Kirayə pulu ödəməkdən canı qurtaran Vilyam...
05 May 2020 17:16
767

Kirayə pulu ödəməkdən canı qurtaran Vilyam...

“İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır”. 

Bu açıqlama araşdırmaçı jurnalist Həbib Müntəzirin İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin var-dövlətinin siyahısını yaymasından sonra, 2019-cu il dekabrın 22-də İcra Hakimiyyətindən verilmişdi. 

Təbii ki, bu açıqlama ictimaiyyət tərəfindən həm qınaq, həm də gülüş obyektinə çevrildi. 2004-2006-cı illərdə Göyçayın, 2006-2012-ci illərdə Samuxun, 2012-ci ildən bu günə qədər isə İmişlinin “şah”ı olan Hacıyevin “kirayədə qalması” fikrini körpə uşağa belə inandırmaq olmaz. Verilən cavab o qədər qeyri-adi idi ki, bir neçə gün sosial şəbəkələrdə ən çox danışılan mövzu oldu. 

Hətta qohumu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bu barədə kəskin açıqlama vermişdi: “O qələt edib deyir ki, guya kirayədə qalır. Bu, ağ yalandır. Hər halda onun yaxşı yaşaması üçün normal şəraitli evi var. O bədbəxt və onun-bununçün işləyən adamdır”. Hafiz Hacıyevin də dediyi kimi bu, ağ yalan idi. Və bu yalana heç kim inanmadı. 

O ərəfədə icra başçılarının həbsi başlamış, çoxlarının “kürkünə birə düşmüşdü”. Vilyam Hacıyevin var-dövlətinin siyahısı yayılandan sonra “baxın mən kirayədə qalıram, heç nəyim yoxdur” deməklə özünü sudan quru çıxarmağa çalışması elə o zaman da, bu gün də fiaskoya uğradı. Adı kimi açıqlaması da qeyri adi olan Vilyam Hacıyev də radara düşdü. DTX-nın bu gün keçirdiyi əməliyyatı ilə icra başçısı və onun ətrafında olan rüşvətxor məmurları tutuldu. İmişlidə Vilyam Hacıyev erası da belə başa çatdı. 

Görünən odur ki, Prezidentin son zamanlar tez-tez təkrar etdiyi “Heç bir məmur toxunulmaz deyil” fikrini hələ də qulaqardına vuranlar var. Dövlət başçısı hər dəfə həbs olunan icra başçıları barəsində danışanda digərlərinə də xəbərdarlıq edir ki, vicdanlı işləməsələr, xalqı incitsələr onları da eyni aqibət gözləyir. Ancaq hələ də özünü “dağın başına qoyan” məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmaq əvəzinə rüşvətxor əməllərinə davam edirlər. 

Amma atalar demişkən – deyəsən, bu xına o xınadan deyil. Hər halda həbs olunan icra başçılarının sayı və bütün bunların qısa zaman ərzində baş verməsi bizə bunu deməyə əsas verir. Sadə vətəndaşdan tutmuş, deputatlara qədər hər kəs korrupsiyaya qarşı bu mübarizəni dəstəkləyir, alqışlayır. Qara maskalı oğlanın onların rayonlarına gəlməsini diləyənlər, sosial şəbəkələrdə çağırış edənlər artıq kifayət qədərdir. Dövlətin koronavirusa başı qarışdığını düşünən icra başçıları isə “şah”lıq etməyə davam edir. Yəqin ki, davam edənlərin də sonu Vilyam Hacıyev kimi olacaq. Təki belə olsun, xalqı incidən məmurlar layiqli cəzalarını alsınlar. 

İmişlinin icra başçısı üçün “kirayədə qaldığı mənzil”i həbsxananın dörd divarı əvəz edəcək. Bir tərəfdən baxanda dövlət “kasıb” Vilyam üçün yaxşılıq etdi. İndi Hacıyev kirayə pulu ödəməyəcək...

Mətləb Qurbanov

 

Oxşar xəbərlər