Dünyada güclü El Nino hadisəsinin baş verməsi gözlənilir. Alimlər xəbərdarlıq edir ki, bu iqlim prosesi qlobal istiləşməni sürətləndirə, quraqlıq, daşqın və ekstremal hava hadisələrinin sayını artıra bilər. Türkiyədə isə qarşıdan gələn qışın necə keçəcəyi ilə bağlı müzakirələr başlayıb.
“Yeni Sabah” xəbər verir ki, Antalya şəhərində keçirilən COP31 İqlim Sammitində Ümumdünya Meteorologiya Təşkilatının (WMO) 2026-cı il üzrə hesabatı açıqlanıb. Sənəddə qlobal istiləşmənin təhlükəli həddə çatdığı vurğulanıb.
Hesabata görə, son 12 ilin hər biri müşahidələr tarixinin ən isti illəri sırasında yer alıb. Son dörd il isə indiyədək qeydə alınmış ən isti illər olub. 2026-cı ilin yanvar-sentyabr aylarında qlobal temperatur əvvəlki dövrlə müqayisədə 1,47 dərəcə yüksək olub. Onlayn mağaza
Alimlərin diqqət çəkdiyi əsas təhlükələrdən biri El Nino hadisəsidir. Sakit okeanın tropik hissəsində suyun səth temperaturunun normadan artıq yüksəlməsi ilə yaranan bu təbiət hadisəsi dünyanın müxtəlif bölgələrində temperatur və yağıntı rejimini dəyişə bilir.
WMO-nun baş katibi Seleste Saulo bildirib ki, El Nino planetə əlavə istilik yaratmır, okeanlarda toplanmış istiliyin atmosferə ötürülməsinə təsir göstərir. Onun sözlərinə görə, okeanların hazırda son dərəcə isti olması qarşıdakı El Nino hadisəsinin təsirlərini gücləndirə bilər.
Təşkilatın proqnozlarına əsasən, 2026-cı ilin sonlarında El Nino güclənə və 2027-ci ildə də təsirini davam etdirə bilər. Bu isə dünyanın müxtəlif bölgələrində quraqlıq, güclü yağışlar, daşqınlar və istilik dalğaları riskini artıra bilər.
El Nino ilə bağlı proqnozlar Türkiyədə də qışın necə keçəcəyi sualını gündəmə gətirib. Bu iqlim hadisəsi bəzi bölgələrdə temperaturun yüksəlməsinə, digərlərində isə yağıntıların artmasına səbəb ola bilər.
Lakin El Nino Türkiyədə mütləq mülayim və ya sərt qışın olacağı demək deyil. Qışın necə keçəcəyi ölkənin müxtəlif bölgələrindəki atmosfer proseslərindən də asılıdır.
Mütəxəssislər bildirirlər ki, qlobal istiləşmə fonunda güclü El Nino ekstremal hava hadisələrinin təsirlərini daha da ağırlaşdıra bilər.
Telegram kanalımız