3 ildən çoxdur İkinci Qarabağ müharibəsinin yekunlaşmasına baxmayaraq, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur ərazilərində hələ də təmizlənməmiş minalar mövcuddur.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mütəmadi təmizləmə işləri aparılsa da, cari il ərzində mina qurbanlarının sayı təəssüf ki, çoxluq təşkil edib.
Azərbaycan tərəfinin dəfələrlə Ermənistandan mina xəritələrini tələb etməsinə baxmayaraq, İrəvanın verdiyi xəritələrin təxminən 70-80%-nin yalan olması bu sahədə olan gərgin işi getdikcə çətinləşdirib. Lakin Ermənistan hər vəchlə mina xəritələrinin verilməsini uzatmağa çalışır, hətta bu məsələdən boyun qaçıraraq xəritələri gizlətməkdə davam edir. Pepperoni pizza
Yenisabah.az-la söhbətində “Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi”nin sədri Hafiz Səfixanov bildirib ki, onun qurumu hazırda Kanadanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə ölkə ərazisində, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə minalarla bağlı monitorinqlər keçirir:
“Monitorinqlər nəticəsində də bəlli olub ki, müharibənin olmasından 3 ildən çox vaxt keçməsinə baxmayaraq, Azərbaycanda minalar var və insanlar mina qurbanı olurlar.
Bu günə qədər 1337 nəfər mina partlayışlarından zərər çəkib ki, onlardan 65 nəfəri həlak olub və onun 50-si mülki şəxslərdir”.

Mütəxəssis xatırladıb ki, son antiterror əməliyyatlarından sonra bir daha məlum oldu ki, 10 noyabr üçtərəfli bəyanatından sonra da Ermənistan tərəfi minaları Azərbaycan ərazilərinə düzməkdə davam edib:
“Onlar 480 kilometrlik perimetr boyunca təxminən yarım milyon mina bastırıb ki, bu da Azərbaycan tərəfinin işini daha da çətinləşdirir. Antiterror əməliyyatlarından sonra Qarabağın daxilində aparılan yoxlamalar zamanı hərbi sursat anbarlarından külli miqdar minalar – həm piyada, həm də tank əleyhinə minalar tapdıq. Bu barədə də zaman-zaman məlumat verilir.
Problemimiz böyükdür, 3-5 günlük bir problem deyil. Əhali ilə maarifləndirmə aparılır və insanlarımız buna ciddi əməl etməlidir.
Eləcə də infrastruktur layihələrində işləyənlər də təlimatlara ciddi əməl etmək məcburiyyətindədirlər. Biz dünyada mövcud olan praktikadan istifadə etməklə həm vətəndaşlarımızı mina partlayışlarından qorumalı, həm də həmin ərazilərdə məskunlaşdırma aparmalıyıq”.
Müsahibimizin sözlərinə görə, antiterror əməliyyatlarından qabaq ölkə başçısı İlham Əliyev çıxışlarından birində bildirdi ki, bizə təxminən 25-30 il vaxt lazım olacaq ki, oraları minalardan təmizləyək:
“Yəqin ki, Azərbaycan hökuməti bütün vəsaitlərini minaların təmizlənməsinə cəlb edib. O cümlədə qüvvələr də artırılıb. Bu gün ölkəyə xeyli sayda minatəmizləyən maşınlar gətirilib. Habelə itlərin, siçovulların və canlı qüvvələrin sayı artırılıb. Bu barədə aparılan işlər potensial şəkildə gücləndirilib. Çox güman ki, analoji proses bundan sonra da gücləndiriləcək. Bundan sonra hökumət çalışacaq ki, vaxtı qısaltsın”.
AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev isə söyləyib ki, işğaldan azad olan ərazilərimiz 30 ildə düşmənlərimiz tərəfindən o qədər bəlalara düçar olub ki, oranı bir neçə ildə təmizləmək çətindir:
“Xüsusən də torpaqların minalardan təmizlənməsi kimi ağır və faciəvi bir prosesi aparmaq o qədər də asan bir iş deyil və bunu qabaqcadan bilməliyik. Məsələ bundadır ki, həmin torpaqlarda olan və insanlarımızı məhv edən minaların təmizlənməsinə böyük məbləğdə pul lazımdır. Bildiyimə görə, bir minanın təmizlənməsinə 1000 manata qədər xərc çəkilir. İndiki məqamda biz həm infrastrukturu bərpa etməliyik, həm camaatı oraya köçürməliyik, həm də minaları təmizləməliyik”.
Alimin fikrincə, bu ərazilərdəki müxtəlif növ minalar böyük diqqət və çoxlu məbləğ tələb edir:

“Burada təkcə ekoloji mühit, konkret olaraq torpağın genetik qatları sıradan çıxmaqla bərabər, həm də oraya qoyulacaq yeni xərcləri özü ilə bərabər gətirir. Yəni həmin münbitliyin bərpası və o torpaqlardan daha effektiv istifadə etmək üçün külli miqdarda pul lazımdır. Çünki torpağın üst qatı məhsuldar olur. Ondan sonrakı qatlar isə xeyli zəifdir. Bunu özünə qaytarmaq isə xeyli çətindir.
Doğrudur, uzun müddət o torpaqların istifadəsiz qalması torpaqdakı müəyyən münbitliyi artıb və ekosistemə qoşulub. Ancaq həmin ərazilərdəki minalar təmizləyəndə o torpaqların strukturu da dəyişilir, eləcə də torpaqlardakı genetik qatların çevrilmələri problemlər yarada bilir”.
Həmsöhbətimiz əlavə edib ki, mina partlayan ərazilərdəki torpaq qatının bərpası böyük məbləğ tələb edir ki, pozulmuş qat bərpa edilsin, hansı ki, bu da çox çətindir:
“Bəzən görürsən ki, bu torpaqların bərpasına onilliklər lazımdır. Bu torpaqlara gübrə verməklə iş düzəlmir. Əksinə, torpaqların özündə bərpa elementi olan biokütlələr və fermentlər xüsusi qatlar yaradır. Yəni torpağın cüzi hissəsi insan üçün yararlıdır. Ona görə də bu işdə diqqətli olmalıdır”.
“Oraya köçürülən əhali gərək torpağın normal istifadəsi ilə təmin olunmalıdır ki, insanlarımızın təminatı normallaşsın. Biz adambaşına düşən torpaq sahəsinə görə elə də qabaqcıl ölkə deyilik. 0,12 ha adambaşına bizdə torpaq düşür ki, onun da bir hissəsi minalıdır, digər bir hissəsi isə duzlaşıb.
Ona görə də burada diqqətli olmaq vacibdir. İnanıram ki, düşmənimizə qalib gəldiyimiz kimi, belə problemləri də yavaş-yavaş aradan götürəcəyik”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız