Bir sıra iş yerlərində əməkdaşların iş vaxtı mobil telefondan istifadə etməsinə məhdudiyyət qoyulur. Xüsusilə kassir, satıcı, operator və müştərilərlə birbaşa ünsiyyətdə olan işçilər üçün bu cür qaydalar daha çox tətbiq edilir. Bəzi müəssisələrdə isə əməkdaşların iş saatlarında oturmasına belə icazə verilmir. Bəs işəgötürən bu qadağaları hansı həddə qədər tətbiq edə bilər? İşçinin telefonundan istifadə etməsinə və oturmasına tam qadağa qoymaq qanunidirmi?
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov “Yeni Sabah”a açıqlamasında bildirib ki, işəgötürənlər əmək qanunvericiliyinə zidd olmamaq şərtilə müəssisədaxili nizam qaydaları müəyyən edə bilərlər.
Onun sözlərinə görə, iş rejimi tələb etdiyi halda, əməkdaşların mobil cihazlarından istifadəsinə məhdudiyyət qoyulması mümkündür: pizza sifarişi
“Əgər iş rejimi tələb edirsə, işçinin mobil cihazları alına və saxlanıla bilər. Amma belə olan halda yaxşı olar ki, işçilərin ailə üzvləri bilsinlər ki, hansısa təcili vəziyyət zamanı zəng edə biləcəkləri xüsusi telefon və ya nömrə var.
Əgər kassirin və ya operatorun iş başında telefonundan istifadə etməsi onun diqqətini yayındıracaqsa, işəgötürən belə bir məhdudiyyət tətbiq edə bilər. Məsələn, kassir müştəridən aldığı məhsulları yoxlayır, kassaya vurur, ödəniş qəbul edir. Bu, diqqət tələb edən işdir. Əgər həmin satış şəbəkəsinin belə daxili qaydaları varsa, buna normal baxmaq olar”.
S.Məmmədov qeyd edib ki, əsas məsələlərdən biri də işçinin təcili hallarda yaxınları ilə əlaqə saxlaya bilməsi üçün imkan yaradılmasıdır.
“İşçilərin yaxınlarının, ailə üzvlərinin təcili halda əlaqə saxlaması üçün bir imkan yaradılmalıdır ki, hansısa fövqəladə vəziyyət yaranarsa, xəbər verə bilsinlər”, – deyə o vurğulayıb.
Ekspert işçilərin ayaqüstə işlədilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bəzi iş yerlərində işçinin ayaqüstə dayanması işin xarakterindən irəli gələ bilər:
“Elə iş yerləri var ki, orada ayaqüstə durmaq tələb oluna bilər. Məsələn, otellərin resepsionunda, qəbul yerlərində və sair. Burada ən çox şikayətlərdən biri işçilərin ayaqüstə saxlanılması ilə bağlıdır. Amma bu, müəyyən saatları əhatə etməlidir.
Bəzən işəgötürənlər işçiləri iş vaxtından artıq işlədərək səkkiz saat əvəzinə 12 saat çalışdırırlar. 12 saat bir işçinin ayaqüstə durması, əlbəttə, sonda onun sağlamlığına ziyan vura bilər”.
Sahib Məmmədovun sözlərinə görə, işəgötürən əmək və əməyin mühafizəsi qaydalarına riayət etməli, işçinin sağlamlığı üçün təhlükə yaradan şərait yaratmamalıdır.
“Əməyin mühafizəsi qaydalarına riayət edilməlidir. İşəgötürən işçinin sağlamlığına cavabdehdir. Ona görə də onu istismar etməməli, əməkdaşlıq etməli və işçi üçün lazımi şərait yaratmalıdır”, – deyə o əlavə edib.
Aytac Əliyeva
Telegram kanalımız