarının nəzərə alınmamasının qarşısını almaq istiqamətində atılan addımlar öz təsirini göstərir. Xüsusilə şou-biznes nümayəndələrinin efirdə etik normalara uyğun olmayan davranışları, eləcə də bəzi aparıcıların onlarla eyni səviyyədə çıxış etməsi ciddi problem idi. Hesab edirəm ki, bu halların qarşısını almaq üçün görülən tədbirlər artıq nəticə verir. Hazırda efirdə bu cür hallara, demək olar ki, rast gəlinmir”.
Onun fikrincə, televiziyalar yalnız pul qazanmağı deyil, tamaşaçıya keyfiyyətli məzmun təqdim etməyi əsas məqsəd seçməlidir:
“Bəs televiziya məkanında zövqün və etik normaların qorunması üçün hansı addımlar atılmalıdır? Bunun üçün ilk növbədə hər məsələyə peşəkar yanaşmaq lazımdır. Televiziya fəaliyyəti tamaşaçının maraqları nəzərə alınaraq qurulmalıdır. Əsas məqsəd tamaşaçıya xidmət etmək olarsa, bu cür halların qarşısını almaq mümkündür. Peşəkar yanaşma tələb edir ki, verilişlərin məzmunundan tutmuş iştirakçıların davranışlarına qədər hər məsələdə müəyyən çərçivələr qorunsun. Əgər əsas məqsəd yalnız pul qazanmaq və kimlərinsə reklamını etmək olarsa, bu zaman nöqsanlar da artacaq. Ona görə də televiziya fəaliyyətinin bütün istiqamətlərinə ciddi və peşəkar yanaşılmalıdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız