Son illər ənənəvi olaraq tibb sahəsinin “ən yaxşı”larına mükafatların verilməsi üçün bir-birini təkrarlayan tədbirlər keçirilir. “Ən yaxşı” adını qazanmağa çalışan bəzi psixoloq, psixiatr və həkimlər pulla satılan titullara, müəyyən məbləğə təqdim edilən diplomlara daha çox meyillənməyə başlayıblar. Onlar bəzən dələduzlara müraciət edərək saxta ad almaqdan belə çəkinmirlər.
Bəs saxta yolla “ən yaxşı” adını almaq istəmək nə ilə bağlıdır? Bu həmin şəxslərə əlavə gəlir və ya pasient gətirirmi?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq, psixoterapevt Kənan Rəhimov bunun natamamlıq kompleksindən, özünü təsdiqləmə istəyindən yarandığını bildirib: pizza mizza
“İlk növbədə, müxtəlif müsabiqələr keçirən tərəflərin obyektiv ölçü vahidləri olur. Bu da o sahədə çalışan mütəxəssislər arasında müəyyən edilmiş ölçülər əsasında təyin olunur. Bəzən QHT kimi fəaliyyət göstərən qurumlar bu cür müsabiqələri qeyri-obyektiv keçirirlər. Onlar saxta dərəcələr, saxta mükafatlar verirlər. Sözsüz ki, onların mükafatlandırması yalnız pafos üçündür. Belə mükafatları psixiatrlar, psixoloqlar, hətta həkimlər arasında da alanlar var. Bu nüfuzunu təsdiq etməyə psixoloji tələbatı olan, natamamlıq kompleksi olan insanlara daha çox təsir edir.
Həmin mükafatları almaq üçün pul ödəyən insanlarda natamamlıq kompleksi var. Bunun heç bir biznesə, gəlirə, yaxud pasient cəlb etməyə təsiri yoxdur. Kimsə qapının üstündən at nalı asırsa və düşünürsə, gəliri artacaq, bu insan absurd mistik təfəkkürə sahib olan insandır. Onun inancları reallıqda obyektiv mənfəətini, gəlirini və öz işinin müvəfəqqiyyətini artırmaq üçün bir yerə yığmalı olduğu fikrini yayındırır, onu uğurdan uzaqlaşdırır.
Ona görə də bu cür saxta mükafatlar reallıqda insanları sadəcə məqsəddən uzaqlaşdırır. Eyni zamanda, bu, real nəticələr olmadan insana süni uğur duyğusu verir”.
K. Rəhimovun sözlərinə görə, "feyk" qurumların parıltılı diplom və medalları şəxslərə bəzən dələduzluq edilərək verilir:
“Belə mükafatlar verən qurumlar arasında “İlin həkimi”, “İlin şəfalı əlləri” kimi mükafatlar təsis edənlər var. Bu qurumlar rəsmi deyil, rəsmi olaraq heç bir ölçü vahidləri yoxdur, sorğu keçirmirlər. Şəxsə yığıb onu tərifləyir, münasibət yaradır, deyirlər ki, biz sorğular keçirmişik və sizi filan mükafatla, diplom və ya nişanla təltif etmək istəyirik. Sonra da deyirlər ki. Bunun müqabilində bu məbləği verməlisiniz. Bəzən belə hallarda qarşı tərəf öz nüfuzuna yaraşdırmadığı üçün həmin kiçik məbləğli ödənişi edir, onları qırmamaq üçün “yox” demir.
Bu məsələdə insanlar iki yerə bölünür: Əgər mükafatı almaq üçün özü pul verir, müraciət edirsə, bu. Natamamlıq kompleksidir. Əgər hansısa qurum özü müraciət edirsə, əvvəlcə təriflər yağdırıb sonra kiçik məbləğdə - 100-200 manat pul istəyirsə, bu, həmin qurumlar tərəfindən dilənçiliyə bərabər bir davranışdır.
Dilənçilər də bu üsuldan istifadə edirlər, əvvəlcə yaxınlaşıb birbaşa pul istəmirlər. Bu cür mexanizmlər cəmiyyətdə çox yayılıb”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız