Həbsdə olan YAP üzvünün anasından nazirə  MÜRACİƏT
18 Mart 2020 23:27
669

Həbsdə olan YAP üzvünün anasından nazirə MÜRACİƏT

Oğlu həbsdə olan keçmiş polis əməkdaşının xanımı Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlayıb.

"Yeni Sabah" müraciəti olduğu kimi təqdim edir:

"Daxili İşlər Naziri, general-polkovnik, Cənab Vilayət Eyvazova

Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 670 ünvanında yaşayan Bayramova Lyudimila Məcid qızı tərəfindən

MÜRACİƏT

Çox hörmətli Vilayət müəllim!

Sizə müraciət etməkdə məqsədim çarəsiz qalmış bir ana kimi Sizdən oğluma görə köməklik istəməkdir.

Belə ki, mən Bayramova Lyudimila Məcid qızı 25.03.1953-cü il tarixində Tovuz rayonunda anadan olmuşam. 3 övladım var. Həyat yoldaşım Mirzəyev Arif 25 il Daxili İşlər Orqanlarında xidmət etmiş və uzun sürən xəstəlikdən (serrozdan) 2000-ci ildə vəfat etmişdir. Ailənin yeganə işləyən fərdi kimi müxtəlif yerlərdə işləməklə hər nə qədər çətin olsa da övladlarımın qayğısına qalmağa və düzgün tərbiyə etməyə çalışmışam.

Cənab nazir!

Təxminən 10-11 ay bundan öncə oğlum Maarifin DİN Daxili Qoşunlarında işləyən Pərvin adlı tanışı ona bildirmişdir ki, iş yoldaşı Aqil adlı şəxs ona pul borcludur və nə qədər tələb etsə də qaytarmır. Məndə olan məlumata görə bir dəfə oğlumla birlikdə Pərvin ona borclu olan Aqildən borcu istəməyə gediblər və Pərvinlə Aqilin arasında sözlü mübahisə yaranıb, oğlum onları sakitləşdirib. Bu məsələdə oğlum Maarifin heç bir günahı olmasa da Aqil polis orqanlarına müraciət edərək, oğlum Maarifdən və borc sahibi olan tanışı Pərvindən şikayətçi olmuşdur. Borclu olduğu halda pulu ödəməkdən boyun qaçırması azmış kimi pulunu tələb edən iddiaçı tərəfi şərləyərək onların həbsinə nail olmuşdur. Onun qurama şikayəti əsasında təxminən 10 ay bundan əvvəl Pərvin, 5 ay bundan qabaq isə oğlum həbs olunmuşdur. Bir ana kimi əminliklə bildirirəm ki, oğlumun heç bir təqsiri və günahı yoxdur, o, heç bir cinayət törətməyib. Lakin buna baxmayaraq Aqilin şikayəti əsasında oğluma və onun tanışı olan Pərvinə Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə hədə qorxu ilə pul tələb etməyə görə cinayət işi açılmışdır və Bakı şəhər Baş Polis İdarəsində hazırda istintaq gedir. İşi müstəntiq Rauf Məmmədov aparır.

Bildirirəm ki, oğlum Maarif Yeni Azərbaycan Partiyasının üzvüdür. O, bundan əvvəl heç bir qanunsuz əməllərə yol verməmişdir, məhkumluğu olmamışdır, cinayət törətməmişdir. 

Bir neçə ildir mənim öz səhhətimdə yaranmış ciddi problemlərə görə (ağır dərəcə şəkər xəstəsiyəm) işdən ayrılmışam, qızım isə ailəsindən ayrılaraq mənim himayəmə qayıtmışdır. Faktiki olaraq xeyli müddətdir ki, ailəmizi hazırda həsbdə olan oğlum Maarif dolandırmışdır. Hazırda həm mən, həm də qızım ağır xəstə olduğumuzdan nə işləyə bilmirik, nə də ki, maddi çətinliyə görə lazımı şəkildə müalicə ala bilmirik. Belə ki, oğlumun həbs olunması bizi son dərəcə ağır vəziyyətə salmışdır.

Cənab nazir!

Çarəsiz durumda qalmış ailəmizin yeganə ümidi Sizsiniz. Sizdən artıq dərəcədə xahiş edirəm ki, ərizəmi şəxsi nəzarətinizə götürməklə, şikayətçi Aqil adlı şəxsin şərləyərək tutdurduğu oğlum Maarifin həbsdən azad olunmasına köməklik göstərəsiniz.  

Əvvəlcədən Sizə ailəmiz adından dərin hörmət və minnətdarlığımızı bildirirəm.

Hörmətlə,

Bayramova Lyudimila Məcid qızı

Telefon: 055 429-18-51".

Oxşar xəbərlər