"Fransanın dövlət borcu kritik həddə çatıb və bu problemi həll etmək üçün təkcə büdcə xərclərinin azaldılması deyil, həm də bütün vətəndaşların səylərinin birləşdirilməsi tələb olunur".
"Yeni Sabah" xəbər verir ki, bu fikri Parisdə tərəfdarları qarşısında çıxış edən "Horizontlar" partiyasından prezidentliyə namizəd, Fransanın sabiq baş naziri Eduar Filipp səsləndirib.
"Borclanma sadəcə fəlakətdir", - deyə o bildirib. pizza
Filipp bu kontekstdə sağ və sol siyasi düşərgədən olan potensial rəqiblərini tənqid edərək onların problemi kifayət qədər ciddi qiymətləndirmədiklərini və dövlət borcunun asanlıqla aradan qaldırıla biləcəyini düşündüklərini söyləyib.
Onun sözlərinə görə, digər siyasətçilər bu yükü gələcək nəsillərin üzərinə qoymaq istəyirlər. O isə büdcə kəsirini yalnız xərclərin azaldılması hesabına deyil, həm də cəmiyyətin bütün təbəqələri arasında məsuliyyətin bölüşdürülməsi yolu ilə aradan qaldırmağı planlaşdırır.
"Ədalətli, birgə və zamanla bölüşdürülmüş səylər tələb edəcəyəm", - deyə sabiq baş nazir vurğulayıb.
Filipp bildirib ki, işçi peşələrinin nümayəndələrini qoruyacaq və artıq kifayət qədər vergi ödəyən şirkətlər üçün əlavə vergi tətbiq etməyəcək.
Bununla yanaşı, o, sosial xərclərin azaldılmasının, bəzi vergi güzəştlərinin ləğvinin vacibliyini vurğulayıb və dövlət qurumlarının da nümunə göstərərək büdcə xərclərini azaltmalı olduğunu qeyd edib.
Sabiq baş nazir çıxışında təhsil məsələsinə də toxunub.
"İstəyirəm ki, Fransadakı hər bir şagird universal akademik dəstəyə çıxış əldə etsin. Bu dəstəyə süni intellekt əsaslı fərdi köməkçi, müəllimlər, həmçinin keçmiş müəllimlər və könüllü tələbələr daxil olsun", - deyə o bildirib.
Qeyd edək ki, Fransanın Milli Statistika İnstitutu (Insee) iyunun sonunda ölkənin dövlət borcunun 3.5 trilyon avronu keçdiyini açıqlayıb. Bu məbləğ ölkənin ümumi daxili məhsulunun (ÜDM) 117.5 faizinə bərabərdir.
Məlumata görə, dövlət borcu iqtisadi artımdan daha sürətlə artır. Bununla yanaşı, hökumətin hər il ödədiyi faiz xərcləri də yüksəlir. Proqnozlara əsasən, dövlət borcunun xidmət xərcləri 2026-cı ildə 59 milyard avroya, 2028-ci ildə isə 77 milyard avroya çatacaq./Oxu.az
Telegram kanalımız