“Hazırda iyun ayıdır və bu ay, xüsusən turizmin yüksək sezonunun ilk aylarından hesab olunur”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə deyib. O, yaxın aylarda quru sərhədlərinin açılması fonunda Azərbaycanın turizm bazarında baş verə biləcək canlanmadan söz açıb.
Ekspertin sözlərinə görə, gələn müştərilərin sayı quru sərhədlərinin qapalı olmasına baxmayaraq, durmadan artır: pizza hut
“Çünki xarici ölkələrdə məktəblər qurtarır, ailəvi, eləcə də individual müştərilər ölkəyə durmadan axın edirlər. Havaların istiləşməsi də bunda böyük rol oynayır. Çünki gələn müştərilər həm Bakıya, həm də regionlara səfər edirlər. Ərəb ölkələrində bu aylarda istiliyin daha yüksək səviyyədə olması onların buraya – Azərbaycana gəlməsinə daha çox səbəb olur.
Bizdə şəhər xaricində Qəbələ, Quba, Şəki, Qax, Lənkəran və Astara kimi bölgələr var ki, həmin yerlər müştərilər üçün çox ideal və özünəməxsusdur. Ən çox qonaqların getdiyi rayonların Şəki, Quba və Qəbələ olmasına baxmayaraq, ümumiyyətlə, gələn müştəri həm Bakıya, həm də regionlara səfər edir. Bu da istər-istəməz ümumi turizmin inkişafına səbəb olur”.
Azərbaycan turizm bazarında əsas pay sahibi Rusiyanın olduğunu deyən mütəxəssis ümid edir ki, gələn ay quru sərhədləri açılacaq:
“Quru sərhədlərinin açılmasına gəlincə isə biz iyun ayının 1-də ən azından qonşu Gürcüstanla sərhədlərin açılmasını gözləsək də, bu, baş vermədi. Məncə, bu, iyulun 1-dən tez olmayacaq. Açılması təbii ki, turizmin inkişafına xeyirdi. Xüsusən də Gürcüstana. Çünki orada bizim çoxlu soydaşlarımız var və ya oradan gələn gürcülərin özü də Azərbaycanda istirahət edirlər. Yaxud Rusiya, xüsusən də Dağıstan bazarı bizə yaxındır və oradan gələn turistlərin axını hiss olunur. Eləcə də İran, çünki soydaşlarımız oradadır və onların buraya axını təbii ki, müsbət təsir göstərərdi. Çünki təyyarə ilə gələn reyslər qiymətləri bir xeyli artırır, amma avtobus və yaxud avtomaşınla gəlmələri onların daha az büdcədən istifadə etmələrinə səbəb olur.
Ümidvaram ki, quru sərhədləri açılar və kütləvi turizm yüksək nöqtəyə gedib çıxar. Çünki quru sərhədləri açılmadan mərkəzdəki və yaxud regionlardakı otellərin dam doluluğunu gözləmək çətin olacaq”.
“Onu da deyim ki, Rusiya-Ukrayna müharibəsi də müştəri sayını azaldıb. Çünki Azərbaycana gələn turistlərin böyük əksəriyyəti, təxminən 60-70%-i Rusiya bazarına aid idi. İndi oradan gələn müştərilərin sayı xeyli azalıb. Düzdür, son zamanlarda Rusiya bir neçə avireysi açsa da, təyyarə reysləri çox bahalı olduğu üçün oradan gələn müştərinin haradasa turizmdəki pay sayı indi 10-15%-i keçmir. Bu da istər-istəməz bizə ən yaxın bazar olan Rusiyadan gələn turistlərin sayını çox azaldır.
Sərhədlər açıldıqca da, turizmdə müxtəlif irəliləyişlər olacaq. Ölkənin turizm sektoru artıq yüksək sezona keçir, çünki iyun-iyul-avqust aylarında bizim müştərilərimiz yüksək səviyyədə olur. Həmçinin, turizm obyektləri pandemiyanın səbəblərini minimuma endirməyə çalışıblar”, - deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız