İtaliyada məktəblərdə burka və niqab geyinilməsi qadağan edilib. Bundan başqa, xarici mənşəli şagirdlərin siniflərdə sayına 30 faizlik məhdudiyyət qoyulub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, İtaliya parlamentinin Deputatlar Palatası ölkənin təhsil sistemində bir sıra dəyişiklikləri nəzərdə tutan “Scuola” adlı qanun layihəsini 142 lehinə, 112 əleyhinə səslə qəbul edib. Dörd deputat bitərəf qalıb. Sənəd noyabrın 20-də Senat tərəfindən də təsdiqlənib. Online alış-veriş
Qanuna əsasən, birinci siniflərdə xarici mənşəli şagirdlərin sayı 30 faizlə məhdudlaşdırılacaq. Lakin italyan dilini kifayət qədər bilən şagirdlər bu qaydadan istisna olunacaqlar.
Sənədin ən çox müzakirə doğuran müddəalarından biri də məktəblərdə üzü örtən geyimlərin qadağan edilməsidir. Belə ki, yeni qaydalar çərçivəsində müsəlman qız şagirdlərin dərslərdə burka və niqabdan istifadə etməsinə icazə verilməyəcək.
Qanunvericilikdə xarici valideynlər üçün italyan dili kurslarının təşkili də nəzərdə tutulur. Məqsəd xarici mənşəli şagirdlərin təhsil mühitinə inteqrasiyasını asanlaşdırmaqdır.
Sənədə əsasən, məktəb və universitet dərsliklərinin elektron versiyaları çap nəşrlərinin qiymətindən ən azı 50 faiz ucuz təklif edilməlidir. Bu addımın tədris materiallarını daha əlçatan etmək və ailələrin təhsil xərclərini azaltmaq məqsədi daşıdığı bildirilir.
Qanun layihəsinin parlamentdə müzakirəsi zamanı müxalifət deputatları etirazlarını plakatlarla ifadə ediblər. Onların üzərində “Məktəbdə heç kim əcnəbi deyil” şüarı yazılıb.
Müxalifət nümayəndələri hesab edirlər ki, xarici şagirdlərin sayına məhdudiyyət qoyulması ayrı-seçkiliyə yol açır və təhsil sisteminin real problemlərini həll etmir.
Telegram kanalımız