DİN-dən sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı  AÇIQLAMA
26 İyn 2020 22:46
8770

DİN-dən sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı AÇIQLAMA

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb.

Yenisabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən bildirilib ki, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir.

"O da müəyyən edilmişdir ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilmiş və profilaktik söhbət aparılmışdır. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirmiş və bu əməllərindən peşman olduqlarını qeyd etmişlər", - deyə xəbərdə bildirilib.

Oxşar xəbərlər