Cari ilin son 8 ayının istehlak qiymətləri səviyyəsinə baxdıqda bu ay ərzində 5,7%-lik inflyasiyanın nisbətən yüksələcəyi ehtimalı var. Çünki ilin sentyabr ayı həmişə alış-verişin sürətləndiyi, genişləndiyi ay sayılır. Bu da yeni tədris ilinin başlanması, başqa sözlə desəm, valideynlərin məktəb xərclərinin ortaya çıxması ilə əlaqədar baş verir.
Sual yaranır ki, bəs görəsən bu il necə, sözügedən xərclərdə nəsə bir dəyişiklik, artım və yaxud azalma yaranıbmı? Məktəbli forması, ayaqqabı, çanta, dəftərxana ləvazimatları və digər zəruri alış-verişlər müvafiq ailələrin büdcələrinə keçən ildəkindən az, yoxsa çox yük təsiri bağışlayacaq? Ümumiyyətlə, bir uşağın bu ilin sentyabrında yeni tədris ilinə getməyi neçəyə başa gəlir?
Öncə qeyd edim ki, ildən-ilə istehlak qiymətləri indeksində yalnız yuxarıya doğru dəyişiklik baş verdiyindən bu və ya digər xərclərdə heç bir hər hansı formada azalmadan söhbət gedə bilməz. Cari ilin yanvar-avqust aylarında ümumi istehlak qiymətləri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,7% artıb ki, qeyri-qida məhsulları üzrə bu rəqəm 3,7% təşkil edib. İlkin olaraq ən azı bu rəqəm də varsa, uşağın yeni tədris ilinə ayaq basması üçün alınmalı olan təhsil və tədris ləvazimatlarının üstünə oturacaq və yaxud da, oturub artıq... pizza sifarişi
Hər il sentyabrda tələbatın bir az da artıq olduğunu nəzərə aldıqda isə demək, 3,7% bir az daha da şişəcək. Bundan əlavə, çeşid, yəni keyfiyyət məsələlərini də diqqət mərkəzinə gətirdikdə bir uşağın cari ildə məktəbə getməyi keçən ildəki ilə müqayisədə orta hesabla 10%-dən çox baha başa gəlir. Bu da 250-300 manatdan yuxarı deməkdir.
İndi gəlin nəzər yetirək görək əhalinin nominal gəlirləri, həmçinin orta aylıq nominal əməkhaqqı nə qədər və hansı səviyyədə artıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri 63 milyard 511,3 milyon manat təşkil etməklə ötən ilin eyni dövrü ilə müqayisədə 9,4% artıb. Yanvar-iyul aylarında isə illik artım 9,8% idi. Göründüyü kimi, gəlirlərin artım tempi 0,4 faiz bənd zəifləyib.
Orta aylıq nominal əməkhaqqına gəldikdə isə 2026-cı ilin yanvar-iyul ayları üzrə sözügedən göstərici 1176,7 manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% yüksəlib.
Qeyd edim ki, əvvəlki müqayisəli göstərici 7% təşkil etməklə illik artım tempi 0,2 faiz bənd yüksəlmiş hesab olunsa da bu rəqəm özü də cari ildə bir uşağın məktəbə getməyinin keçən ildəki ilə müqayisədə orta hesabla 10%-dən çox baha başa gəlməsi göstəricisindən aşağı sayılır.
Bütün bu qeyd edilənlərə əsasən də əldə olunan qənaət budur ki, cari ildə yeni tədris ili bir neçə məktəbli uşağı olan ailələr üçün daha ciddi maliyyə yükü yaradacaq və yaxud artıq, yaradıb da... Belə ki, 1 uşağın yeni tədris ilinə başlaması, ölkə üzrə orta aylıq nominal əməkhaqqı səviyyəsi göstəricinin 25%-dən çox hissəsinə bərabər məbləğdə başa gəlirsə, demək, 2 və ya daha çox məktəbli yaşında uşağı olanlar üçün bu rəqəm 1000 manat civarında təşkil edir.
Pərviz Heydərov
Oxu.az
Telegram kanalımız