Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin tədricən ləğv olunması prosesi aparılır. Həmin məktəblərin bir qismi əvvəlcə Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Təhsil İdarəsindən alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətinə verilib.
Məsələn, Sabunçu rayonunun Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə fəaliyyət göstərən Xankəndi şəhər Nizami Gəncəvi adına məktəb Xankəndiyə köçürüldükdən sonra həmin təhsil müəssisəsi Bakı şəhəri 338 nömrəli tam orta məktəb adı ilə fəaliyyətini davam etdirib. Lakin Xocalı şəhər Malıbəyli kənd 1 nömrəli tam orta məktəbi Xocalıya köçürülmədiyi halda, onun əvvəlki adı və tabeliyi dəyişdirilib, məktəb Bakı şəhəri 339 nömrəli tam orta ümumtəhsil məktəbi adlandırılıb.
Amma son vaxtlar şagird sayının azlığı və optimallaşdırma çərçivəsində bir sıra məcburi köçkün məktəblərinin azad olunmuş Qarabağ və Şərqi Zəgəzur bölgəsinə köç həyata keçirilmədən ləğv edildiyi, şagirdlərinin isə ərazi üzrə digər ümumtəhsil məktəblərinə köçürülməsi barədə məlumatlar var. Marqarita pizza
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında mərhələli köç prosesi baş vermədən qaçqın məktəblərinin ləğvinə qarşı olduğunu bildirib.
O, Qubadlı rayonuna köç prosesinin başlamamasına rəğmən, Bakıdakı mərkəblərinin ləğvinə başlandığını xatırladıb.
“Mərhələli köç baş vermədən, yekunlaşmadan bu addımların atılması, Bakıda yerləşən bütün qaçqın məktəblərinin araşdırma aparılmadan, ciddi bir təhlil olunmadan sürətli bir formada Bakı Şəhər Təhsil İdarəsinə verilməsini mən doğru hesab etmirəm. Bakıda məktəb sıxlığı var, onsuz da insanlarımızın hamısı köçməyib. Bu gün hələ də Qubadlı rayonunda heç bir məskunlaşma həyata keçməyib. Amma Elm və Təhsil Nazirliyi Bakıda yerləşən Qubadlı rayonuna aid olan məktəblərin bağlanması prosesinə başlayıb. Bu digər bölgələrə də aiddir”.
Deputat həmin məktəblərdə çalışan müəllimlərin, texniki işçilərin, şagirdlərin aqibəti barədə ciddi düşünməli olduğunu bildirib.
“Bu gün çoxlu sayda müəllimin işsiz qalması məsələsi var, çoxlu sayda texniki işçilərlə bağlı problem var. İndi müəllimlərin yerləşdirilməsi həyata keçirilir, amma çoxlu sayda texniki işçilər də var. Əgər məktəb varsa, mütləq köçürülsün amma məktəb yoxdursa, nə üçün biz sürətli formada bu addımı atırıq?".
Deputat eyni zamanda bildirib ki, həmin məktəblərin bir hissəsi gələcəkdə muzey kimi istifadə oluna bilər. Onun fikirlərinə görə, tarixi yaddaşı qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq hər kəsin borcudur.
Telegram kanalımız