7 İyul - 02:35


“Bratva” jurnalistikası...

“Bratva” jurnalistikası...

Yazar

11 May 2022 16:01 2130


Toplumda yazılmamış qanunlara bağlılıq daha möhkəm olanda insanların dəyəri o qədər də önəm kəsb etmir. Burada vacib olan yazılmayan qanunlara sədaqətdir. Ənənlər pozulmamalıdır. Hər şey vaxtında, dəqiq, qüsursuz yerinə yetirilməlidir. 

Səni izləyirlər. Hətta yatdığın yerdə də kontrol altındasan, yuxuların dinlənilir. Hər kəs bir-birini güdür. Lupa altındasan. Ayağını kənara qoyma. Xidmətin mütləq qiymətləndiriləcək.

Şəxsi mədəniyyət önəmsizdir. Səndən kim mədəniyyət tələb edir ki?! Hətta ölkənin Mədəniyyət Nazirliyində ən böyük mədəniyyətsizlik - korrupsiya və rüşvətxorluq aşkar olunursa, sənin mədəni olub-olmamağın çoxmu əhəmiyyətlidir.

İcra başçısı söyür, polis döyür, nazir soyur, prokuror tutur... Ürəyin söymək istəyir, sən də söy! Kimisə hədələmək istəyirsən, hədələ! “Vor” dilində danış. İndi uşaqlar da “oğru qanunları” ilə böyüyür. Sənə kim nə deyəcək ki?

Nə olsun ki, jurnalistsən?! Nə olsun ki, əksər üçün hələ də ən kübar hesab olunan peşənin nümayəndəsisən. Axı sən də bu coğrafiyanın torpağında gəzib, suyundan içmisən. Olduğun kimi görün! İçindəki xıltı ortaya tök! Tök ki, hər kəs sənin başqalarından fərqli olmadığını görsün.

Söy, hədələ, dilini kəs, əlini kəs, üzünü bozart, barmağını silkələ... Sən axı bizdən birisən. Belə olanda, daha təbii görünürsən. Ən gözəl maska da səni eybəcər göstərəcək. Amma hərəkətlərin, davranışın içində olan adamı təkrar etsə, gözəl olmasan da, təbii görünəcəksən. Bildiyim qədər “oğru qanunları” da təbiiliyin, səmimiliyin tərəfindədir, ikiüzlülüyün yox.

Hər birimiz “bratva” toplumun bir parçasıyıq. Bir-birimizdən nəyisə niyə gizlədək ki? Biz yazılı qanunları pozub, bu pozuntuların yaratdığı məsuliyyətdən yazılmamış qanunlarla yayınan adamlar deyilikmi? Hamımız bir avtobusdayıq. Eyni ünvandan çıxıb, eyni dayanacağa gedirik. Və təəssüflər olsun ki, istiqaməti “Zek”lər təyin edir. Hardayıq? Hara gedirik? Qarşıdakı qaranlıq kölgə dalana oxşayır...

İçəridəyik. Əfv gözləyirik.

Elnur Məmmədli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!