Hansı dili öyrənək? – İngilis, rus, yoxsa...

saytların hazırlanması

Evə çatdırılma

Hansı dili öyrənək? – İngilis, rus, yoxsa...

Sosial

16 İyun 2022 14:07 4272


Bu gün Azərbaycanda bir sıra xarici dillərin istər dövlət, istərsə də fərdi təhsil müəssisələri tərəfindən tədrisi davam etdirilir. Azərbaycanda xarici dillərdən rus dili bir əsrə yaxın ən çox tədris edilən dil olub. İndi də fərq o qədər böyük deyil. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan məktəblərində icbari şəkildə ingilis dili də tədris olunur.

Bəs yaxşı, Azərbaycan gəncləri, elm adamları və mütəxəssisləri üçün hansı xarici dil daha əhəmiyyətlidir?

Yenisabah.az-a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Şahlar Göytürk bildirib ki, bu gün artıq rus dili demək olar ki, dövriyyədən çıxmaqdadır: pizza hut

“Artıq elm dili ingilis dilidir. Bir də mən çox istərdim ki, Türkiyə türkcəsinə üstünlük verilsin. Çünki türk dili həm də elm dilidir, beynəlxalq aləmə çıxışı olan bir dildir, dillərimiz yaxındır, bu mənada ingilis və türk dillərini paralel şəkildə öyrənilməsini mən üstün tutardım.

O ki qaldı hər hansısa bir dilin kütləvi və yaxud fərdi şəkildə öyrənilməsinə, onu deyim ki, Azərbaycan Dillər Universitetində bizim kadrlarımız hazırlanır. Lakin əlbəttə ki, bu, fərdi qayda da ola bilər və burada da bir nizam-intizam olmalıdır. Necə ki, biz bilirik ki, aşağı siniflərdən valideynlər uşaqlarını heç özləri rus dilini bilmədən rusdilli qruplara və bağçalara yönəldirlər. Bu da sonda ciddi problemlərə gətirib çıxarır. Burada bir qanuna uyğunluq və strategiya, eləcə də dövlətin özünün strateji hədəfləri olmalıdır. Onlardan da biri strateji baxımından dildir. Hesab edirəm ki, burada da ümumi ictimai nəzarət, həm də dövlətin özünün nəzarəti olmalıdır və ən əsası vətəndaşla bərabər kadr yetişdirilməlidir”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, bu gün dünyadakı elm, texnika və texnologiya ingilis dilindədir və birmənalı şəkildə hər bir şəxs ingilis dilini bilməlidir:

“Bu gün beynəlxalq əməkdaşlıq üçün, indeksli jurnallarda məqalələrin çap olunması və müasir ədəbiyyatın oxunması üçün biz birmənalı şəkildə ingilis dilini seçməliyik.

Burada ikinci yanaşma da var. Məsələn, hər bir ölkənin özünün mənbəşünaslığını və tarixşünaslığını orijinaldan əldə etmək lazımdır. Misal üçün, biz qədim dövrlə bağlı mənbələri oxumaq istəyiriksə, informasiya əldə etməyə çalışırıqsa, elm adamı olaraq biz ərəb-fars dillərini bilməliyik.

Bu gün belə orijinal informasiyalar çoxdur. XVII-XVIII əsrin coğrafi səyyahlarının, tacirlərinin xarici ölkələrə səfəri zamanı qeydləri var. Bu zaman isə portuqal və ispan dillərini bilməliyik. Yəni bu, hər bir elmin özünün fundamental sahələrinə aiddir.

Yaxud biz Cənubi Qafqazla bağlı mənbələri oxumaq istəyiriksə, XVII-XVIII-XIX əsr rus dilini bilməliyik. Çünki rus mənəblərində kifayət qədər vacib məqam var. Amma ən vacib məqam budur ki, hər kəs birmənalı şəkildə ingiliscə bilməlidir”.

K. Əsədov əlavə edib: “Sinqapur və Cənubi Koreya texnikaya görə inkişaf edib, lakin bu, o demək deyil ki, biz koreya dilini bilməliyik. Orada ingilis dili bizim üçün yetərlidir. Yaxud Yaponiya; biz orada da ingilis dilindən informasiya əldə edə bilərik. Yəni müasir dövrün texnoloji yeniliklərini əldə etməkdən ötrü ingilis dili yetərlidir. Lakin orta əsrlər və qədim dövrlə bağlı olan informasiyaların əldə edilməsinə ən zəruri şərtlərdən biri mütləq şəkildə ingilis dili ilə yanaşı qədim dillərin öyərnilməsidir. Mən hesab edirəm ki, mütəxəssislərimiz bu gün ən vacib şəkildə bu dilləri mütləq şəkildə bilməlidirlər”.

“70 il SSRİ tərkibində yaşamışıq və bizə rus dilini tədris ediblər. Rus dilinin bizə nə kimi faydası oldu” sualına isə Şahlar Göytürk belə cavab verib:

“Əlbəttə, biz sovet dövründə SSRİ-nin tərkibində olduq. Rus dilini bilməyin hesabına elm bizdə müəyyən qədər inkişaf etdi, ədəbiyyatlar da demək olar ki, rusca idi. O dövr üçün elmin inkişafında rus dilinin müəyyən rolu vardı və biz bunu dana bilmərik.

Amma biz 30 ildən artıqdır ki, müstəqil dövlətik, dövlət dilimiz Azərbaycan dilidir və biz ilk növbədə, Azərbaycan dilini çox mükəmməl bilməliyik, çünki öz ana dilini mükəmməl bilməyən vətəndaşın başqa dildə oxumasının, tədris etməsinin dövlətə ciddi dərəcədə əhəmiyyətli bir təsiri yoxdur. Bu mənada, hesab edirəm ki, birinci növbədə, biz öz dilimizi mükəmməl bilməliyik. Öz dilini mükəmməl bilən şəxs ikinci-üçüncü dilləri də rahat və sərbəst biləcək, daha çox öz millətinə və dövlətinə fayda vermək üçün köklənəcək”.

Kamran Əsədov isə bu məsələni belə şərh edib:

“Rus dili bizə çox şey verib. Azərbaycan təbii ki, 70 il SSRİ-nin tərkibində olub. Amma rus işğalçısı digər işğalçılardan fərqli olaraq bizə məktəbə verib, kitab verib, kitabxana verib, oxumağı öyrədib. Dil işğalçı deyil. Dil sadəcə ünsiyyət vasitəsidir və bunun siyasətə heç bir aidiyyəti yoxdur. Azərbaycanın elm adamlarının yetişdirilməsində, AMEA-nın yaradılmasında rus dilinin və elminin rolunu dana bilmərik. Bəli, rus işğal etmişdi, lakin biz baxaq 1920-ci ilə qədər Azərbaycanda olan ziyalıların sayına, onların elmi tədqiqatlarına və ondan sonrakı dövrə. Bəli, rus işğalçıdır, amma rus dili bizə kifayət qədər çox şey - ədəbiyyat, kitablar, məktəblər qazandırıb.

Mən sizə rəqəmləri də deyim: Misal üçün 1920-ci ildə olan məktəblərin sayı ilə 1945-ci ildə olan məktəblərin sayında 100% fərq var. Amma rus dili bizə mədəniyyət, elm və təhsil verib. Bir daha qeyd edirəm, rus işğalçıdır, bizim ərazilərimizi daim işğalda saxlayıb, amma buna baxmayaraq biz məhz onların dövründə oxumağı daha geniş şəkildə öyrənmişik”.

Şahlar Göytürk, həmçinin, valideynlərin uşaqlarını rusdilli siniflərə yazdırmasından da gileylənib:

“Məsələn, elə olur ki, bizdə aparıb uşağı rus qrupuna qoruyurlar. Elə indinin özündə də bu tendensiya var. Baxırsan vətəndaşın özü rus dilində düşünür. Rus dilində düşünən adamın, əlbəttə ki, vətənpərvərlik duyğuları və hissləri çox aşağı olacaq, milli məsələlərdə seçim edəndə çox ciddi yanlışlığa yol verəcək. Bu artıq təcrübədən çıxmış bir məsələdir. Ona görə də biz ilk növbədə, fərqi yoxdur, kimliyindən, hansı qrupda və ailədə böyüməyindən asılı olmayaraq, aşağı siniflərdə öz ana dilimizi mükəmməl şəkildə tədris etməliyik. Dasha sonra dördüncü və beşinci sinifdən sonra paralel olaraq başqa dilləri, hətta rus dilini də öyrənə bilər”.

Ekspertin sözlərinə görə, burada bir siyasət olmalıdır:

“Çünki siyasət olmayanda insanlar düşünürlər ki, rus dilini öyrənməklə gələcəkdə hansısa karyera qurmuş olacaqlar. Bu, yanlış bir məsələdir. Sovet dövründə müəyyən mənada kadra ehtiyac vardı. Məsələn, bölgələrimizdə ixtisaslı kadrlar çatışmırdı. İndi dövr və tələblər dəyişib. Hazırda övladlarını rusdilli qruplara yönəldən valideynlər hesab edirəm ki, çox ciddi strateji səhvə yol verirlər. Artıq dövr dəyişib. Yenə deyirəm, öz dilini yaxşı və mükəmməl bilən şəxs üçün hər yerdə iş vardır. İndi hər yerdə düşünürlər ki, ikinci-üçüncü dili bilməklə sabah hansısa gəlirli sahədə çalışacaqlar və s. Amma hesab edirəm ki, belə deyil. Paralel şəkildə daha çox nailliyətləri əldə etmək mümkündür”.

“Sovet dövründə qalma ənənəvi bir fikri var: “Öz dilindən başqa bir qərb, bir də şərq dilini bilən şəxs həm şərq, həm də qərb dünyasına inteqrasiya edə bilər”. Məsələn, ərəb dili dünyada ən çox istifadə olunan dillərdən biridir, sonra Avropada italyan, fransız, ispan və alman dilləridir ki, bunlar ən prestijli dillərdən hesab olunur. Amma hazırda orta-statistik azərbaycanlı üçün əlçatanlıq baxımından, mən hesab edirəm ki, türk dili və ingilis dili daha üstündür. Eyni zamanda biz düşmənin də dilini bilməliyik, lakin bu, artıq kadr məsələsinə daxildir. Əgər biz məktəblərdən danışırıqsa, üstünlüyü birinci növbədə ingilis dilinə verməliyik”, - Ş Göytürk yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!