“Görün, necə bədbəxtik...” – Bizimkilərin toy görməmişliyi

“Görün, necə bədbəxtik...” – Bizimkilərin toy görməmişliyi
May 10, 2019
Oxunma sayı: 8839

Dünyanın әn nәhәng mobil şirkәtindәn biri olan Vodafone-də menecer işləyən azərbaycanlı Emin Quluyev toy adətlərimizlə bağlı gerçəklikləri sadalayıb.

“Yeni Sabah” xəbər verir ki, bu yaxınlarda ailə həyatı quran menecer bir çox yersiz və əhəmiyyəti olmayan xərcləri tənqid edib. O, bu ənənələrdən imtina etməyin vacib olduğunu vurğulayıb: 

“Bu 6 ayda xanımla toya hazırlaşanda bizə aydın oldu ki, bizim millətin ən böyük dərdi toy adətləridir. Sadəcə şokdayam! İnsanlar nə qədər materialist olarmış. Şükürlər olsun valideynlərimizin dəstəyilə biz o adətləri boş verdik. Amma araşdırdığım bəzi şeyləri sizinlə paylaşım, görün necə bədbəxtik:

- Fotoqraf: ən ucuz gələn saatına 50 manat istəyir, bazarda ortalama qiymət 400 manatdır. Təsəvvür elə 400 manat Bakıda maaş alırsan, onu verirsən fotoqrafa. Fotosessiyasına 3000 verən cütlüklərin şəkillərinə baxıram. Qaqaş elə bil qızla dünən tanış olub, qıza tərəf baxmağa utanır. Siz o şəkillərdə sevginizi göstərə bilmirsinizsə, sizә o 5000 manatlıq fotoqraf da kömək edə bilməz. Photoshopda sənin əlini qızın çiyninə qoyası deyil, qaqam.

- Gəlinlik: kirayəsi 1000 manatdan aşağı modellər köhnə sayılır. Hələ Londondan 10 min manata gəlinlik gətirənləri demirəm. Gəlinliyin arxasıyca 2 metr don sürünməlidir.

- Komplekt qızıl: Ən ucuz qiymət 2500 azn. 21-ci əsrdə millətimiz qızıla hələ də investisiya kimi baxır: “al, dara düşəndə satarsan”. 20 min qızıla verən, o qiymətə Fransada magistr oxusa, yaxud bir dükan açsa, o daha faydalı olar. Hәlә toyun sabahı borcunu verə bilməyib aldığı qızılları yarı qiymətə satanları demirəm.

- Cehiz: Cehiz xərci limitsizdir. Qız evinə uzun cehiz siyahısı verən “bəy”ləri demirəm. Qaşıqlar gümüşdən olmalıdır, supu yeyəndə daha dadlı olur. Azərbaycanda bir ailənin 4 qızı varsa, rəsmən bankrot olur.

- Maşın korteci: bir cipdən 10 dənə olmalıdır, cool görünür. Qiyməti 1000 manat civarında. Instagramda hamı bu cütlükdən danışacaq.

Siyahım çox uzundur, ürəyim doludu əslində. Ama ümumilikdə bu qədər israfçılığın 2 səbəbi var:

1) Qonşulara görə. Qonşu birdən deyər “qıza ucuz qızıl alıblar”.

2) Daha vacibi - Şəxsiyyətdəki boşluqlar.

Öz şəxsiyyətində büruzə verməyə dəyərləri olmayan insanlar, əksər hallarda bahalı maşın, qır-qızılla buna cəhd edir, süni status qazanmaq istəyirlәr. Nəticədə ən azı 20-30 min toya xərcləyib toydan sonra 5 il borc ödəyir. Bal ayına da ən yaxşı halda Tiflis yaxud Antalya. Bir daha deyirəm, bu mənasız adətləri dəyişməsək övladlarımız bizi söyəcək!

Məni tanımayanlar bəlkə də elə bilər ki, xərcə görə deyinirəm. Amma bunları Avropada ən yaxşı maaş verən bir şirkətin meneceri kimi deyirəm. O pulları kitablara, dünyanı səyahətə, muzeylərə, operaya, yaxşı yeməyə xərcləmək lazımdır. Onda övladlarımız da həm fiziki, həm də mənəvi sağlam olar”.