“Geomaqnit qasırğaları günəş aktivliyi nəticəsində Yerin maqnit sahəsinin pozulması zamanı baş verir. Günəş aktivliyi nəticəsində bütün günəş sistemi boyunca fəzaya günəş küləyi kimi tanınan yüklü hissəciklər atılır. Günəşin səthində güclü partlayışlar və püskürmələr günəş sistemindəki maqnit sahələrinə təsir edərək tac kütləsinin sıçrayışla atılmasına (CME) səbəb olur. Həddindən artıq günəş aktivliyi maqnitosferi kəskin şəkildə sıxır və Yerə yaxın məkanda ionların tərkibini dəyişdirir”.
Bu fikirləri “Yeni Sabah”a meteoroloq Cavid Hüseynov bildirib. Onun sözlərinə görə, Günəşin səthindəki güclü partlayışlar insan səhhətində bir sıra problemlərə yol açır:
“Günəşin maraqlı cəhətlərindən biri də üzərində müşahidə edilən Günəş ləkələridir. Günəş ləkələri maqnit sahəsinin çox yüksək olduğu ərazilərdir. Günəş ləkələri orta hesabla 11 illik dövr ərzində artır və azalır. Təxminən 1645-ci ildən 1715-ci ilə qədər Günəş ləkəsi fəaliyyəti sıfıra yaxın olmuşdur. Günəş ləkəsi minimumunun bu dövrü “Maunder Minimumu” adlanır. Araşdırmalara görə, həmin ərəfədə Yer kürəsinin bəzi hissələrində tempertur rejimində ciddi dəyişmələr ("Kiçik Buz Dövrü") baş verdi. Beləliklə, günəşin aktivliyi Yerin iqliminə də əhəmiyyətli təsir göstərir. Yer atmosferinə böyük təsir göstərə bilən günəş ləkələrinin yüksək artımı zamanı ultrabənövşəyi şüalanma (UV) kəskin şəkildə artır. pizza
Günəş aktivliyi nəticəsində yaranan geomaqnit fırtınaları və ya “kosmik hava”, elektrik, rabitə və naviqasiya sistemlərinin pozulmasına, Peyk aparatlarının zədələnməsinə, canlılar üçün radiasiya təhlükəsinin yaranmasına, meteohəssas insanlar, yaşlılar və xroniki xəstələrin həssaslığının artmasına (insanlarda baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq və s. hallar), sürətlə dəyişən geomaqnit sahələri boru kəmərlərində geomaqnit induksiyalı cərəyanlar yaratmaqla, boru kəmərinin korroziya dərəcəsinin kəskin şəkildə artması və ölçü cihazların iş fəaliyyətinin pozulması kimi təzahürlərə səbəb ola bilir”.
Ekspert bildirib ki, bu il günəş aktivliyi maksimum həddə çatacaq:
“Günəş aktivliyini və onların törədəcəyi maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil, yalnız geomaqnit vəziyyətində ümumi tendensiyaları müəyyən etmək mümkündür.
Heliofiziklərin proqnozlarına görə, 2024-cü ilin maksimum günəş aktivliyi ili olacağı təxmin edilir. Yer kürəsində maksimum günəş aktivliyi və maqnit qasırğalarının may-iyun aylarında olacağı və aktivliyin ilin sonuna qədər azala biləcəyi proqnozlaşdırılır”.
Aytac Şahin
Telegram kanalımız