Bəzi insanlar dünyasını dəyişəcəkləri günü gözləmədən özləri üçün qəbir yeri alır, hətta sağlıqlarında məzar daşı hazırlatdırır və dəfn olunacaqları yeri əvvəlcədən müəyyənləşdirirlər. Bəziləri bunu ailə üzvlərinə əlavə yük yaratmamaq, bəziləri isə son mənzilini öz istəklərinə uyğun seçmək kimi izah edirlər. Lakin bu davranışın dini baxımdan nə dərəcədə doğru olduğu, insanın sağlığında öz məzarını hazırlatmasının ölümə münasibətlə əlaqəsi və İslamın bu məsələyə yanaşması suallar doğurur. İslam dinində insanın sağlığında özü üçün qəbir yeri almasına icazə verilirmi?
“Yeni Sabah”a mövzu ilə bağlı sualları cavablandıran ilahiyyatçı Ağa Hacıbəyli insanın əvvəlcədən qəbir yeri almasının və özünə qəbir qazdırmasının dini baxımdan qadağan olmadığını bildirib.
İlahiyyatçı qeyd edib ki, İslamın əsas məqsədi insanın dünyada layiqli həyat yaşaması, axirətdə isə cənnətə qovuşaraq xoşbəxt olmasıdır. Onun sözlərinə görə, insanlar bəzən dini dəyərləri bir kənara qoyaraq şəxsi istəklərinə və dəbə uyğun yeni adətlər formalaşdırırlar. Bu cür hallara qəbir və torpaq məsələlərində də rast gəlinir. Bakıda online alış-veriş
Ağa Hacıbəyli bildirib ki, insanın gələcəkdə yaxınlarına yük olmamaq üçün əvvəlcədən qəbir yeri alması və qəbir qazdırması mümkündür. İslam alimləri də belə bir addıma icazə veriblər.
Bununla belə, ilahiyyatçı qəbir üzərində bahalı daşlardan istifadə edilməsini, təmtəraqlı abidələrin ucaldılmasını və doğum tarixinin yazılıb ölüm tarixinin boş saxlanılmasını dinin mahiyyətinə uyğun hesab etmədiyini vurğulayıb.
O bildirib ki, insan harada və nə zaman vəfat edəcəyini əvvəlcədən bilə bilməz. Buna görə də əsas diqqət qəbir hazırlamağa deyil, axirət həyatına layiq şəkildə hazırlaşmağa yönəlməlidir.
İlahiyyatçı fikrini əsaslandırarkən Peyğəmbərimizin (s.ə.s.) və səhabələrinin özləri üçün əvvəlcədən qəbir qazdırdıqlarına dair məlumatın olmadığını da xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə müsəlman cəmiyyətində həyat dinamik idi və insanlar bəzən doğulduqları yerdən uzaqda vəfat edir, hətta şəhid olduqları ərazidə dəfn edilirdilər.
Ağa Hacıbəyli hesab edir ki, insanın əsas vəzifəsi özünə qəbir hazırlamaqdan daha çox, həyatda xeyirxah əməllər etmək, ehtiyacı olanlara yardım göstərmək, uşaqların təhsilinə dəstək olmaq, məscidlər və mədəniyyət evləri tikdirmək, cəmiyyətə fayda verməkdir.
“Biz nə qədər dərin və gözəl qəbir hazırlasaq da, əgər bu həyatda yaxşı əməllər etməsək, ilahi qanunları pozsaq, halal və harama diqqət yetirməsək, gözlərimizlə, qulaqlarımızla və digər əzalarımızla günahlara yol versək, əvvəlcədən qəbir hazırlamağımızın heç bir mənası olmayacaq”, – deyə ilahiyyatçı bildirib.
O, həmçinin qeyd edib ki, Vətəninə və millətinə sevgi ilə xidmət edən insan üçün dəfn olunmağa iki metr torpaq tapılacağına inanmaq lazımdır. Əsas məsələ isə insanın axirətdəki aqibətidir.
Ağa Hacıbəyli İslamda ölüm arzulamağın da doğru olmadığını vurğulayıb. Onun sözlərinə görə, Allahın təqdir etdiyi zaman gəldikdə, insan istəsə də, istəməsə də ölüm onu haqlayacaq.
İlahiyyatçı insanlara ölümə və qəbirə həddindən artıq köklənmək əvəzinə, yaxşı əməlləri ilə əbədi həyata hazırlaşmağı tövsiyə edib.
Aytac Əliyeva
Telegram kanalımız