Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Əslində, bu barədə çoxdan danışılır, lakin onun necə həyata keçiriləcəyinə dair aydın təsəvvür yoxdur. Dominos pizza
“Tədbirlər Planında 6 bölmə üzrə təxminən 50 tədbir nəzərdə tutulub. Bu tədbirlərdən biri də beynəlxalq təcrübəyə əsaslanan çevik iş vaxtı rejimi modellərinin hazırlanmasıdır”.
Bunu “Yeni Sabah”a Vətəndaşların Əmək Hüququnun Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib.
Onun sözlərinə görə, çevik iş vaxtı rejiminin tətbiqi mövcud qanunvericiliyə dəyişikliklər edilmədən mümkün olmayacaq:
“İlk növbədə, Əmək Məcəlləsində dəyişikliklər edilməlidir. Tədbirlər Planında bu məsələ ayrıca əksini tapmasa da, düşünürəm ki, sonradan əlavə və dəyişikliklər şəklində həyata keçiriləcək.

Artıq bəzi yeniliklər var, məsələn, məsafədən işlə bağlı müddəalar qəbul edilib. Ancaq çevik iş vaxtı rejimi daha fərqli hüquqi tənzimləmə tələb edir”.
Ekspertin fikrincə, ya tamamilə yeni Əmək Məcəlləsi qəbul edilməli, ya da mövcud məcəlləyə çevik iş rejimi ilə bağlı ayrıca bölmə əlavə olunmalıdır:
“Çünki müxtəlif sahələrdə əmək münasibətlərinin tənzimlənməsi fərqli ola bilər. Məsələn, qeyri-hökumət təşkilatlarında, media qurumlarında, dini təşkilatlarda və digər sahələrdə iş rejiminin özünəməxsus xüsusiyyətləri var. Bunlar ayrıca fəsillərlə tənzimlənməlidir. Lakin mövcud Əmək Məcəlləsi çərçivəsində bunu tam şəkildə həyata keçirmək çətindir.
Ənənəvi iş rejimində iş gününün başlanma və bitmə saatları, nahar fasiləsi və digər məqamlar əvvəlcədən müəyyən edilir və işçi həmin qrafikə uyğun fəaliyyət göstərir. Çevik iş rejimində isə işçinin iş qrafiki ya ümumiyyətlə tənzimlənmir, ya da qismən tənzimlənir. Burada əsas meyar işçinin iş yerində keçirdiyi vaxt deyil, yerinə yetirdiyi iş və əldə etdiyi nəticədir. Əməyin qiymətləndirilməsi də görülən işin həcmi və nəticəsi əsasında aparılır.
Məsələn, jurnalisti götürək. Onun səhərdən axşama qədər ofisdə oturması vacib deyil. Əgər gün ərzində 2 reportaj hazırlamaq tapşırılıbsa, o, səhər birbaşa hadisə yerinə gedə, materiallarını hazırlayıb elektron sistem vasitəsilə redaksiyaya göndərə bilər. Belə olan halda həm məsafədən işləyir, həm də çevik iş qrafiki ilə fəaliyyət göstərmiş olur.
Belə nümunələri artırmaq mümkündür. Ona görə də Əmək Məcəlləsinə müəyyən əlavə və dəyişikliklər etmək olar. Lakin ümumilikdə Azərbaycana müasir əmək münasibətlərinə cavab verən yeni Əmək Məcəlləsi lazımdır. Çünki hazırda qüvvədə olan, 1999-cu ildə qəbul edilmiş Əmək Məcəlləsi müasir iqtisadi münasibətləri tam tənzimləyə bilmir və ona ediləcək dəyişikliklər də bu problemi tam aradan qaldırmayacaq”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız