FHN cəbhə bölgəsinə cəlb edildi
27 Sen 2020 19:57
519

FHN cəbhə bölgəsinə cəlb edildi

Məlum olduğu kimi, sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a bildiriblər ki, düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib.

Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında fərdi evlərdə və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib.

Yanğınlar görülmüş operativ tədbirlər nəticəsində qısa müddətdə söndürülüb.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər