ABŞ-də elə bir park var ki, burada torpağı qazmaq adi iş deyil. Ziyarətçilər qazıntı zamanı qiymətli daş, hətta almaz tapa bilirlər.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Arkanzas ştatında yerləşən “Crater of Diamonds” Dövlət Parkında 2026-cı ilin əvvəlindən indiyədək ziyarətçilər tərəfindən 214 almaz tapılaraq qeydə alınıb.
Sonuncu maraqlı tapıntının sahibi Keşia Smit olub. Qadın atasını almazı tapmasından təxminən bir həftə əvvəl, oğlunu isə ötən ilin oktyabrında itirib. Yaşadığı ağır itkilərdən sonra Smit tez-tez bu parka getməyə başlayıb. Sezar pizza
Parkın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada ziyarətçilərə müəyyən olunmuş ərazidə almaz axtarmağa icazə verilir. İnsanlar öz alətlərindən istifadə edərək torpağı qazır, çıxardıqları torpağı ələkdən keçirir və qiymətli daş axtarırlar. Tapılan daşlar daha sonra park əməkdaşlarına təqdim olunur. Mütəxəssislər daşları yoxlayaraq onların almaz olub-olmadığını müəyyənləşdirir və tapıntını qeydə alırlar.
Smit də parkın cənub hissəsində torpağı qazarkən beldə parıldayan bir daş görüb. O, daşı əvvəlcə çantasına qoyub, daha sonra ətrafındakı insanlara göstərib. Digər ziyarətçilərin məsləhəti ilə daşı park əməkdaşlarına aparan qadın burada gözləmədiyi xəbəri alıb. Yoxlama nəticəsində daşın 3,09 karat ağırlığında ağ almaz olduğu müəyyənləşib.
Təxminən muncuq böyüklüyündə olan almazın hamar və düz səthə malik olduğu bildirilib. Smit isə daşı ilk gördüyü zaman onun ürəyə bənzədiyini deyib.
Yaşadığı iki böyük itkidən sonra tapdığı almazın onun üçün xüsusi məna daşıdığını bildirən qadın daşa iki nəvəsinin adından ilhamlanaraq “Za’Novia Liberty Diamond” adını verib. 3,09 karatlıq almaz parkda 2026-cı ildə tapılan və qeydə alınan ikinci ən böyük almaz olub.
Park rəhbərliyinin məlumatına görə, ilin əvvəlindən bəri ziyarətçilər tərəfindən tapılaraq qeydə alınan almazların ümumi sayı 214-ə çatıb.
Ən maraqlısı isə budur ki, parkda tapılan almazları dövlət ziyarətçilərdən almır. Qaydalara əsasən, tapılan qiymətli daş həmin şəxsin özündə qalır. Park əməkdaşları yalnız daşın almaz olub-olmadığını yoxlayır, çəkisini müəyyənləşdirir və tapıntını qeydə alırlar. Bundan sonra almazın taleyinə onun sahibi qərar verir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız