“Heç kim irad tuta bilməz ki, yazıçı həqiqətləri niyə açıq bildirmir” – Müsahibə 
31 İyl 2020 10:01
566

“Heç kim irad tuta bilməz ki, yazıçı həqiqətləri niyə açıq bildirmir” – Müsahibə 


Şair, yazıçı, tərcüməçi Zahid Sarıtorpaqın “Yeni Sabah”a müsahibəsi: 

– Zahid bəy, əhvalınız necədir? 

–  Şükür. Alababat. Alıb-verdiyimiz nəfəs limiti tükənməyib hələ ki.

– Baş verənlər sizidəmi qorxudur?

– Qorxmaqdan keçib artıq. Ümumi narahatlıq var sadəcə. Həyatın hamıya bəlli olan düzəni itib. Təsəlli verən odur ki, Günəş yenə Şərqdən doğub, Qərbdə batır...

– Siz magik realizmə meylli qələm adamısınız. Dünyanın bəlasına çevrilən koronavirus pandemiyasında mistik çalarlar gözə dəyirmi?

– Sırf elmi cəhətdən yanaşsaq, bu pandemiyanın dünyanın axarına göstərdiyi təsirin heç bir mistikaya aidiyyəti yoxdur. Hər şey realdır. Ancaq ruhi baxımdan yanaşdıqda insan ağlasığmaz burulğanlara tuş olub, həyatı boyu təssəvvür belə etmədiyi məqamlarla üz-üzə qalıb. İnsanlarda psixoloji təbəddülatlar indi özünü daha aydın göstərir. Yer+Göy+İnsan üçbucağında yeni ştrixlər üzə çıxıb. Obrazlı desək, bu pandemiya elə bil şaxtalı bir gündə, ocağı, sobası olmayan, pəncərəsi, qapısı qırıq dünya adlı köhnə bir daxmaya soxulan və orada yalqızca yatmış gül üzlü, məsum bir körpənin üstündən yorğançasını götürüb atan çox soyuqqanlı, mübhəm bir varlıqdır; indi qəddarcasına bir kənarda dayanıb o körpənin necə büzüşməsinə, titrəyib-inləməsinə baxıb həzz alır... 

– Hazırda karantin rejimi davam edir. İznli üç saat ərzində bizim sərbəst gəzib-dolanmaq imkanımız var. Üç saata nə etmək olar?

– Təbii ki, karantin rejiminin tətbiqi sərt də olsa, insanları çətinliklərlə üz-üzə də qoysa – qaçılmazdır. Əks təqdirdə daha pis məqamlarla üzləşərdik. Pis, yaxşı – bunlar hamısı insanlarımızın sağlamlığının qorunmasına hesablanmış şeylərdir. Bu elə bir qeyri-adi, öyrəşmədiyimiz məqamdır ki, səhvlər də buraxıla bilər, fəsadlar da olar. Bu prosesə ümumi işin xatirinə anlaşıqlı yanaşmağa borcluyuq.

– Şair, yazıçı, tərcüməçi. Yəqin ki, Zahid Sarıtorpağın çevirməsində tezliklə daha bir əsər oxuya biləcəyik. İşləyirsinizmi? 

– Bildiyiniz kimi, mən Azərbaycan Dövlət Tərcümə Mərkəzində işləyirəm. Mərkəzin çox sanballı layihələri var. Bu gün də həm real, həm də virtual qaydada onları həyata keçirməklə məşğuluq. O ki qaldı şəxsi yaradıcılığımda nəyi tərcümə etdiyimə... hazırda adını çəkmək istəmədiyim bir nəşriyyat üçün dünya klassiklərinin ən məşhurlarından birinin hekayələrini çevirirəm. Artıq son tamamlama işləri görürəm.  

– Ədəbiyyatın vəzifəsi nədir: öz həqiqətini yaratmaq, yoxsa Yaradanın ismarışlarını çatdırmaq? 

– Mənim üçün ədəbiyyat konkret olaraq yazıçının, şairin qarşısına heç bir vəzifə, öhdəlik, missiya qoymur. Heç kim irad tuta bilməz ki, yazıçı sırf bugünkü həqiqətləri, sosial, ictimai, siyasi mənzərələri yazılarında niyə açıq-aydın əks etdirmir. Yaradıcılıq o qədər fərdi, o qədər dəruni, o qədər ipə-sapa yatmaz bir prosesdir ki, insan həyatı üçün zəruri olan bu sadalananlar onun içindən adlayıb ağ günə də çıxa bilər, şikəst olub çəliyini boş qafalara döyə-döyə yeriyib gedə də bilər. 

– Şair, nasir, özü də romanlar müəllifi. İndiyədək 5 romanınız çap edilib. Roman janrına tez-tez müraciət edirsiniz. Zahid bəy, doğrudanmı yazmaq istədikləriniz şeirlərə və hekayələrə sığmayacaq qədər böyükdür?   

– Bəzən elementar bir hiss, bir ifadənin doğurduğu təəssürat nəsr yazmağıma təkan verir. Bəzi istisnaları nəzərə almasaq, şüur axını yaradıcılıqda mənim sığındığım yeganə tərzdir. Yəni əksər yazıçılar kimi janrın tələblərinə uyğun plan qurmaqdan uzağam. Bu da yəqin dünyanın bu dolambac çağlarında ruhumun hələ də poetik laddan bezmədiyindən irəli gəlir. Bunu romanlarımın yığcamlığı və dili də təsdiqləyir.   

– Bir az da nəsrin cavan simalarından söz açaq... Böyük yazıçı iddiasına layiq cavan yazıçılar varmı?

– Var. Əlbəttə, çox istedadlı gənclik yetişir. Sosial şəbəkələrdəki yazışmalardan göründüyü kimi bir çoxunun güclü mütaliəsi də var. Ancaq onu da deyim ki, şan-şöhrətə, ad-sana susayanları daha çoxdur, nəinki öz hücrəsinə çəkilib yazı-pozuya qurşananları, ortalığa gərəkli mətn qoyanları. Hər halda proses gedir və ümidvericidir.

– Müasir Azərbaycan ədəbiyyatı dağ boyda dərdimizi çəkməyə alışıbmı görən, mən xalqın milli faciəsinə çevrilən yad tapdağındakı Qarabağı, işğal faktorunu nəzərdə tuturam. Çağdaş nəsr əsl sənət nümunəsi ola biləcək müharibə ədəbiyyatını yaratmağa hazırdırmı?

– Bu elə bir dərddi ki, real həyatımızda da ruhumuzda da metastaz verib yayılmadığı, cənginə almadığı sahə yoxdur. Ancaq bu o demək deyil ki, ədəbiyyat mütləq çiynini onun altına verməlidir. Bu gün ədəbiyyatın elə bir missiyası yoxdur və məni düz başa düşəcəyinizə inanıram. Əgər söhbət əsl sənətdən, əsl yaradıcılıqdan gedirsə, konkret olaraq ədəbiyyatın üzərinə heç nə yükləməyə haqqımız yoxdur. Çağdaş nəsrimizin buna hazır olub-olmaması məsələsi mənim üçün bu baxımdan qaranlıqdır. Sırf özümdən deyim: hadisələrin başlayıb qızışdığı ilk dönəmlərdə Ağdamın Boyəhmədli kəndinin başı üstündən girib, sağa burularaq Sırxavənd dərəsi ilə üzü Vəngə sarı əlində quş tüfəngi döyüşə atılanların yanında olmuşam. Fikrimiz Vəngi keçib Kəlbəcərin Sarıqamış yaylağına getmək, oraya ərzaq yardımı aparmaq idi. Mühasirədə olanda Xocalıya da getmişəm. Orada keçirdiyim bütün yaşantılarımı xırdaca detallarınacan qeyd dəftərçəmə köçürmüşəm: bütün adları, hətta avtomobil nömrələrini, başıma gələnlərin hamısını qeyd etmişəm. O vaxt çox həvəsliydim ki, bu barədə nəsə yazım. Amma mistik bir hadisə baş verdiyindən – qeyd dəftərçəimi itirdiyimdən əlim-qolum yanıma düşdü, nə isə bu işə girişmədim. Amma dəftərçəmi 23 ildən sonra tapdım. Tapmağımın da üstündən artıq uzun illər keçib. Son vaxtlar şərti adı “Şəkildən daman qan” olan, Qarabağ qazilərinin həyatından bəhs edən, amma reallıqların özünü kölgədə qoyan magik bir roman yazmağa başlamışam və o, bu gün də yarımçıqdır. Öhdəlik-filan götürmürəm, amma həmin mövzuya töhfəm bu romanı yazıb bitirməyim olacaq. Yenə də deyirəm, bu, sırf ədəbiyyatın missiyası sayıla bilməz...  Çünki biz maarifçilik dönəmində yaşamırıq, bu gün texnoloji inkişaf elə bir həddə çatıb, informasiyalar o qədər bol və güclüdür ki, konkret hadisələrlə bağlı xırdaca detallar belə hamıya məlumdur və hansısa bir məlumat əldə etmək üçün ədəbi əsərlərə müraciət etməyə ehtiyac qalmır. 

– Bir şeirinizdə belə deyirsiniz: 

...oxumadan cırdım Ölümün məktubunu

tikə-tikə eləyib

çırpdım Eşq adlı bir küləyin üzünə...

Zahid bəy, Eşq olan yerdə ölüm nə gəzir?

– Ölüm hər yerdə var: Eşqin içində də, çölündə də... Bir də ki, dərinə getməyin, çünki şeirin bir qanadı həmişə göydədir, çaşdıra bilər sizi... 

– "Mən heç zaman yaşıl ağaclar altından əli baltalı keçmədim - düşündüm: qəfildən diksinib quruya bilər ağaclar". Sarı rəngin havasında yazılan "Dərdin sarı çəpkəni" romanı qalan romanlarınızdan nə ilə fərqlənir?

– Mənim üçün heç nəylə. Yazdıqlarım eyni estetikanı daşıyır. Onu oxucular, tədqiqatçılar daha yaxşı bilər. 

– Ədəbiyyat nümunəsi sayılacaq şeirləriniz var, hətta bir şeiriniz miniatür romana bənzəyir. "İşıq ili" şeiriniz isə lap budanmış roman kimidir... O şeirin belə misraları da var:

…aradan neçə işıq ili ötdü görən

üzü işıqlığa çıxanacan adamın

neçə sərgərdan işıq ili qoparıldı

onun Can Təqvimindən...

– Nəsə çatdıra bilmişəmsə, təsir edə bilmişəmsə – nə gözəl... Şairin bundan böyük nə qazancı ola bilər ki... 

– "Köhnə mücrüyə elegiya" romanını hələ oxumamışam. Bu roman oxucuya nə verəcək? 

– Bu, yazıb çap etdirdiyim sonuncu romanımdır. Xırdalamaq istəmirəm. Amma hadisələrin real və ya irreal aləmdə baş verdiyini, ölünün həqiqətən ölü, dirinin diri olduğunu heç kim deyə bilməz. Roman mistik olsa da içində mənim öz düşüncəmə görə, belə demək mümkünsə, həyatımızla bağlı oxucu önündə neçə-neçə sual işarəsi qoyan, hətta dəfələrlə üç nidanı birdən-birə mismar kimi çalan çox ciddi ötürmələr var. O biri romanlarımda olduğu kimi bacardığım qədər lakonik, yığcam yazmağa çalışmışam. Amma heyif ki, “Azərbaycan” jurnalının builki 3-4-cü nömrəsində çap edilən bu romanım xeyli ixtisar edilib və bu haqda jurnal bildiriş verməyib. 

– Bir çox əsərlərinizdə, eləcə də "Kül", "Quşların intiharına ağlamayın", "Qarğa marşrutu" romanlarında daima üçüncü şəxsin səsi gəlir. O kimin səsidir? 

– Daim o səsin eşidilməsini istəmişəm. Amma buna nə dərəcədə nail olduğumu bilmirəm. Bununla bağlı həmişə narahat omuşam. Bu, yazıçı üçün həmişə çətin olan bir məsələdir. Primitiv bir misal çəkim: təsəvvür edin ki, yediyiniz yeməyin dadını gedib haradasa izah etməyə başlayırsınız, neyləsəniz də şifahi olaraq o dadı, o tamı dəqiqliyi ilə verə bilməzsiniz. Üçüncü səs də yazıçı üçün həmin istəkdir. Onu duyura bilirsə, bu, uğurdur.

– Azadlıq itirənlərin xatirəsidir, yoxsa itkin düşənlərin geriyə dönüşü?

– Azadlıq – azadlıqdır. Yüz çaları olsa da məramı birdir.

– Bəzən "atəşkəs" anlayışının sinonimi hesab edilən "təslimçi sülh" ifadəsində bir qüsur var sanki. Qıcıq doğurur. Üstəlik də sülh boyda bəyaz, məsum bir deyim imitasiya edilib. Ziddiyətli səslənir - sülh və təslim. Ümumiyyətlə sülh nədir?

– Təbii ki, mən də bu deyimin qüsurlu olduğunu təsdiqləyirəm. Sülhün təslimçiliyi, əsirliyi anlaşılan deyil. Şeirə qurşandığım, uşaqlıq, yeniyetməlik çağlarım olsaydı, sülh azadlığın göylərində uçan bir göyərçindir deyərdim. İnsan ruhunun nəhayətsizlik içində xoşbəxtliyi, arının gülə, gülün arıya sevgisindən doğan gerçək ab-hava və sair və ilaxır. Siyasi arenada isə sülh başqa atributlara söykənir və çox vaxt süni təsir bağışlayır.

–  Pandemiya ilə müharibə də qələbə ilə bitəcəkmi? Koronavirusdan sonra yeni dünya görəcəyikmi? 

– Təbii. Qoy belə deyək: hər şey yaxşı olacaq. İnsanlara ümid vermək lazımdır. Qələbə gec-tez virusun deyil, insanındır. 

–  Böyük yazıçı olmaq haqqını qazanan qələm adamlarının sırasında nasir Zahid Sarıtorpağın imzası olacaq, yoxsa şair Sarıtorpağın? 

– Bu sualın cavabı mənlik deyil. Əslində nə böyük, nə kiçik? Sadəcə, yazıçı olmaq, şair olmaq lazımdır, vəssalam. Mən şöhrət düşkünü, böyük yazıçı olmaq dəlisi olsaydım, səkkiz yaşından üzü bəri yazdıqlarımı (o vaxtdan bəri çap etdirdiklərim istisna) kitab şəklində əlli yaşdan sonra ortalığa çıxarmazdım. 

Söhbətləşdi: Oqtay Qorçu

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər