Bu “yadplanetlli” insanlara toxunmaq istəyirdim...
07 Apr 2020 08:44
499

Bu “yadplanetlli” insanlara toxunmaq istəyirdim...

Şəhər sükut içində. Böyük prospektlərdən seyrək maşınlar ötüşür. Həmişə qələbəlik olan 28 May ətrafında tək- tək maskalı və əlçəkli insanlar gözə dəyir. Polislər və hərbçilər küçə kəsişmələrində dayanıblar, ötən şəxsləri bəzən saxlayıb sorğu-sual edirlər.

Süleyman Rüstəm küçəsində bir qrup ağ geyimli və maskalı insanlar, belində sarı balonları küçəni dezinfeksiya edirlər.

Bu qəribə geyimli insanlar karantin elan olunandan şəhərin müxtəlif yerlərində gözümə dəyirdilər. Amma heç zaman cürət edib onlara yaxınlaşa bilmirdim. Kombinzonlarına baxanda özümü havası olmayan bir məkanda hiss edirəm. Elə bilirəm mən zamansız bir fəzadayam, cansızam, yarpaq kimi taleyin hökmünə buraxılmışam.

Bu gün cəsarətləndim. Onları görən kimi maşını saxladım. Elə həyacanlı idim ki, hətta maşını yolkənarına çəkməyi belə unutdum.

Bizim qayğımıza qalan yadplanetlli təsiri bağışlayan qəribə insanları yaxından görmək, onlara toxunmaq, bir kəlmə kəsmək istəyirdim.

Maşından endim, amma onlara yaxın gedə bilmədim, elə bil ayaqlarımı yerə mıxladılar, qeyri-ixtiyarı qarşılarında baş əydim, onlar isə mənə heç fikir vermədən işlərinə davam edirdilər. Əslində, baş əymək, heç ağlıma gəlməmişdi, amma necəsə təşəkkür etmək, o möcüzə pərdəsinin altına boylanıb o insanları yaxından görmək istəyirdim.

Ağır-ağır getmələri yaşlı olmalarını göstərir. Həm də çox arxayın, əminliklə hərəkət edirlər. Ətrafı dərmanlayanda işə o qədər aludə olurlar, sanki virusun harda gizləndiklərini dəqiq bilirlər.

Yanımdan ötdükləri müddətdə başımı qaldırıb onlara baxa bilmədim.

Ərzaq dükanın qarşısında çörək alıb çıxan biri telefonla onların fotosunu çəkirdi. Hiss etdim ki, kombinzonlu, kürəklərində sarı balon daşıyan adamlara təzim etməyim, əlində çörək olan şəxsin diqqətindən yayınmayıb, fotomuzu çəkib. Bəlkə bu kompazisiya onun üçün qeyri-adi idi, ona tərəf baxdım, gülümsədi, üzündə maska vardı, gülümsəməni gözlərindən hiss etdim. Çəkdiyi şəkli mənə göndərməyini istərdim, amma utandım istəməyə.

Azadlıq prospekti ilə sahilə çıxdım, sahil yolu Azneft dairəsindən, İçəri şəhər metrosu yanından Yasamal tərəfə qalxdım. Küçələr boyu düzülən reklam lövhələrindən #bizbirlikdəgüclüyük, #evdə qal, #məsuliyyətliolaq kimi çağırışlar qaçan sətirlərlə bir- birini əvəz edir. Parkların girişlərinə "giriş qadağandır" qırmızı rəngli lövhələr qoyulub.

Ağır günlər səssiz olur, bunu içdən duyursan, insanların gözündən oxuyursan, beləcə sükutla yaşayırıq...

Şahbaz Xuduoğlu

Oxşar xəbərlər