İlqar Məmmədovun boğazını kim “qurudub”?
11 Sen 2020 11:45
1194

İlqar Məmmədovun boğazını kim “qurudub”?

Biz qəzetçiyik, uzun illərdi eyni işi görürük; cəmiyyətin informasiya tələbatını ödəyir, zərurət yarandıqda maarifləndirir, problemlərə işıq tuturuq. Nə olsun ki, vaxtilə əl-əl gəzən “Bu gün”, “Cümhuriyyət”, “Reytinq” kimi populyar qəzetlərimiz indi tarixin bir parçasına çevrilib. Kağız qəzetimiz olmasa da, internet qəzetimiz var. 

Əvvəllər olduğu kimi, yenə sözümüzü deyirik. Yenə yalan və talanla məşğul olanları ifşa edir, rüşvətxor və korrupsioner məmurlara yerlərini göstəririk. Hə, yenə kimlərsə dediklərimizi bu qulağından alıb o biri qulağından verir, yenə kimlərsə özünü lallığa, korluğa, bəzən isə karlığa vurur. Bu zaman qulaqlarının dibində elə qışqırırıq ki, yerindən dik atılır. Axı dövlət qulluğunda çalışanların gözü tükü-tükdən seçməli, qulağı darı dəlməlidir. Ay məmur, necə olur ki, gözünün qabağında qalaqlanmış problemləri görmürsən, amma büdcədəki beş manatın üçünü çırpışdırmağı bilirsən?

Bizim təkcə məmurlarla problemlərimiz yaranmır. Hardasa onları anlamağa çalışırıq. Rüşvət və korrupsiyanın bataqlığında boğulan adamlar xalqa nə deyəcək? Axı onların camaatın qarşısına çıxmağa üzü, deməyə sözü yoxdur...

Özünü demokrat adlandıran, ümumbəşəri ideyalardan dəm vuran adamlar da bəzən bizə problem yaradırlar. Onlar da harın məmurlar kimi israrla susur, danışmaqdan imtina edirlər. Demirəm ki, zorakılığa məruz qalan vətəndaşı müdafiə etsinlər. Deyirəm ki, heç olmasa, özlərini müdafiə etsinlər, ünvanlarına səslənən ittihamlara cavab versinlər...

REAL Partiyasının sədri İlqar Məmmədov köhnə kişilərdən olsa da, yeni nəsil siyasətçilərdən sayılır. Tərəfdarları onun cəmiyyətə açıq siyasətçi imicini yaratmağa çalışırlar. Guya ətrafına betondan xətt çəkməyib, xəlqidir, əlçatandır, həmişə görüşmək, danışmaq, fikir mübadiləsi aparmaq mümkündür. Ona görə guya yazıram ki, real həyatda biz bunun əksinin şahidi oluruq. Vacib bir məsələyə münasibət öyrənmək üçün iki gündür İlqar bəylə əlaqə saxlamağa çalışırıq. Siyavuş Novruzovun dilindən sözü kəlbətinlə qoparan, bununla da ortada toz duman qoparan fərasətli müxbirimiz iki gündür İlqar Məmmədovun dilindən bir söz qopara bilmir. Səbəb sadədir. İlqar bəy heç vaxt telefonunu açmır. Ola bilsin ki, telefonda müsahibə verməyi xoşlamır. O zaman jurnalisti partiyasının qərargahına dəvət etsin. Deyə bilərsiniz ki, ondan müsahibə götürmək istəyən 50 jurnalist var. Hamısına necə vaxt ayırsın? O zaman mətbuat konfransı keçirib, 50 jurnalisti bir yerə yığsın. Demək istədiyim odur ki, nəsə etsin. Ya da getsin. Məsələ bu qədər bəsitdir.

Siyasətçiyə zəng edib telefonla müsahibə almaq Azərbaycanda geniş yayılıb. Məsələn, İlqar Məmmədovun müavini Natiq Cəfərliyə gündə beş dəfə də zəng etsək, “Ay can” deyib, sorğumuzu cavablandıracaq. Aydın Mirzəzadə, Etibar Əliyev, Qənirə Paşayeva, Ceyhun Məmmədov, Aqil Abbas, Musa Quliyev kimi deputatlar, Arif Hacılı, Əli Əliyev, Sərdar Cəlaloğlu, İqbal Ağazadə kimi siyasətçilər, Flora Kərimova, Rasim Balayev, Brilliant Dadaşova kimi sənət adamları əlçatandır, jurnalistlərlə xoş ünsiyyət qurur, heç bir sualı cavabsız buraxmırlar. Hesab edirəm ki, İlqar Məmmədov bu adamların heç birindən daha vacib persona deyil.

Hazırda telefon ən mühüm ünsiyyət vasitələrindən biri hesab olunur. Telefon təkcə əmioğlu, dayıqızıyla danışmaq üçün icad olunmayıb. Əgər sən telefona ancaq yaxın qohumlarınla danışmaq üçün vasitə kimi baxırsansa, nömrəni niyə jurnalistlərə verirsən?

Sonda vacib bir məqamı da dəqiqləşdirməyə ehtiyac var: sən siyasət adamısan, yoxsa məişət?..

Seymur VERDİZADƏ

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər