Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bir il əvvəl idi: Xəyalı itirdik, xəyalımıza qovuşduq...
16 Okt 2021 20:59
2879

Bir il əvvəl idi: Xəyalı itirdik, xəyalımıza qovuşduq...

Düz bir il əvvəl idi. Rayondan zəng gəldi. Dedilər ki, qohumumuz Xəyal şəhid olub...

Tam bir il əvvəl idi. Elə bu saatlar idi...

Xəyalın yas – mənim düşüncələrimə görə isə ölümsüzlüyə qovuşduğu gün idi...

Füzuli rayonunun Zobucuq qəsəbəsində toplanmışdıq. Xəlalsız ilk günümüz üçün...

El dili ilə desək yas mərasiminə toplanmışdıq...

Burada – bu vida mərasimində ürəyi Xəyalın azad etdiyi torpalarımızla eyni zamanda vuran adamlar var idi. Bu orada, topun-raketin altında olan hər kəs üçün yaddaşdan silinməz bir gün idi...

Biz həmin anda Ali Baş Komandanını elanını gözləyirdik. O Xəyalla bağlı danışacaqdı. Xəyalın azad etdiyi ata yurdu haqda bizə və hamıya - bütün Respublikaya məlumat verəcəkdi. 

Xəyalı itirmişdik. Əbədiyyətə təslim etmişdik onu. Ana torpağa tapşırmışdıq. Amma içimizdə bir qüdrət, bir yenilməzlik var idi. Bilirdik ki, bizim Xəyalımız reallaşıb. Bizim Xəyalımız kürəyindən deyil, ürəyindən vurulub. O atasının ata yurdunu tər-təmiz azad edib düşmənlərdən.

Xəyalın şəhidliyi günü bizim gözlərimiz onun komandirinin, Ali Baş Komandanının ağzına dikilmişdi. Bizim qürur duyacağımız bir ünvan var idi. Xəyal Füzulini, atasının onun yaşında məğlub olaraq tərk etdiyi torpaqlara qalib bir ordunun əsgəri kimi daxil olub. Biz bunu bilirdik. Xəyalın Füzulini azad edib sonra can verdiyini bilirdik. Xəyalın heç zaman görmədiyi, ayaq basmadığı ata torpaqlarına ayaq basdığına öz adımız kimi əmin idik. Amma bunu onun komandanın dilindən eşitmək ayrı bir gözlənti idi. Biz bunu gözləyirdik... 

Xəyalı ana torpağa əmanət edib onun ata torpağının azadlığı haqda rəsmi xəbər gözləyirdik. Bu gecikə bilməzdi.

Xəyalın komandanı – Ali Baş Komandanı elə onun şəhadətə qovuşduğu gün bütün Azərbaycana – bütün dünyaya elan etdi: 

Füzuli rayonu düşməndən azad edilib... 

Biz Xəyalımızın vidasına yığışmışdıq. Amma belə bir məqamda hərbi qələbə elan olundu. Ən yüksək tribunadan bildirildi ki, Xəyalımız gerçəkdir. Artıq Cəbrayıldan sonra Füzulimiz də azad olunub. Şuşaya gedən yolumuz açılıb... 

Bir gözümüz ağlayır – Xəyalı həmişəlik itirdiyimiz üçün. Amma bir gözümüz də sevinclidir... Gözümüzdən yaş axır. 28 illlik həsrət bitdi. Minlərlə xəyallarımız xəyal olsa belə...

Mən bu yazının müəllifi olaraq Xəyalla heç zaman üz-üzə gəlmədim. Yaxın qohum olsaq da, onu sağlığında şəxsən tanıya bilmədim. O, məndən yaşca çox kiçik, amma ruh olaraq çox böyük idi. Elə bir zirvədə idi ki, indi onu mən ancaq xatirələrdə oxuya, ya da görə bilirəm. 

Onu kim yetişdirdi, necə yetişdirdi bilmirəm. Ona ana vətənimizi kim bu qədər sevdirdi, bilmirəm. Mən bu sevgini bəlkə də bu qədər hiss edə bilmədim...

Amma o 19 yaşlı qəhrəman atasının, anasının və bütün nəslinin ana və ata yurdunu özünə qaytardı. 

Bu gün minlərlə Xəyal bizim üçün xəyaldır. Onları yalnız xatirələrdə tanıya bilirik. Amma xəyal olduğu qədər də realdır. Biz ümmət olaraq sizin qarşınızda baş əyirik. Əyəcəyik də. Sonsuza qədər. 

Üsyan sizin haqqınız idi. Bizdən sizə salam olsun....

Elnur Məmmədli

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər