“15 sentyabr – Bilik Günündə diqqət çəkən ən maraqlı situasiyalardan biri birinci sinfə başlayan uşaqların, xüsusilə də bəzi oğlan uşaqlarının ağlamasıdır. Əslində, bu halı narahatedici bir vəziyyət kimi qiymətləndirmək düzgün deyil. Məktəbin ilk günü uşaq üçün kifayət qədər böyük dəyişiklikdir. Yeni məkan, yeni müəllim, tanımadığı uşaqlar, fərqli qaydalar və ən əsası, valideyndən ayrılmaq uşağın emosional olaraq gərginlik yaşamasına səbəb ola bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında psixoloq Zeynəb Əyyubova deyib. O bildirib ki, bu, bütün oğlan uşaqlarına aid xüsusiyyət deyil:
“Uşaqlar hisslərini böyüklər kimi ifadə edə bilmədikləri üçün bu narahatlıq bəzən ağlama şəklində özünü göstərir. Yəni uşaq ağlamaqla əslində “qorxuram”, “həyəcanlıyam”, “burada nə baş verəcəyini bilmirəm” və ya “anamdan ayrılmaq istəmirəm” mesajını verir. Oğlan uşaqlarının məktəbə daha çətin adaptasiya olması fikrinə isə ümumi yanaşmaq doğru deyil. Adaptasiya daha çox uşağın fərdi xüsusiyyətlərindən, temperamentindən, əvvəlki sosial təcrübəsindən, valideynlə münasibətindən və ayrılıq təcrübəsindən asılıdır. Sadəcə bəzi oğlan uşaqları yaşadıqları emosiyanı sözlə ifadə etməkdə çətinlik çəkə və bunu daha çox ağlama, narahatlıq və ya davranış dəyişiklikləri ilə göstərə bilərlər. Amma bu, bütün oğlan uşaqlarına aid xüsusiyyət deyil”. Marqarita pizza
Psixoloq əlavə edib ki, uşağın hissini qəbul etmək lazımdır:
“Valideynlərin bu mərhələdə davranışı çox önəmlidir. İlk növbədə uşağa məktəbi qorxulu və məcburi bir yer kimi təqdim etməmək lazımdır. Məktəb haqqında əvvəlcədən pozitiv, amma reallığa uyğun danışmaq, uşağın suallarını cavablandırmaq və gündəlik rejimini tədricən məktəb rejiminə uyğunlaşdırmaq faydalıdır. Uşaq məktəbin ilk günü ağlayırsa, “Ağlama, sən artıq böyümüsən”, “Oğlan uşağı ağlamaz” kimi ifadələrdən istifadə etmək düzgün deyil. Əksinə, uşağın hissini qəbul etmək lazımdır: “Sənin üçün bir az çətindir, bunu başa düşürəm. Amma sən təhlükəsizdəsən və mən məktəbdən sonra gəlib səni götürəcəyəm”. Həmçinin sağollaşma prosesini çox uzatmamaq vacibdir. Valideyn nə qədər narahat və tərəddüdlü görünərsə, uşaq da bir o qədər narahat ola bilər. Uşaq valideynin davranışından məktəbin təhlükəsiz və etibarlı bir mühit olub-olmadığı barədə siqnal alır”.
Z.Əyyubova vurğulayıb ki, hər uşağın adaptasiya sürəti müxtəlifdir:
“Ən əsası isə hər uşağın adaptasiya sürətinin fərqli olduğunu qəbul etməkdir. Kiminsə məktəbə uyğunlaşması bir neçə gün, kiminsə isə bir neçə həftə çəkə bilər. Uşağı digər uşaqlarla müqayisə etmək əvəzinə ona zaman, anlayış və emosional dəstək vermək lazımdır. Məktəbin ilk günü tökülən göz yaşları bəzən valideyn üçün böyük problem kimi görünür. Halbuki çox vaxt bu, sadəcə uşağın həyatındakı yeni mərhələyə keçid reaksiyasıdır. Əsas məsələ uşağın ağlamamasını təmin etmək deyil, onun yaşadığı emosiyanı təhlükəsiz şəkildə keçirməsinə kömək etməkdir”.
Nazim Hacıyev
Telegram kanalımız