İnsanlar gömrükdən niyə yayınır? – Səbəblər

saytların hazırlanması

Evə çatdırılma

İnsanlar gömrükdən niyə yayınır? – Səbəblər

Sosial

22 Aprel 2022 17:51 685


Bu gün Dövlət Gömrük Komitəsi açıqlama yayıb ki, xaricdən onlayn sifarişlə mal gətirənlər arasında qaçaqmalçılıq halları artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə düz 4 dəfə artım var. Komitə sədri Səfər Mehdiyev hər il gömrük yığımlarının 100 faizdən artıq rəqəmlə göstərdiyi kimi, qaçaqmalçılıq sahəsində də böyük inkişaf var. Özü də bu elə belə sıradan qaçaqmalçılıq deyil, onlayn qaçaqmalçılıqdır. 

Gömrükçülərimizin uğurlu iqtisadi siyasəti nəticəsində qaçaqlarımız böyük uğurlara imza atmaqdadırlar.

Bəs, insanlar niyə qanuni deyil, belə qeyri-qanuni yola əl atırlar? Görəsən, gömrük rəhbərliyi heç bunun səbəbləri barədə düşünüblərmi? Yoxsa, düşünmək, problemin kökünə enmək onları maraqlandırmır? Onların diqqətini nəticə daha çox cəlb edir?! pizza

Azərbaycanda xaricdən gətirilən bütün məhsulların uzağa getməyək, qonşu dövlətlərdən ən azı iki dəfə baha olduğunun fərqindədirlərmi, görəsən? Bu haqda bəlkə də milyon dəfə yazılıb, deyilib, şikayətlər səslənib. Amma bir kəndin sakinlərindən ibarət olan bu dövlət qurumunun rəhbərliyinin tükü də tərpənmir. Əsas niyyət işıq gələn deşiyə barmaq tıxamaqdır...

İnsanlar ona görə qaçaq yolla məhsul gətirməyə məcbur olurlar ki, Gömrük Komitəsi onlara alternativ yol qoymur. Bu addım yalnız məcburiyyətdən atılır. İqtisadçı deyiləm və bu sahədən anlayışım azdır. Amma ağlıma gətirə bilmirəm ki, dünyanın hansısa bir ölkəsində ölkə vətəndaşlarına xaricdən mal gətirmək üçün limit müəyyən olunsun. Özü də 300 dollar səviyyəsində. 300 dollar heç Səfər Mehdiyevin ayaqqabısının bir tayının bağının qiyməti də deyil. Bu limit hansı məntiqlə müəyyən edilib axı? Dünyanın hansı ölkəsində avtomobilin alındığı qiymət qədər də gömrük rüsumu tələb olunur? 

Ölkədə bahalığı yaradan xarici səbəblər deyil, daxili səbəblərdir. 

Həqiqətən də bəzən o qədər absurd qaydalar müəyyən edilir ki, adamın matı quruyur. Bir neçə il əvvəl onlayn xidmətlərdən istifadə edənlərə yüksək vergi tətbiq olundu. Bununla guya insanları yerli və keyfiyyətsiz xidmətlərdən istifadə etməyə cəlb etmək istəyirdilər. Onlayn xidmətlərə görə başqa ölkələrdə bu səviyyədə vergi tətbiq edilib-edilmədiyindən xəbərsizəm. Lakin düşünürəm ki, yoxdur. Çünki o yüksək vergi tətbiq olunandan sonra insanlar kütləvi şəkildə Türkiyə, Rusiya, Gürcüstan banklarının plastik kartlarını əldə etməyə başladılar. Və bütün onlayn ödənişləri həmin kartlar vasitəsi ilə etdilər. İndi nə olsun? Burada kim itirdi, kim qazandı?

Və yaxud...

Onlayn mərc oyunları keçirən saytların bu ilin əvvəlindən Azərbaycanda reklamı qadağan olundu. Xbet, Mostbet və digərləri azərbaycanlılara həm pul qazandırırdılar, həm də onlayn media üçün reklam qarşılığında ödənişlər edirdilər. Sonucda bu pullar hamısı Azərbaycana gəlirdi. İndi görün nə etdilər?! Birinci həmin oyunların reklamını edən media qurumlarının cərimə olunması qanunvericiliyə salındı. Özü də çox yüksək – 50 min manat məbləğində. Digər tərəfdən yerli banklar kart sahiblərinə həmin oyunlar üçün ödənişi qadağan etdi. Zopa təfəkkürü ilə.

Sonra nə oldu?! Həmin mərc oyunları keçirən şirkətlər sosial şəbəkələr vasitəsi ilə reklamlarını davam etdirdilər. İndi sosial şəbəkələrdəki hər 3 reklamdan 1-i həmin mərc oyunlarından bəhs edir. Və Azərbaycan mediasına gələsi olan pullar sosial şəbəkələrə xərclənir. Yaxşı, bunun qarşısı necə alınacaq? Axı internetin sərhədinin olmadığını nə vaxtsa dərk etməliyik.

Həmin mərc oyunlarında iştirak edənlər də  yol tapdılar. Yuxarıda dediyim qayda ilə. Başqa ölkələrin banklarının plastik kartlarından istifadə etməklə.

Dünyaya inteqrasıya sərhədləri açmaq, məhdudiyyətləri azaltmaq, imkanları genişləndirmək və xərcləri, vergiləri minimallaşdırmaqla olur. Bunlar olmasa, təkcə yuxarıda qeyd etdiyim iki hadisə ilə bağlı olduğu kimi, insanlar öncə qanuni alternativ yollar, bu da olmayanda isə Gömrük Komitəsinin yaydığı xəbərdəki kimi qeyri-qanuni yollara əl atacaqlar. Bu onlayn qaçaqmalçıların əməllərinə haqq qazandırmaq deyil. Sadəcə vətəndaşlar üçün imkanları genişləndirmək lazımdır ki, onlar ağıllarını faydalı işlər görməyə yönəltsinlər, vergidən, gömrük rüsumundan yayınmağın yolları haqda nəzəriyyələrə yox.

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!