“Bu həkim-cəlladların hamısı həbs olunmalıdır!” – Tələb 

“Bu həkim-cəlladların hamısı həbs olunmalıdır!” –
May 13, 2019
Oxunma sayı: 201

“Dövlət Komitəsinin qız uşaqlarının kəskin azdılmasına məhz abortların səbəb olması haqda açıqlaması ciddi narahatçılıq yaradır. Bu hadisəni sükutla qarşılamaq olmaz”.

“Yeni Sabah” xəbər verir ki, bunu BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib. O,  bunun qarşısının alınması üçün qanunvericilikdə ciddi dəyişikliklər olunmalı və qız övladlarımızı məhv edən həkimlərə ən ağır cəza verilməklə yanaşı onların həkimlik fəaliyyətinin qanunla ləğv olunmasını təklif edir: 

“Hətta bu məsələdə həkimlərlə cinayətə girən valideyinlər də cinayətə cəlb edilməlidir. Bilirsiniz, on minlərlə qız övladlarımızın məhv edilməsi bir dövlət olaraq nə deməkdir?! 21-ci əsrdə bunun baş verməsi çox dəhşətli faktdır. Biz mütləq şəkildə bunun qarşısının alınması üçün müvafiq addımlar atmalıyıq.

Bunlar tək özlərinə deyil, dövlətə və xalqımıza ciddi ziyan vururlar. Genefondumuzu məhv edirlər.

Mən bununla bağlı sosial şəbəkədə də müzakirələr aparmışam və qeyd etmişəm ki, bir müddətdən sonra oğlan övladlarını arzulayan valideyinlər fikirləşmir ki, bunu hansı ana dünyaya gətirəcək! Bu cür cahil təfəkkürün qarşısı qəti şəkildə alınmalıdır. 

Düzdür, yüzə yaxın şəxs, xüsusən həkimlik peşəsi ilə məşğul olan şəxslər mənim fikirlərimi dəstəklədilər. Ancaq bütün cəmiyyət bu məsələyə diqqət ayırmalıdır. Vətəndaş Cəmiyyətinin nümayəndələri təşəbbüs qaldırmalıdır! Niyə susursunuz?! QHT rəhbərləri susmamalıdır! Ziyalılar, siyasətçilər, deputatlar bu məsələ öz mövqeyini nümayiş etdirməlidirlər. Düşünürəm ki, bunun qarşısının alınması üçün Milli Məclisdə qanuna əlavə və dəyişikliklər olmalıdır. Təbii ki, həkim müdaxiləsinin qaçılmaz olduğundan söhbət getmir. Əvvəlcədən gələcək övladının cinsinin qız olduğunu bilib və bu səbəbdən həkim-cəlladla pulun müqabilində işbirliyi edib bu cinayəti törədən şəxslərlə bağlı çox sərt qanun qəbul edilməlidir”.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasında deyilirdi ki, son illər Azərbaycanda qadınların sayı 10 minlərlə azalıb: “Əgər qız uşaqları abort vasitəsilə öldürülməsəydi, Azərbaycanda hər 100 qıza 105 oğlan düşəcəkdi. Ölkədə qız uşaqlarının abort yolu ilə öldürülməsi halları hələ də mövcuddur. Ona görə də hər 100 qıza 115 oğlan düşür. Bu da o deməkdir ki, ölkədə qadınların sayında əvvəlki illərə nisbətdə ciddi şəkildə azalma müşahidə olunur. Bununla da balans və tarazlıq pozulub. Ona görə də cins nisbətinin pozulması halları gələcəkdə böyük problemlərə gətirib çıxaracaq”. 

 

“Bu həkim-cəlladların hamısı həbs olunmalıdır!” –