Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Kitab haqqı...
08 İyn 2021 10:45
3479

Kitab haqqı...

Biz yer üzündə bəlkə də yeganə toplumuq ki, kitaba and içirik. Bu, əsrlər boyu bizim altşüurumuza oturmuş bir inancdır. Kitab müqəddəsdir. “Kitab haqqı” deyənlərin bəlkə də böyük əksəriyyəti heç bilmir ki, burada müqəddəs kitabımız “Qurani-Kərim” nəzərdə tutulur. Ona görə də bizim üçün təkcə dinimizin müqəddəs kitabı deyil, bütün kitablar əzizdir. Əziz olmasa belə, ən azından cəmiyyət olaraq kitaba düşmən kimi yanaşma üstünlüyü yoxdur. Hər bir kitab istənilən halda informasiya mənbəyidir.

Biz istəsək belə, nasist ola bilmərik. Tarix boyu kitab düşməni olan ordular və dövlət rəhbərləri olub. Onların sonuncusu nasistlər idi. İndi də tək-tək və lokal olaraq kitablara qarşı neqativ davranışlarla bağlı xəbərlərə rast gəlmək mümkündür. Məsələn, bir neçə il əvvəl Azərbaycanda bir qrup şəxs Əkrəm Əylislinin kitablarını nümayişkəranə şəkildə od vurub yandırdı. Bu, bizim üçün böyük bir ayıb idi. Bakının mərkəzində erməni kilsəsini təmir etmək və qorumaqla tolerantlıq nümunəsi olduğunu dünyaya nümayiş etdirən toplum öz yazıçısının kitablarına qarşı vandal münasibəti göstərməməli idi deyə düşünürəm.

Hazırda sosial şəbəkə və media iki gəncin “Əli və Nino” mağazasından oğurluq hadisəsindən danışır.

Oğurluq çox pis hərəkətdir. Fərqi yoxdur kiminsə toyuğunu, danasını, kitabını və yaxud da dövlətin büdcə vəsaitlərini çırpışdırırsan. Hətta fikir və düşüncə oğurluğu belə çox iyrənc görünür.

Hadisədən sonra mağazanın rəhbərliyi bu 55 manat 90 qəpiklik oğurluqla bağlı polisə müraciət edib, polis həmin gəncləri tapıb, foto və videolarını çəkərək bütün ölkə və dünya ilə bir edib. İndi aydınlar, cəmiyyət bu iki gəncin müdafiəsinə qalxıb. Ki, bu qədər kiçik bir hadisəyə görə iki cavana belə bir böyük stress yaşatmağa dəyərdimi? 

“Əli və Nino” təbii ki, ya kitabları, ya da onun pulunu geri aldı. Biznes maraqlarını qorumaq, dəymiş zərərin kompensasiya olunmasına görə mağaza rəhbərliyinə heç kim irad tuta bilməz. Bu onun haqqıdır. Amma görək, mağazanın 55 manatın davasını edən rəhbərliyi bu addımı ilə illərlə qurduğu biznesə hansı dərəcədə zərər vurduğunun fərqindədirmi. Mən kitab mağazasının əleyhinə danışmaq niyyətində deyiləm. Sadəcə bu yazını yazarkən sonuncu dəfə “Əli və Nino”dan hansı dəyərdə kitab aldığıma baxdım: 77 manat 89 qəpik. Mən indi bu hadisədən sonra yenidən həmin mağazadan kitab alıb almamaqla bağlı tərəddüd edirəm. 

Nigar Köçərli nəzərə almalı idi ki, oxucu (onun üçün isə müştəri) çox dəyişkəndir. İndi Azərbaycanda kitab biznesi alternativsiz deyil. 10-15 il əvvəl o qədər də çox seçim imkanı yox idi, amma indi alternativlər çoxdur. O, biznesini düşünürdüsə, tamam başqa addım atmalı idi. Necə? Bir misalla deyəcəm...

Zabrat qəsəbəsində bir mağaza var. İllər əvvəl kiçik bir köşk boyda idi. İndi 7 mərtəbəli Ticarət Mərkəzidir. Bu mağazanın sahibi bir gün bir qadının mağazadan kolbasa və çörək oğurladığını görür. Heç bir şey demədən onu izləyir və ünvanını öyrənir. Ardınca o qadına bir ay bəs edəcək ərzaq səbəti göndərir. Nəticə bilirsinizmi necə oldu? Həmin balaca mağazanın yerindəki ticarət mərkəzi nəticədir... 

Məncə, kitab işi ilə kitabı və həm də kitab oxuyanları sevən şəxslər məşğul olmalıdır. 

Elnur Məmmədli

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər