Su həyat mənbəyidir. Bu ifadə sözün əsl mənasında özünü müxtəlif istiqamətlərdə tam təsdiq edir. Bəşəriyyət yarandığı gündən su hər zaman həyati önəm daşıyıb.
Təsadüf deyil ki, ilk insan sivilizasiyaları da məhz dünyanın müxtəlif yerlərində olan su və çay hövzələrində meydana gəlib. Hətta dəfələrlə su uğrunda amansız və qəddar müharibələr, siyasi böhranlar yaşanıb. Bir çox proqnozlara görə, 3-cü Dünya Müharibəsi də məhz su resursları uğrunda başlayacaq.
Bu baxımdan suyun gələcəkdə hər zaman olduğundan qat-qat daha əhəmiyyətli olacağı heç kimdə şübhə doğurmur. Su qıtlığından qorunmaq üçün başlıca olaraq ondan səmərəli və qənaətlə istifadə etmək lazımdır. Ölkəmizdə də dövlət tərəfindən su ehtiyatlarının formalaşdırılması və mövcud su resurslarının qorunması istiqamətində müxtəlif tədbirlər görülür. pizza sifarişi
Qlobal istiləşmə və iqlim dəyişiklikləri fonunda su məsələsinə daha diqqətlə və həssas davranmaq dövrümüzün zəruri şərtlərindən birinə çevirilir. Nəzərə almaq lazımdır ki, dünyadakı su ehtiyatlarının cəmi 2 faizə qədəri insan üçün həyati əhəmiyyət daşıyan şirin sulardır. Bəs görəsən sularımızı qoruyub saxlamaq üçün nələr etməliyik?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ekoloq Rövşən Abbasov bildirib ki, mütləq şəkildə su mənbələrinin çirklənməsinin qarşısı alınmalıdır.
“Su idarəçiliyinin müxtəlif çıxış qaydaları var və bu qaydaları biri də su mənbələrinin çirlənməsinin qarşısının alınmasıdır. Məsələn, əgər dağlıq ərazidə hər hansısa bir otel tikilirsə, ilk növbədə müvafiq dövlət qurumu həmin oteldən çıxacaq çirkab suların hara axacağı barədə arayış tələb etməlidir.

Həmin ərazidə əgər çirkab suların ümumi şəbəkəsi yoxdursa, o zaman otel rəhbərliyi borcludur ki, həmin suyu özü təmizləsin. Eyni sözləri iri fermalara da aid etmək olar.
Böyük və kiçik şəhərlərdə, ümumən yaşayış məntəqələrində ümumi qayda belədir ki, heç bir mənbədən çaya, gölə və digər su mənbələrinə çirkab su axıdılmasın. Bu birinci çıxış nöqtəsidir.
İkinci çıxış nöqtəsi isə ondan ibarətdir ki, mümkün qədər su mənbələrindən az su götürülməlidir. Eyni zamanda götürdüyümüz suyu daha effektiv və maksimal dərəcədə az itkilərlə istifadə etməliyik. Yeni suya ehtiyac olduqda gəlir-fayda təhlilləri aparılmalıdır”.
Ekoloq kənd təsərrüfatında suvarma məqsədi ilə bağlı istifadə olunan sulardan daha əlverişli istifadə olunmalı olduğunu qeyd edib.
“Məsələn, əgər bir yer suvarma məqsədi ilə əkilirsə, ilk suyun ora haradan gələcəyi müəyyənləşdirilməlidir. Əgər götürüləcək su çay ekosisteminə öldürücü təsir edəcəksə, həmin mənbədən istifadə etmək düzgün deyil.
Üçüncü əsas çıxış nöqtəsi isə çaylarla bağlıdır. Çaydan götürülən sudan maksimum qənaət edilməlidir. Hər damlanın qədrini bilmək lazımdır. Çox təəssüf ki, hələ də ölkəmizdə kənd təsərrüfatı sahəsində ciddi su itkiləri var. Bu kimi halların qarşısı alınmalıdır.
Dördüncü çıxış mənbəyinə əsasən, bilmək lazımdır ki, hər bir su mənbəyi eyni zamanda ekosistemin bir zənciridir. Su mənbəyi olduqca qiymətli ekosistem zəncirinin bir parçasıdır. Onun həm də çox böyük turizm dəyərləri var”.
İşğaldan azad olunmuş ərazilər bir çox aspektdən olduğu kimi, su ehtiyatları baxımından da olduqca zəngindir. Xüsusən Qarabağın dağlıq ərazilərindən axıb gələn çaylar və dağlarda formalaşmış su hövzələri istər keyfiyyət, istərsə də həcm baxımından müstəsna əhəmiyyətə malikdir.

AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev Kiçik Qafqaz dağlarında olan suların Böyük Qafqazdan daha zəngin və keyfiyyətli olduğunu diqqətə çatdırıb.
“Kiçik Qafqaz dağları vulkanik sahə olduğu üçün oranın suları olduqca yüngül və mineral tərkiblərlə zəngindir. Böyük Qafqazın sularından fərqli olaraq bu sularda codluğun miqdarı xeyli aşağıdır.
Qarabağdakı dağlar vulkanik olduğu üçün maqmatik süxurların tərkibində olan nadir elementlər suda həll olunur və içməli su kimi çox əhəmiyyətlidir. Bu sular tərkibində olan mineral maddələrin hesabına insan orqanizmi üçün də olduqca faydalıdır.
Bu suların Bakıya və Abşeron yarımadasına çəkilməsi maddi olaraq baha olsa da, Qarabağa daha yaxın Mərkəzi Aran və digər rayonlara çəkilməsi olduqca faydalı olar”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız