“Epidemiyanın ocaqları çoxalsa, heç kəs “mən sağ qalacam” deyə bilməyəcək”  – MÜSAHİBƏ
08 İyl 2020 13:45
998

“Epidemiyanın ocaqları çoxalsa, heç kəs “mən sağ qalacam” deyə bilməyəcək” – MÜSAHİBƏ

Əməkdar jurnalist Telli Pənahqızının Yenisabah.az saytına müsahibəsi:

- Telli xanım, Azərbaycanda elə bir adam yoxdur ki, onun ailə üzvlərindən, qohumlarından, ən azından tanışlarından kimsə koronavirusa yoluxmamış olsun. Buna rəğmən, insanlar karantin qaydalarını pozmağa davam edir. Sizcə, burada problem insanlardadır, yoxsa qoyulan qaydalarda?

- Həm əhalidə, həm də qaydalarda. Biz məsələnin nə qədər ciddi olduğunu nəhayət qəbul etməliyik. Vəziyyətin daha da ağırlaşdığı hər gün yoluxanların artan sayından, tanıdığımız bir çox insanın xəstəlikdən əziyyət çəkdiyini etiraf etməsindən hiss olunur. Təəssüf ki, virus təzə yayılan dönəmlərdə bizim bəzi “mütəxəssislərimiz” elan elədilər ki, maskadan ancaq xəstə adam istfadə etməlidir. Bəlkə onlar o vaxt virusun nə qədər təhlükəli olduğunun fərqində deyildilər. Ancaq bir müddət keçəndən sonra hər kəsə bəlli oldu ki, bu amansız düşmən heç kəsə fərq qomaq niyyətində deyil, evdən çıxanların hamısı maska taxmaq məcburiyyətindədir. Onda da maska qıtlığı yarandı, insanlar apteklərdə növbəyə durdular. Şükür ki, qısa müddətdə sözü gedən bu problem aradan qalxdı. İndi maska istehsal edən iki fabrikimiz var, hətta biz digər ölkələrə də bu məsələdə yardım etmək iqtidarındayıq. Lakin indi də başqa çətinliklərimiz var. Bizim çoxumuz hələ də virusu ciddiyə almırıq. Elektron mediyada yayılan çoxsaylı və fərqli səs yazılaında, videomateriallarda, şərhlərdə hərə öz kafasına görə fikir söyləyir, mülahizə yürüdür. Onları başa düşmək çətin deyil, hərənin öz siyasi ambisiyası, öz niyyəti var; bəziləri bu vəziyyəti iqtisadi məsələlərlə bağlayır, bəziləri super dövlətlərin dünyaya sahib olmaq iddası adlandırır, kimlər də Bill Qeyts kimilərinin dünyanın düzənini dəyişmək cəhdi və s. Amma günlər ötəndən sonra başa düşürük ki, bu virusun törətdiy xəstəlik çox böyük və gerçək bir bəladır. Lakin düşünürəm ki, içi mən qarışıq butün jurnalistlər bu məsələni bu qədər çox şişiridib, insanları strese soxmamalıyıq. Və bir də hər şeyi insanların boynuna yıxmaq da olmaz. Camaat yazıq nə eləsin? Bütün gün evində oturan adam uşağına bir həftə deyə bilər ki, küçə təhlükəlidir, bayıra çıxmaq olmaz! Ancaq insan qadağan olunmuş şeylərə daha çox həvəslidiir axı. Nəinki uşaqlar, vəziyyəti dərk edən böyüklər də evdə oturmaqdan bezib hava almaq istəyi ilə həyətə enir. Bizim insanımız bir günün içində illərə alışdığı özgürlüyündən, illər boyu formalaşan vərdişlərindən necə əl çəksin? Qonum-qonşusilə, qohum-əqrabsı, dost-tanışı ilə görüşməsin? Əlbəttə, çətindir, ancaq indi daha çox anlayırıq ki, bu lazımdır! Ancaq təkrar deyirəm ki, biz öz yazılarımızla bu qədər qorxu, xof yaratmamalıyıq. Çünki xof, qorxu əsəb sistemini zəiflədir, immun sisteminə mənfi təsir edir, insan ruhdan salır, gələcyə ümidini azaldır. Əlbəttə, hamımız ehtiyatl olmalıyıq, bir-birimizə əl verməməliyik, qucaqlaşmamalıyıq, əvvəlki kimi aşırı səmimi olmamalıyıq!

Bu məsələnin ciddiliyini, təhlkəli sonluğunu hər birimiz, həm mütəxəssislər, həm də təəssüf ki, bu faciədən də şou düzəltmək həvəsində olan media əhli gücümüz və ixtiyarımız çatan yerlərdə diqqətlə, hər kəsin anlaycağı bir dildə qorunmağın, ehtiyatlı olmağın vacibliyini camaata izah etməyə çalışmalıyıq.

Məncə bu gün problemin həllini təkcə aylardan bəri evinə, ailəsinin yanına gedə bilməyən həkimlərin boynuna yıxmaq, onları qınamaq, nədəsə suçlamaq da günahdır. Çatdırmırlar, bütün ölkələr kimi biz də bu bəlaya hazır deyildik.Bəzən vecsizlik, bəzən ehtiyatsızlıq üzündən indi sayı hər gün çoxalan xəstələrə baxmaq çətinləşir.

Bu faciədən minimum itki ilə çıxmaq üçün daha çox həkimə, mütəxəssisə ehtiyac var. Mən düşünürəm ki, bəlkə hazırda evdə oturan yaşlı həkimlərimizlə əlaqə saxlamaq, onların təcrübəsindən bəhrələnmək, onları TV proqlarına dəvət etmək, onlayn görüşlər keçirmək, bu problemlə bağlı fikirlərini öyrənmək faydalı ola bilər. Dünya binə olandan belə kütləvi infeksiya ocaqları da mövcud olub. Hətta bəzən epidemiya ölkələrin, şəhərlərin əhalisini tamamilə məhv edib. Amma insanlar yenə də küllərin arasından ayağa qalxmağı bacarıblar.

- Hazırki qaydalarda ən çox hansı sahədə boşluq hiss edilir? Məsələn, nəqliyyatla bağlı qəbul edilən qərar haqqında nə düşünürsüz? İndi avtobuslarda həddən çox sıxlıq var, burada nəinki iki metr məsafə saxlamaq, heç ayaq qoymağa yer tapılmır.

- Biz hamımız fiziksəl olaraq nə etmək lazım olduğunu anlayırıq. Bəli, avtobusda sıxlıq olmamalıdır, BNA qərardan əvvəl xəttə beş avtobus buraxırdırsa, karantin dövründə onların sayı, deyək ki, 50 olmalıdır. Amma gəlin görək, bu 50 avtobus, özü də təkcə bir xətdə hərəkət edərsə, şəhərdə tərpənmək mümkün olacaqmı? Görün şəhərdə necə marşrut var, hər xətdə də ən azı 5-10 avtobus! Onların hər birinə 40-50 avtobus buraxılsa, baxın şəhərin halına. Deməli problemin həlli üçün başqa alternativ təkliflərə ehtiyac var. Məlumdur ki, 2 saatlıq icazə izni olanların tıxac ucbatından yolda qalması təbii ki, heş kəsə sərf etmir. Mən günahı təkcə OQ-ın çıxardığı qərarları hazırlayanların üstünə yıxmaq istəmirəm. Hər bir vətəndaşımız indi daha adil davranmalıdır, əgər, vacib, təxirəsalınmaz işi yoxdursa, maşınla şəhərə getməməlidir, hansısa məsələni telefonla həll eləmək mümkündürsə, bu fürsətdən yararlanıb, şəhərdəki gərginliyi bir az da yoğunlaşdırmamalıdır.

Amma təəssüf ki, özünü hər kəsdən fərqləndirməyə can atan, ölümlə çilingağac oynayanlarımız da var. “Fairmont Baku”dakı hadisəni, müxtəlif istirahət məkanlarından çəkilib internetdə yayılan görüntüləri xatırlayın. Dövlət hər ailənin, hər fərdin qapısına bir polismi təyin etməlidir? Məncə, bu mümkünsüz! Sadəcə, hər kəs öz hərəkətlərinə daha məsuliyyətlə yanaşmalı, həm özünü, həm ailəsini, həm də ətrafındakı insanları qorumağa çalışmalıdır.

- Sizcə, metronun bağlanması doğru qərar idi? Avtobuslardakı vəziyyəti izah etdiniz, taksiyə gəldikdə isə məlumdur ki, hər kəsin gündəlik taksi istifadə etməyə imkanı çatmır. İnsanlar hazırda əllərindəki vəsaitləri ehtiyatla xərcləməyə çalışırlar...

- Mən insanları başa düşürəm. Amma dövlətin də bir tükənən yeri var. Biz hamımız istəyirik ki, hətta işə getməyib vəzifəmizi evdən icra etsək belə, bizim maaşılarımızı kəsməsinlər, kəsmirlər, verirlər də! Düzdürmü? Ehtiyacı olanlara 190 manatlıq yardım təyin olunub. Təbii ki, buradakı şəffaflıq bu işlə məşğul olanların vicdan işidir.

- Özəl müəssisələrdə vəziyyət bir qədər fərqlidir. Maaş verməyənlər var ...

- Ancaq cənab Prezidentin özəl müəssisə sahiblərinə göstərişi də var! Məncə qərarlar müzakirə olunmur! Bu gün hamımız məntiqə söykənərək dərk etməlik ki, biz hamımız eyni gəminin sərnişinləriyik. Bahalı kayutaya bileti olan da, gəminin palubasında gedən də eyni qədərə bağlıdır. Yəni biz eyni zəncirdən yapışanlarıq. Bu fırtına səngiyənədək bir-birimizi qorumağa məhkumuq. Hər dalğanın zəifləyəcək gücü bizim qanunlara uymağımıza bağlıdır. Əminəm ki, bu epidemiya ocağı birgə mübarizəmizlə söndürüləcək. Sadəcə, hər kəs məsuliyyətini dərk etməlidir. Amma bu vəziyyət çıxış üçün daha optimal yollar tapmaq lazımdır. Məsələn, nəqliyyat probleminin aradan qaldırmağa kömək edəcək bir təklif: əgər insanlar rayonlara getmək istəyirsə, qoyun getsin, əminəm ki, onlar ora xəstəlik aparmayacaqlar. Çünki hər kəs ailəsi, uşaqları üçün cavabdehlik daşıyır. Hətta bu gün də ən ciddi qadağalara belə baxmayaraq, dərə-təpə ilə, gizli-aşkar yollarla rayonlara can atır. Təmiz havaya, genişliyə, təbii kənd məhsulları ilə immun sistemini gücləndirməyə! Heç kəsə sirr deyil ki, Bakı son vaxtlar çox yüklənib. İmkanlılar paytaxtda mənzillər alıb, imkansızlar ailəsini dolandırmaq üçün rayon və kəndlərdə qəhətə çıxan iş ucbatından şəhərə pənah gətirib. İndi şəhərdə də çoxları işsizdir. Kirayə pulunu verə bilmir, məcburdur ki, kəndə qayıtsın, ən azından kənddə valideynlərinin evi var. Düşünürəm ki, məktəblər açılanacan ən azından uşaqlar rayonda daha maraqlı əyləncələr tapa bilər. İşləyən valideynsə, Bakıya dönsün, fəaliyyətini davam etdirsin. Təbii ki, şəhər bir az da olsa, seyrələcək, belə olmasa, təkcə nəqliyyatda deyil, bir çox sahələrdə problem yaşayacağıq .

- Yəni burda da bütün oxlar qaydaları göstərir? Çünki onsuz da vətəndaşlar getmək istəyirlər.

- Təəssüf ki, bir çoxumuz hələ də ağlımızdakı köhnə yuvacıqlara yerləşdirdiyimiz düşüncə toplarıyla oynayır, uşaqlarımızı da özümüzə oxşar böyütməyə çalışırıq. Hələ də düşündük ki, 2 dəfə 2-in 4 edir! Ancaq hər şey dəyişib, dünən qoyulan qaydaları bu gün vəziyyətə uyğun dəyişmək lazımdır!

- Telli xanım, qaydalardakı boşluqlara toxunduq, lakin hazırda vəziyyətə əhəmiyyət vermədən toy-nişan edən, dünyadan köçən yaxınına ehsan süfrəsi açan adamlar da var. Sizi belə mərasimlərə dəvət edirlərmi? Hansısa tanışınız dünyasını dəyişəndə necə başsağlığı verirsiniz?

- Düzü, toya, nişana dəvət almamışam. Dünyasını dəyişən insanlar isə olub. Amma mən onların yaxınlarına zəng vurub başsağlığını telefonla verdim, gələ bilməyəcəyim ücün üzr istədim. Bilirsiz, yenə təkrar etmək istəyirəm ki, bəzilərimiz hələ də məsələnin ciddiyini başa düşmürük. Bunun səbəbi maarifləndirmə işinin zəif olmasıdır. Bəziləri indi daha çox fürsətçilik edir. Bu səhər təsadüfən internetdə bir xanım jurnalistin müraciətini dinləyəsi oldum. Yüz arxın suyunu bir araya axıdıb. Guya ki, yoluxub, onu hansısa xəstəxanaya yerləşdiribllər. Bu qadın içində nə qədər zəhər var hamısını tökür bizim, yəni dinləyicinin üstünə. Sanki kimdənsə əvəz çıxır. Gah həkimlərə təşəkkür edir, gah nə vaxtsa onun yolunu tərs keçənləri tənqid edir, nə bilim, vallah, heç “həmkarım” olacaq birinin ağzına yaraşmır bu danışıq. Məncə, xalqa müraciəti edən adamın söz haqqı olmalıdır. İndi internet bizə çox şeyləri senzurasız deməyə imkan verib, düzdür, amma bundan da sui-istifadə etmək lazım deyil.

- Koronavirus sizin yaşam tərzinizə necə təsir edib? Həyatınızda nə dəyişib?

- Demək olar ki, hər şey dəyişib. Mən də hamı kimi narahatam! Canımdan çox sevdiyim ölkəmin hər bir vətəndaşının taleyi üçün, doğmalarımın, tanışlarımın, dostlarımın, hamısının taleyi üçün nigaranam.

Ətrafımızda gözəgörünməz bir düşmən dolaşır və hamımız onunla mübarizədən qalib kimi ayrılmağa çalışırıq. Ona görə də daha soyuqqanlı düşünməli, daha ehtiyatlı və tədbirli olmalıyıq ki, həm özümüzü qoruyaq, həm də ətrafımızdakıları.

- Bu vəziyyətdən daha az itki ilə çıxmaq üçün başqa hansı addımlar atılmalıdır?

- Əvvəllər önləyici tədbirlər görürdülər, hər tərəfi dərmanlayırdılar. Amma indi elə bil unuduldu bu vacib məsələ, bəlkə də əhəmiyyətsiz saydılar. Ancaq mənə elə gəlir ki, bu prosesin özündə də bir güvən vardı, yəni bloklar, həyətlər dezinfeksiya olunubsa, düməli virus da geri çəkilir, yəni daha çox mənəvi təsəlli! 2-3 aydır bu məsələ unudulub sanki. Bir neçə gün əvvəl şəhərin mərkəzi küçələrinin dərmanladığı barədə xəbər oxudum. Axı Bakı iki-üç mərkəzi küçədən ibarət deyil. Çoxmilyonlu şəhərimizin əhalisi sıx olan rayonlarının rəhbərləri, bələdiyyələr ərazidəki binalara, həyətlərə də diqqət yetiməlidir. Çünki həyətlərdə idman meydançaları var. Axşam olanda həmin ərazidə 50, 60, hətta 100 uşaq toplaşır, elə bir o qədər də valideyn. Bu qədər qələbəliyin içində təbii ki, hər şey ola bilər. Bəziləri deyir ki, uşaqların immuniteti güclüdür, onlar yoluxmur. Buna kim təminat verə bilər?! Həftədə bir dəfə bloklar mütləq şəkildə dərmanlanmalıdır. İnsanların içərisində maariflənmə tədbirləri aparılmalıdır. Qorxutmaq, hədə gəlməklə heç nə əldə etmək olmaz! Vətəndaşların çoxu bəlkə də qorxudan, xofdan, məlumatsızlıqdan xəstələnir.Daha əvvəl də kimlərsə müxtəlif viruslara yoluxurdu, məsələn, donuz qripi, quş qripi, SPİD, SARS, nə bilim, daha nələr... Bu boyda ajiotaj yaratmırdıq ki... Ola bilər ki, kiməsə soyuq dəyib. Buna həmin dəqiqə koronavirus deyib harasa basmaq lazım deyil. Bu işdə poliklinikaların üstünə çox böyük yük düşür. Təkcə müraciətləri gözləmək lazım deyil. Bəlkə də hər bir sahə həkimi öz xəstələrinə zəng edib səhhəti ilə maraqlanmalı, tövsiyələrini verməli suallarını cavablandırmalı, bəldiyyə işçiləri, binaların həyətlərində, bazar -dükanda maariflənmə işi aparmalıdır. Biz hamımız bu gün bir-birimizə dayaq olmalıyıq. Bu dünyanın hər yanını bürüyən bir xəstəlikdir, xəstəliyi də ağılla dəf etmək lazımdır. Ona görə də təbliğat, təbliğat və yenə də təbliğat deyirəm. Biz valideynlərə övladlarını qorumalı olduqlarını anlada bilsək, vəziyyət daha yaxşı olacaq. Biz bir yerdə güclüyük, birgə mübarizə aparmalıyıq.

- Sizcə, virusdan ölkəmiz hansı dərsləri çıxarmalıdır?

- Dünya hansı dərsi çıxaracaqsa, elə biz də onu çıxarmalıyıq.

Sayad HƏSƏNLİ

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər